profil
Şair-publisist, respublikanın Əməkdar jurnalisti

Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah

Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim ucbatından gözlərimin tez-tez dolması səbəbindən və bu da ciddi iş rejimində çalışan, gün ərzində müxtəlif insanlarla ünsiyyətdə olan məsul bir adam üçün məqbul sayılmadığından növbəti məzuniyyətimi götürəsi oldum. Bu gün bir həftədir ki, məzunuyyətdəyəm. Həmişəki kimi səhər tezdən oyanmışam. Xəstəni Bakıya, ailənin diər üzvlərini də elə həmin mərkəzə xəstə üçün qan verməyə göndərdim. Özüm də ürəyimin nisgilinə, könlümün qübarına qısılaraq evdən çıxdım. Darmadağın düşüncələr içərisində bir də gördüm ki, şəhərimizdə hamının tanıdığı Göyərçin abidəsinin önündə¬yəm. Yenicə boy göstərən günəşin şəfəqləri Xəzərin dalğaları qoynunda ləngər vuraraq əsrarəngiz bir mənzərə yaratmışdı. Göyərçin abidəsinə nəzər saldım, ürəyimdən ilk keçən hiss bu oldu: “Sülh, əmin-amanlıq, qəmdən-kədərdən, ağrıdan-acıdan uzaq bir ömür yaşaya bilmək nə gözəl şeymiş, İlahi.”

Artıq hara gedəcəyimi müəyyənləşdirmişdim. İnsanin belə bir məqamda üz tutacağı, təsəlli tapa biləcəyi yer “Şəhidlər xiyabanı”ndan başqa hara ola bilərdi ki?! Beləcə yön aldım bu müqəddəs məkana. Buraya davamlı olaraq gəlsəm də bu dəfəki yanaşmam başqa bir prizmadan idi. Öncə “Xocalı soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət etdim. Fevral ayının şaxtalı-çovğunlu gecəsi, bu müdhiş gecədə güllələnən, min bir işgəncələrlə qətlə yetirilən, qaçıb canlarını qurtarmaq istəyərkən dağlarda, meşələrdə donaraq ölən və nəhayətdə əsir götürülən, taleləri bu gündə məlum olmayan insanlar gəldi gözlərimin önünə. Bu XX əsr dünya tarixinin ən qanlı hadisələrindən biri, azərbaycanlılara qarşı əsl soyqırımı siyasəti idi mənə görə.
Sonra şəhidlər kompleksi abidəsinin və əbədi məşəlin önündə dayandım. Məşələ nəzər salanda gözlərim önündə bir neçə gündən sonra vətənimizin və ürəklərimizin paytaxtı olan Bakı şəhərində alovlanacaq I Avropa Oyunlarının məşəli canlandı. Fikirləşdim ki, vətənimizdəki bu sabitliyi, bu sabitliyin sayəsində dirçələn və dinamik inkişaf edən, bu güclü iqtisadiyyatın sayəsində də neçə-neçə uğurlara imza atmağımızın, dünya birliyi tərəfindən qəbul edilməyimizin, belə möhtəşəm yarışlara ev sahibliyi etməyimizin kökündə vətənini, millətini, torpağını canı, qanı qədər sevən oğullar, bu oğulların məqamı gələndə bu vətən, bu torpaq uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə yüksəlmələri, bir də ulu Öndərin yenidən hakimiyyətə qayıdışı dayanır.
Sonra şəhidlər xiyabanını dolaşıram. Məzar daşlarındakı şəkillərə nəzər yetirir, ad və soyadlarına, doğum və şəhidlik məqamına qovuşmaları tarixlərinə baxıram. Hamısı da təxminən eyni yaşda. Elə bizim dincliyimizi, gecəmizi, gündüzümüzü əlimizdən alan, həyatla ölüm arasında çarpışan xəstəmizin – övladımızın yaşında. Sən nə böyükmüşsən, nə müdrikmişsən, İlahi?! Mən indi dərk etdim ki, mənim “Şəhidlər xiyabanı”na öncəki gəlişlərimlə bugünkü gəlişimin fərqliliyinin kökündə nə dayanırmış. Sən istiqamətləndirmişdim məni bura, Tanrım. Təsəlli, təskinlik və ibrət üçün. Mən o təskinliyi də, o təsəllini də, o ibrəti də aldım. Səndən qeyri qüvvət və əzəmət sahibi yoxdur. Çox şükür sənin varlığına və böyüklüyünə, Allahım.
Erkən olsa da “Şəhidlər xiyabanı” kompleksinin xidmətçiləri iş başında idilər. Təmizlik və abadlıq işlərinə baxırdılar. İki qadın son zamanlarda şəhid olmuş əzizlərinin, o cümlədən övladlarının sağ və solunda uyuyan digər şəhidlərin məzarlarını silib təmizləyir, soluxmuş gülləri yeniləri ilə əvəz edirdilər. Bir ana isə 21 yaşında şəhid olmuş Emil balasının məzarı üstündə “Yasin” oxutdururdu. Bir az kənarda, məzarların dənizə tərəf birincici cərgəsinin önündəki daş oturacaqda gənc bir xanım əyləşmişdi. Məqsədini, məramını bilməsəm də hisslərini, duyğularını götürüb məhz bu məkana gəlməsini təqdirəlayiq hal saydım və ürəyimdə son dövrlərdə “Şəhidlər xiyabanı” kompleksində aparılan əsaslı yenidənqurma, abadlıq və təmir işlərinə görə bu işin təsəbbüşkarlarına, o cümlədən “Heydər Əliyev Fondu”na dərin minnətdarlıq hissi baş qaldırdı.
“Şəhidlər xiyabanı”nı gəldiyim qayda ilə də tərk etdim. Həm çıxışda, həm məşəlin önündə, həm də “Xocalı” abidə kompleksinin önündə dayanaraq “Fatihə” verdim, şəhidlərimizin ruhuna dualar oxudum, məmləkətimizə əmin-amanlıq, ordumuza qüdrət, xəstələrimizə şəfa dilədim.
Gəlmişkən yolun sağ tərəfinə keçərək ustadlarımız Səməd Vurğunun və Cəfər Cabbarlının barelyefləri vurulmuş guşəni də ziyarət etdim. Səməd Vurğunun lövhədəki iki misrası diqqətimi çəkdi (əvvəllər də dəfələrlə oxusam da):

Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər.

Bu misralar bura həkk olunanda onunla üzbəüz “Şəhidlər xiyabanı” dediyimiz məkan mövcud deyildisə də, bu gün bu müqəddəs məkanın fonunda bu misralar bir az da önəm kəsb edir, dəyər qazanır, aktuallığını artırırdı. Bu xiyabanda uyuyan şəhidlər heç vaxt xatirələrdən silinməyəcək, çünki bu ərənlər anamız Azərbaycan uğrunda canlarını fəda ediblər. O Azərbaycanın ki, Səməd Vurğun onu belə tərənnüm etmişdi:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən,
Anam-doğma vətənimsən,
Ayrılarmı könül candan?!
Azərbaycan, Azərbaycan!

O Azərbaycanın ki, dünyanın ən böyük azərbaycanlısı, “mən fəxr edirəm ki, azərbaycanlıyam” deyən ulu Öndər, Ümummilli lider Heydər Əliyev bu bəndi söyləyəndə kövrələrək, gözlərində yaş gilələnmişdi.
O, Azərbaycanın ki, ustad Məmməd Araz:

Azərbaycan, mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. – deyərək dünyaya haray salmışdı…
…Cəfər Cabbarlının lövhəyə həkk olunmuş “Ədiblərin fikri əsrləri qabaqlamalıdır” aforizmini beynimdə təkrarlaya-təkrarlaya gəlib bu böyük ustadın büstünün önündə dayanıram. Beynimdə bu büstün Mərkəzi Kitabxananın önündəki qaranlıq guşədən buraya köçürülərək aydınlığa çıxarılması və açılış mərasimində etdiyim çıxış canlanır. Sonra da yadıma düşür ki, Şeyx Nizami Gəncəvinin də möhtəşəm abidəsinin açılışında cıxış etmişdim axı.
Yenə də yadıma ötən illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizovla görüşlərin birində 3 saata yaxın davam edən söhbətimiz düşdü. Söhbətdə çox məsələlərə toxunduq. Azərbaycanın tarixindən, ədəbiyyatından, mədəniyyətindən danışdıq. Mətbuatımızın bugünkü vəziyyətini müzakirə etdik. Şəhərdə həyata keçirilən abadlıq və qururculuq işlərinə toxunduq…
Bu görüşdə hörmətli Eldar Əzizovun tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, mətbuatımıza dərindən bələdçiliyi, məsələlərə münasibəti və yanaşma tərzi, bu insanı bir daha kəşf etməyimə vəsilə oldu, söhbətarası dilə gətirdiyim iki məsələyə operativ müdaxiləsi bu insanı mənim gözümdə bir az da ucaltdı. Bu məsələlərdən biri Cəfər Cabbarlının büstü, digəri isə Nizami Gəncəvinin abidəsi ilə bağlı idi ki, birinci məsələnin icrasına hörmətli icra başçısının o andaca müdaxiləsi ilə hələ mən kabineti tərk etməmişdən başlanıldı, digəri isə ictimai rəy nəzərə alınmaqla bir müddət sonra öz həllini tapdı…
…Əslində mən sübhün ala-toranlığında dərdimi götürüb evdən çıxmışdım. Kürəyimdəki dərd şələsinin ağırlığından ayaqlarımı sürüyə-sürüyə gedirdim. Məqsədsiz, məramsız irəliləyirdim. Sonrası da sizə məlumdu, dəyərli oxucular. Varlığım qədər əminəm ki, məhz bu gün məni o məkanlara ilahi bir qüvvə apardı, bu yazını da o ilahi qüvvənin diktəsilə yazdım. Deməli, yer-göy, bütün mövcudat, külli-aləm yalan deyil, bütün bunları yaradan bir qüvvə var və bu qüvvənin də adı böyük Allahdır. Hər birinizi uca Allaha tapşırır, “Tanrının kölgəsi üstünüzdə olsun” deyirəm. Allah-taaladan bütün xəstələrimizə şəfa diləyir, xəstələrimizin şəfa tapması üçün sizdən də böyük Allaha dua etmənizi rica edirəm.
Uca Tanrı dövlətimizi, dövlətçiliyimizi, millətimizi, xalqımızı qorusun, sevgisini, mərhəmətini və şəfasını bizlərdən əskik etməsin. Amin!