10488853_1448886432044495_115390713_n

Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə,
“Nolar ay nənə mənə, nağıl danış”- deyəydim.
Elə ki başlayardı, nağılı danışmağa,
Danışıb bitirməmiş, mən yuxuya gedəydim.

Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə,
Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım.
Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi,
Mən özümü dünyanın, ən xoşbəxti sanaydım…

Kaş ki uşaq olaydım, dərsimdən beş alanda,
Ucalaydı sevincim, mənim ulduza, aya.
Anam bağrına basıb, saçımı oxşayaydı,
Sonra “afərin” deyib, öpəydi doya-doya…

Kaş ki uşaq olaydım, yaşımdan böyük olan,
Sualları verərək böyükləri yoraydım.
Gah alim, gah müəllim, gah da ki professor
Olacağam deyərək, fikir, xəyal quraydım…

Kaş ki uşaq olaydım, ondakı sevincimin,
İndi heç nə verməyir, zərrəcə yerini də.
Təəssüf ki zamanı, qaytarmaq olmur geri,
Tapmaram o günlərin, heç zaman birini də…

Kaş ki uşaq olaydım, neynirdim böyüməyi,
Daim xatırlanırmış yaşa dolduqca keçmiş…
Kaş ki uşaq olaydım, böyüdükcə anladım,
İnanın ki böyümək, vallah bir şey deyilmiş…