10983579_412519555599874_3940460926476720120_n

Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda anadan olmuşdur. 1976-1986-cı illərdə Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1990-1995-ci illərdə ADPU-nun filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc müəllim” qəzetinin ədəbi işçisi (1991-1994), universiteti bitirdikdən sonra məsul katibi 1994-2000), baş redaktoru (2000-2007) vəzifələrində çalışmışdır. O, həmçinin 1996-1997-ci illərdə “Zaman” qəzetinin məsul katibi, 1999-cu ildə “Azərbaycan mübarizləri” qəzetinin baş redaktoru kimi jurnalistik fəaliyyət göstərmişdir. “Gənc müəllim” qəzetində fəaliyyət göstərdiyi halda, ADPU-nun “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasında 0,5 ştat müəllilm vəzifəsində çalışmağa başlamışdır. 2003-cü ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının müəllimi, 2008-ci ildən baş müəllimi, 2011-ci ildən həmin kafedrasının dosentidir. 2014-2015-ci tədris ilindən başlayaraq “Dünya ədəbiyyatı” kafedrasının tam ştat dosentidir. T.Rəhimli 2004-cü ildə “Kamal Talıbzadənin yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2011-ci ildə dosent seçilmiş, 2012-ci ildə Dosent attestatı almışdır.

Turan təxəllüsü ilə şeirlər yazan Təranə Yusif qızı Rəhimlinin yaradıcılıq fəaliyyəti elmi, bədii və publisistik istiqamətləri əhatə edir. Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələrlə çıxış etmiş, bədii qiraət üzrə müsabiqələrin iştirakçısı və qalibi olmuşdur. ADPU-nun filologiya fakültəsinin birinci kursunda təhsil alanda ilk dəfə şeirləri Akif Səmədin təqdim sözü ilə “Gənc müəllim” qəzetində dərc edilmişdir. Daha sonra ustadı hesab etdiyi Xalq şairi Hüseyn Arifin təqdimatıyla “Ozan”, Cavad Cavadlının təqdimiylə “Azərbaycan müəllimi” qəzetlərində işıq üzü görmüşdür. Müxtəlif illərdə şeir və publisistik, elmi məqalələri Azərbaycanda “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Millət”, “Aydınlıq”, “Zaman”, “Kredo”, “Ulduz”, “Azərbaycan”, “Azərbaycan qadını”, “Xalq qəzeti”, “Respublika”, “168 saat”, “Ədalət” və s. dövri mətbuat orqanlarında, Türkiyədə “Kardeş kalemler”, “Mora Kültür Sanat Aktüalite”, “Tarih ve düşünce”, “Akdeniz posta” və s. dərgi və qəzetlərdə, “KİBATEK bülteni”ndə, “Güldeste (20 ülkenin şairleri)”, “Türk dünyası şairleri antolojisi”, “Nevruz çiçekleri” ve s. şeir toplularında çap olunmuşdur. Elmi və publisistik məqalələri Türkiyə, İran, Yunanıstan, Rusiya, Ukrayna, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrdə nəşr edilmişdir.
Hələ tələbəlik illərində “Qar çiçəyi”, “Addımlar” (ADPU) ədəbi birliklərinin yaradıcılarından, Dünya Gənc Türk Yazarlar Birliyinin təsisçilərindən, ilk və ən fəal üzvlərindən biri olmuş, “Qar çiçəyi”, “Addımlar” adlı poeziya almanaxlarının tərtibində və nəşrində bilavasitə iştirak etmişdir. T.Rəhimli 1992-ci ildən Azərbaycan Aşıqlar Birliyinin /poeziya şöbəsi üzrə/, 1994-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1998-ci ildən Dünya Gənc Türk Yazarlar Birliyinin, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, 2007-ci ildən Türkiyədə Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Quruumunun, 2013-cü ildən Türkiyədə Avrasiya Sənət Kültür Ədəbiyyat Dərnəyinin üzvüdür.
O, respublikanın mötəbər ədəbi, elmi tədbirlərində Azərbaycan gəncliyini ləyaqətlə təmsil etmiş, 1997-ci ildə prezident iqamətgahında ölkə başçısı Heydər Əliyevin gənc yazıçılarla görüşünün iştirakçısı olmuş, burada ədəbi gəncliyin inkişafına dair konkret təkliflərlə çıxış etmiş, Azərbaycan Yazıçılarının X Qurultayına, Azərbaycan Qadınlar Qurultayına nümayəndə seçilmiş, həmin tədbirlərdə məruzə və çıxışlar etmişdir.
Təranə Turan Rəhimli 20-dan artıq elmi, bədii və publisistik kitabın redaktoru, ön söz müəllifi və rəyçisi olmuşdur. T.Rəhimli görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadənin elmi fəaliyyətinə həsr olunmuş “Böyük nəslin layiqli yadigarı” (ADPU nəşriyyatı, 2002, 115 səh.) adlı monoqrafiyanın, “Dərdin pıçıltısı” (ADPU nəşriyyatı, 2007, 160 səh.) adlı şeirlər kitabının, “Ədəbiyyat və tənqidin yaradıcılıq problemləri” (“Avropa”, 2008, 252 səh.) adlı dərs vəsaitinin, “Sevgimden tanıyacaklar” (Türkiyə/İzmir, “KİBATEK Yayınları”, 2013, 160 səh.), “Sana yazmadığım şiir” (Türkiyə/Ankara, “Sahil Kitap”, 2013, 85 səh.) adlı şeir kitablarının, eləcə də ali məktəblərdə bakalavr hazırlığı üçün “Şərqi slavyan xalqları ədəbiyyatı”(2010), “Ədəbi tənqid tarixi”(2011), “Şərqi slavyan xalqları və Qərb ölkələri ədəbiyyatı”(2015), magistr hazırlığı üçün “Xarici ölkə xalqları ədəbiyyatının müasir problemləri”(2011), “Yeni dövr dünya ədəbiyyatı” (2011), “XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Avropada ədəbi proses” (2015) adlı fənn proqramların müəllifidir. 100-dən artıq elmi-nəzəri məqaləsi, 200-dək oçerk və publisist yazısı dərc olunmuşdur. Monoqrafiya və şeir kitablarının Antalyada, İzmirdə və Bakıda təqdimat mərasimləri, imza günləri keçirilmişdir.
Təranə Turan Rəhimli ölkəmizin hüdudlarından kənarda da Azərbaycan filologiya elmini ləyaqətlə təmsil etmişdir. Dəfələrlə Türkiyə Cümhurityyətinin İstanbul, İzmir, Antalya şəhərlərində, eləcə də Rusiyanın Nalçik, Qırğızıstanın Bişkek şəhərlərində keçirilən tədbirlərə, Beynəlxalq konfrans və ədəbiyyat şölənlərinə, festivallara qatılmış, həmin tədbirlərdə məruzə və çıxışları maraqla qarşılanmış, mükafatlara, fəxri fərmanlara layiq görülmüşdür. Həmin tədbirlər sırasında Kıbrıs, Balkanlar, Avrasiya, Türk ədəbiyyatları Qurumunun (KİBATEK) 30-cu Uluslararası Ədəbiyyat Şöləni (İzmir/Türkiyə, 7-11 dekabr 2012), Türkiyə Cümhuriyyəti Gediz Universitetində Beynəlxalq Ədəbiyyat Paneli (İzmir/Türkiyə, 10 dekabr 2012), KİBATEK-in 31-ci Uluslararası Ədəbiyyat Şöləni (İstanbul/Türkiye, 23-27 may, 2013), Uluslarası Türkçe ve Türk Ədəbiyyatları Simpoziumu, (Okan Universiteti, İstanbul/Türkiye, 26-28 may 2013), I Uluslarası Türk Ədəbiyyatları Buluşması (Türkiyə/Antalya, 16-18 noyabr 2013), KİBATEK-in 33-cü Uluslararası Ədəbiyyat Şöləni, Türkiyə/İzmir, 6-10 dekabr 2013), Türkiyə Cümhuriyyəti Yaşar Universitetində Beynəlxalq Ədəbiyyat Paneli (Türkiyə/İzmir, 14 dekabr 2013), X.M.Berbekov adına Kabardin-Balkar Dövlət Universitetində “Dil, mədəniyyət – müasir multi-etnik məkanda etiket” mövzusunda III Beynəlxalq Konfrans (Nalçik/Rusiya, 18-20 oktyabr, 2013), İ.Arabayev adına Qırğızıstan Dövlət Universitetində “İdrak dilçiliyində yeni paradiqmalar” mövzusunda Beynəlxalq Konfrans (Bişkek/Qırğızıstan, 4-5 iyul 2014) və s. qeyd etmək olar.
T.T.Rəhimli 2007-ci ildə «Qafqaz Media» İctimai Birliyinin H.Zərdabinin 170 illik yubileyi və Milli Mətbuat günü münasibətilə keçirdiyi «Qələm» müsabiqəsində fəxri fərmanla təltif edilmiş, 2007-ci ildə ADPU-da apardığı imtahan və məqbulların yüksək faiz göstəricisinə görə fakültə dekanlığının təşəkkürnaməsini almışdır. 2009-cu ildə Yeni Yazarlar və Sənətçilər Qurumunun «İlin elmi kitabı» IX Bakı Kulturoloji Mükafatını, 2012-ci ildə Türkiyədə Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumunun fəxri fərmanını, Dünya Axıska Türkləri Birliyinin fəxri fərmanını, TC Gediz Universitetinin fəxri fərmanını, İzmir Konak bələdiyyəsinin rəsmi təşəkkürünü, 2013-cü ildə TC Avrasiya Sənət, Kültür, Ədəbiyyat Dərnəyinin fəxri fərmanını, İstanbul Tuzla bələdiyyəsinin fəxri fərmanını, Dünya Gənc Türk Yazarlar Birliyinin Beynəxalq Bakı Toplantısında “Türk Dünyasına Xidmət Ödülü”nü, KİBATEK-in fəxri fərmanını, TC Okan Universitetinin fəxri fərmanını və rəsmi təşəkkürünü, 2014-cü ildə TC Yaşar Universitetinin fəxri fərmanını və rəsmi təşəkkürünü, 2014-cü ildə Türkiyə Aktivist Sənətçilər Birliyinin Beynəlxalq Akif Səməd ödülünü almışdır. Hazırda prezident təqaüdçüsüdür.
Eyni zamanda, Azərbaycanda keçirilən Beynəlxalq Elmi Konfransların – I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumunun (2012), “Yaşayan Yunus Əmrə” Beynəlxalq Konfransının (2013), “Türk dünyasını işıqlandıranlar: Mehmet Akif Ərsoy və Hüseyn Cavid” Beynəlxalq Konfransının (2013), “Dünyada türkce” Uluslarası Simpoziumunun (2013, İstanbul) “Azərbaycanşünaslığın aktual problemləri” Beynəlxalq konfranslarının (2014, 2015), Gənc tədqiqatçıların II Beynəlxalq Elmi Konfransının (2015) və s. elmi tədbirlərin çoxsaylı təşəkkürnamə və sertifikatlarını almışdır.
Təranə Turan Rəhimli hazırda “1960-1970-ci illər Azərbaycan nəsri ədəbi tənqiddə” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Eyni zamanda, Türkiyə ədəbiyyatı, Batı Trakya ədəbiyyatı, çağdaş Azərbaycan ədəbi tənqidi, rus ədəbiyyatı və Qərb ölkələri ədəbiyyatlarına dair araşdırmalar aparır, məqalələr dərc etdirir.
T.Rəhimli ADPU-nun filologiya fakültəsinin magistratura və bakalavriat pillələrində müxtəlif fənlərdən – Azərbaycan ədəbi tənqidinin tarixi, Qərb ölkələri ədəbiyyatı, Şərqi Slavyan xalqları ədəbiyyatı, Müasir Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatlarından mühazirələr aparır. O, tələbə-gənclərin elmi işə marağının artması yönümündə də təbliğati işlər görür, onların Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi tədbirlərdə təmsil olunmasına köməklik göstərir, hazırladıqları məruzə və tezislərə elmi rəhbər qayğısını əsirgəmir. T.Rəhimlinin elmi potensialı onun daha ciddi tədqiqatlar üzərində işləməsinə şərait yaradır. O, Batı Trakya türkləri ədəbiyyatının, Azərbaycan ədəbi tənqidinin və bədii nəsrinin müxtəlif problemlərinə dair tədqiqatlar üzərində səylə işləyir, həmin məsələləri işıqlandıran elmi məqalələrini müntəzəm olaraq dövrü mətbuat orqanlarında nəşr etdirir.
Təranə Turan Rəhimlinin ədəbi-elmi fəaliyyəti haqqında ədəbiyyatımızın bir sıra görkəmli nümayəndələri – akademik Kamal Talıbzadə, xalq şairi Hüseyn Arif, Nüsrət Kəsəmənli, Oqtay Rza, Akif Səməd, Cavad Cavadlı, professorlar Himalay Qasımov, Abbas Hacıyev, Təyyar Salamoğlu, Əzizxan Tanrıverdi, ədəbiyyatşünas Vasif Novruzov, Səkinə Bayramova, Leyla Faiqqızı, Elnarə Həsənova və başqaları, eləcə də Türkiyəli ədəbiyyatşünas, İzmirdə Dokuz Eylül Universitetinin müəllimi Fəyyaz Sağlam, Oksford televiziyasının əməkdaşı, yazıçı-publisist və araşdırmaçı Annaquli Nurmuhammed, Axıskalı ədəbiyyatşünas, TC Bursa Universitetinin dosenti Minara Aliyeva və b. yüksək fikir və rəylərini bildirmiş, onun yaradıcılığına dair müxtəlif mətbuat orqanlarında məqalələr dərc etdirmişlər.

“Topxanadakı sükut” (Hekayə)

Şəhər arxada qaldıqca atışma səsi də getdikcə uzaqlaşır, qəribə boğuq bir uğultuya dönürdü. Qadın meşənin dərinliklərinə doğru tələsir, orada sanki hər cür təhlükədən uzaq olacağına inanırdı. Köksünə bərk-bərk sıxdığı körpəsini düşmən gülləsindən qorumaq üçün var gücüylə qaçırdı. Meşənin sinəsinə doğru uzanan torpaq yol çoxdan başa çatmışdı. İndi hara gəldi qaçır, hər beş addımdan bir ağaclarla toqquşur, səmtini dəyişir, yenə də Topxananın yuxusu qaçmış sakinləri – ağaclar yolunu kəsirdi. Birdən elə yerə gəlib çatdı ki, meşənin bu qədər sıxlığında necə hərəkət edəcəyini bilmədi. Sanki bir anlıq düşünmək qabiliyyətini itirdi. Hər tərəf ağacdı. Alaqaranlıqda ağaclar səltənətinin arxasında sıx kolluq vardı. Kolluğa sarı addımladı. Topxana meşəsinə “qu” desən qulaq tutulan ağır bir sükut çökmüşdü. Addımlarının xəzəlləri xışıldadan səsi bu sükutda daha aydın eşidilirdi. Öz addımlarının səsindən hürkdü, bu səsin onu ələ verəcəyindən ehtiyatlandı. Dayandı. Ürkək-ürkək ətrafa göz gəzdirdi, yerində dövrə vurdu. Lakin gözlənilmədən arxadan, kolluqdan uzanan bir əl qolundan yapışdı, başqa bir əl ağzını qapayıb onu kolluğun içinə dartdı. Qorxudan içində nəsə qırıldı. Ürəyi parça-parça olub ayağının altına düşdü sanki. Bu an körpəsini əlindən alacaqlarmış kimi özünə daha bərk sıxdı. Qəfil qulağında hiss etdiyi istilik doğma ana dilində pıçıldadı:
– Qorxma, bizimkilərdi. Sakit dur, ağzını açıram. Səsin çıxsa, hamını ələ verəcəksən.
Kobud, cadar-cadar kişi barmaqları yavaş-yavaş açıldı. Əlin var gücüylə sıxdığı ağzının kənarlarında keylik və ağrı hiss etdi. Ətrafında xeyli kişi, qadın və uşaq gördü. Qadınlar və uşaqlar kişilərə nisbətən çox idi. Amma deyəsən ən az yaşlı uşaq onunkuydu. Körpənin üzünə baxdı, gözləri işıldayırdı, ana isə onu yatmış bilirdi. Mat qaldı, oyaq ola-ola səsi belə çıxmamışdı. Həmişə yuxudan duranda ağlayardı. Sanki baş verənləri altı aylıq körpə də sövq-təbii hiss edirdi. Sakitcə baxır, hər zamankı vərdişini, oyanınca süd istəmək “fəryadını” yadırğamış kimi görünürdü.
Kolluqla əhatə olunmuş talada idilər. Kolluq o qədər sıxdı ki, sanki meşənin ortasında hörülmüş divar kimi onları yad gözdən qoruyurdu. Düşmən təqibdə idi. Az keçmədən erməni dilində sözlər gəldi qulaqlarına. Heç birini başa düşmədilər. Amma səslər çox qəzəbli, amansız idi.
– Axtarın! Uzağa gedə bilməzlər. Köpək uşağı, birinizi də sağ buraxmaram… – bu sözləri isə pozuq ləhcə ilə bizim dilimizdə dedilər.
Böyüklər səsi çıxmasın deyə uşaqların ağzını yummuşdular. Gənc qadın da qorxunun təsiriylə körpəsinin ağzını özü də bilmədən elə bərk qapamışdı ki, uşaq tez-tez başını bulayıb onu sıxan bu məngənədən xilas olmağa çalışırdı. Lakin əl getdikcə daha bərk sıxılırdı. Uşaq başını tərpətməkdən yorulub dinc dayandı. İndi hər səs, hər hərəkət, duyulacaq nəfəs belə ölüm demək idi. Hamı nəfəsini içinə çəkib təhlükənin haçan sovuşacağını gözləyirdi. Kimi ayaq üstə, kimi yerdə oturulu vəziyyətdə donub qalmışdı. Kimsənin tükü belə tərpənmirdi. Arabir səslər kolluğa qədər gəlib dirəndi. Hamının ürəyi ağzına gəldi. Amma Allahdan ipləri üzülməyibmiş. Bir səs inandırıcı ahənglə burda kimsənin olmadığını dedi və onları meşənin başqa səmtinə baxmağa yönəltdi. Ölüm saçan səslər və addımlar uzaqlaşdı. Hamı nəfəsini dərdi. Uşaqlar ağızlarını qapayan dəmir barmaqların cəngindən qurtuldu. Lakin yenə də qorxudan kimsə danışmırdı.
Ətraf o qədər sakitlikdi ki, soyuq axşam küləyinin tərpətdiyi yarpaqların səsi apaydın eşidilirdi. Qadın hələ də körpənin ağzını bərk-bərk tutmuşdu. Uşağın gözləri yumulu idi. Ana körpənin bu gərginlikdəki rahat yuxusuna sevundi. Əlini onun ağzından çəkdi. Kişilərin əli yalın, silahsız olduqları üçün hirsindən qaraldığı, qadınların qorxu və çarəsizlikdən bütün vücudunun əsdiyi vaxtda yeganə yol səssiz, ehtiyatla irəliləmək idi. Sonra nə baş verəcəkdi? Dəstə yoluna davam edirdi. Meşənin qurtaracağında xilasedici helikopterin onları gözlədiyindən xəbərləri belə yoxdu. Artıq hava tam qaralmışdı. İrəliləmək nə qədər çətin olsa da qaraltıları sezmək mümkün idi. Ağlı kəsən uşaqlar qorxa-qorxa hərdən bir pıçıltıyla soruşurdular: – Çatmırıq? Sual isə hər dəfə havadan asılı qalır, ya da “Sus!” nidası ilə cavablanırdı. Çünki bu sualın cavabını kimsə bilmirdi.
Meşənin qurtaracağına çatdılar, bəlkə də ömrün sonuna, yaxud əksinə, təzə həyatın başlanğıcına, bunu da kimsə bilmirdi. Açıqlıqda, düzün ortasında helikopteri görüncə, əvvəl duruxdular, sonra qapısında dayanan əsgərin doğma ana dilində kəlmələrinə, səsinə doğru qanadlandılar. Qaçmağa yox, hamı helikopterə sarı uçmağa başladı. Gənc ana sanki mələk qanadları taxdı, hamıdan tez helikopterə yetişdi. Əsgərlərin köməyilə kəndir nərdivanla qalxdı. Oturub yerini rahlayandan sonra körpənin üzünə baxdı, uşaq hələ də yatırdı, yol boyu heç oyanmamışdı deyəsən. Əliylə körpənin üzünü sığalladı: – Can bala, donmusan – dedi – Şükür, biz salamatıq, yazıq atan… – sözünün ardını gətirə bilmədi, əsir düşmüş ərinin aqibətini düşününcə göz yaşlarına boğuldu, ürək yandıran hönkürtüylə ağladı. Sonra uşağını oyatmaqdan ehtiyatlandığı üçün səsini içinə çəkdi. Amma uşaq daş kimi yatırdı. Nə helikopterin pərlərinin uğultulu səsi, nə də təlaşla içəri doluşan adamların hay-küyü uşağı oyatmadı. Ana körpənin ağaran bənizini sanki indi gördü. O, nəfəs almırdı. Bədəni bərkiyib qıc olmuşdu. Heç bir əzası tərpənmirdi. Körpə keçinmişdi. Ana düşməndən qorumaq üçün sinəsinə sıxdığı, ermənilər duyuq düşməsinlər deyə səsi çıxmamaq üçün ağzını bərk-bərk qapadığı körpəsini bilmədən öz əliylə qətl etmişdi. Təlaşdan, qorxudan körpənin burnunu da qapamış, o havasızlıqdan boğulmuşdu. Havaya qalxmaqda olan helikopterdən tükürpədici qışqırıq səsi gəldi. Bu səsdən Topxana meşəsinin sükutu diksindi.
Mənzil başına çatanda əsgərlər cəsədi basdırmaq üçün ananın qucağından zorla qoparıb aldılar. Dərdli qadının sanki dili tutulmuşdu. Nə ağlayır, nə də dinib-danışırdı.
O vaxtdan illər ötmüşdü. Qarabağ uğrundakı müharibə bitməsə də, qanlı döyüşlər atəşkəslə ara vermişdi. Cəbhə bölgəsində tez-tez atəşkəsi pozsalar da, şəhidlər verməkdə davam etsək də, Bakıda sakitlikdi. Şəhərin küçələrində bir qadın hər gün səhər tezdən harasa tələsir. Sağ əli biləkdən kəsilmiş (deyilənə görə əli çörək zavodunda dəzgahın altında qalıbmış, amma təsadüfmü, qəsdmi, kimsə bilmirdi, bu, bir vaxt körpəsinin ağzını qapayan əl idi), qara saçları vaxtsız ağarmış, bütün görkəmindən qəm-kədər yağan dərdli bir qadın sübh çağı sükuta qərq olmuş küçələrlə pay-piyada yola çıxır. Axşamadək gah metroya tələsir, gah avtobus dalınca qaçır, axtardığı ünvana çata bilmir ki, bilmir. Axşam qaranlıq düşəndə kor-peşman evə – köçkünlərin sığındığı tələbə yataqxanasına dönür.
Ağlını itirdiyi üçün hamının halına acıdığı bu qadın hələ uzun illər, bəlkə də ömrünün sonunadək müharibənin əlindən aldığı sevgisi, doğmaları, yeganə ümidi və son pənahı olan körpəsi, gəncliyi, gözəlliyi, bəxtəvərliyi üçün hər gün beləcə yola çıxacaqdı. Hər gün gəzib-dolanıb yorulacaqdı, kor-peşman geri dönəcəkdi. Amma itirdiyi səadət geri dönməyəcəkdi. Çox uzaqlarda qalan Topxana meşəsinin dərin sükutu bəlkə əsrlərlə bu qadının ölən dünyasına yas saxlayacaqdı.