11350118_639856669492376_689212916_n

(Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!)

Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi…
Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış və mühasirəyə düşmüşdü. Ancaq, yaxşı döyüşçüydü. Xeyli düşmən məhv edərək xilas olmuşdu.

Bir az da getsə təpəni aşacaqdı. Birdən ayağı altında nəsə xırçıldadı. Dərhal bunun mina olduğunu anladı. Ayağını qaldırdığı anda partlayacaqdı. Süngü bıçağı çıxardı. Ətrafa göz gəzdirdi. İri bir daş axtarırdı. Belə vəziyyətə əvvəllər də düşmüşdü. Bıçağı ayağı ilə minanın arasına keçirir, sonra bıçağın sapı üzərinə ağır daş qoyaraq ayağını çəkirdi. Mina basılı qaldığından partlamırdı. İndi də belə edəcəkdi. Lakin, yaxınlıqda daş yox idi. Çıxış yolu fikirləşdi. Alt tərəfdə dərin xəndək vardı. Qərəra gəldi ki, qəflətən xəndəyə sıçrasın. Belədə xilas olmaq şansı vardı. Birdən gözü cığırın kənarındakı çiçəyə sataşdı. Xarı bülbül idi…
Düşündü…
Bütün həyatı kino lenti kimi gözləri önündən keçdi…
…Bir dəfə dərsdən qaçaraq parta yoldaşı uzun hörüklü qız üçün bir dəstə dərmişdi bu çiçəkdən. Onun sevinəcəyini düşünmüşdü. Lakin, hörüklü qız ona yalvararaq daha Xarı bülbülü dərməməyi xahiş etmişdi. Demişdi ki, onsuz da kədərlidir bu çiçəyin taleyi. Qurban olum, dərmə bir də Xarı bülbülü. Harda görsən qoru. Qoy yaşasın. Bizim dağların gözəlidi Xarı bülbül!
Nə etməli!?! Xəndəyə sıçrasa mina partlayacaqdı, Xarı bülbül də məhv olacaqdı!
Aşağı əyildi. Bıçağı ayağı ilə minanın arasına keçirdi. Sonra əli ilə sapından möhkəm basaraq sinəsi üstə minanın üzərinə çökdü. Ehmalca qıvrılaraq sol əlini uzadıb yarasının sarğısını açdı. Qan axmağa başladı. Xeyli beləcə davam etdi. Göz qapaqları qapandı. Gülümsündü. Zorla gözlərini açaraq:
– Sən yaşa, dağlar gözəli! Ömrüm sənin olsun !-dedi.