SƏNƏ YAZMADIĞIM ŞEİR
Anama
Sənə yazmadığım şeir
Yıxacaq içimdə məni.
Öləndə ruhuma dolub
Çıxacaq içimdən mənim.
Boynumda haqq gedəcəyəm,
Bu torpaq, daş bilməyəcək.
Qoynunda sevgi tapdığım
O yaz, o qış dönməyəcək.
Yerə girəcək gözümdə
Dost-tanışın dönük üzü.
Axtaracaq məndən sonra
Ruhum sənə layiq sözü.
Sənə yazmadığım şeir
Gizlicə enəcək qəbrə.
Sən də ağlamayacaqsan
Doğulmayıb ölən şeirə.
ŞAİRLƏR
Adil Mirseyidi itirdik…
Min il özünə yol gəlir
Özünü bilənə kimi.
Yüz kərə dirilib ölür
Əcəli gələnə kimi.
Hörümçək kimi tor qurur,
Torunu içinə yığır.
Nə dərd var sinəyə çəkir,
Tüstülənib şeir çıxır.
Dağnan, bulaqnan dərdləşir,
Sıxır qayanın əlini.
Daşa danışmaq öyrədir,
Bilmir kor bəxtin dilini.
Allahın gözü üstündə,
Qəlbində Allah işığı.
Qocaldır, böyütmür Allah
İçindəki saf uşağı.
Sözündən asılıb ölür,
Qoymur sözü boğulmağa.
Bezib köhnəlmiş ömürdən
Ölür təzə doğulmağa.