Dünya
Söylə sənə neyləmişəm?
Mənsiz olan, mənli dünya.
Çoxlarına kef-damaqsan,
Mənə niyə qəmli, dünya?
Haqqımı yedizdirib,
Nadanları gəl az güldür!
Dəfələrlə göynətdiyin
O həminki yazıq mənəm.
Daha bəsdi, gəl göynətmə,
Birdəfəlik öldür, öldür!
Öldür məni, tezcə öldür!
Öldürməsən, gözlərimdən axan yaşı
Bir dərəyə,
Damla-damla toplayacam.
Dünya…
Səni su basacaq.
Diri-diri yandırırsan,
Yandır hələ.
Rəhmin gəlmir mənə sənin,
Mənim sənə gələcəkmi?
Mən də səni göz yaşımdan yaratdığım,
Səndən böyük bir dəryada boğacağam.
Sənlə olan bu savaşın
Qalibi mən olacağam.
Qalibi, MƏN olacağam!…
24.06.2014
Gözəlim
Sən o qədər gözəlsən ki, Vətənim!
Vicdanımın aynasına rəsmin çəkmək istədim.
Gözəlliyin ağır oldu,
Beli sındı fırçamın.
Heyranlıqdan kilidlənib,
Əli sındı fırçamın.
Kipriyimi fırça edib, rəsmin onunla cızaram.
Bir az qanımdan süzərəm,
Bir də göz yaşı qataram.
Kipriyimlə “qanyaş” adlı
Mənə məxsus bu boyayla
Dərdlərindən cadarlanmış
Parçalanmış ürəyimə sənin adını yazaram.
Sən o qədər gözəlsən ki…
Vicdanımın aynasına ilmə-ilmə hörüm səni.
Gözümün üstündə dayan,
Gözlərimin qapağı ol,
Həm görməyim, görüm səni.
Mənə saray lazım deyil.
Torpağından kərpic kəsim,
Həyatımın divarına hörüm səni.
Sən o qədər gözəlsən ki…
Vicdanımın aynasına səni çəkmək istəyirəm.
Qorxuram ki, çat-çat olub
Tökülər ayağım altda.
Yumaq olar vicdanım
Bükülər ayağım altda.
O rəsmini çəkmək üçün
Həm səndən utanıram, həm də yaman qorxuram.
13.10.2014