Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Ədəbiyyat-poeziya işi ilə ünsiyyətin əsas vahidi təcrübi-praktik və bir qədər də tənqidi təzahürlərdir. Səmimi etiraf edək ki, istedadlı tənqidçi, müasir tənqidin nəzəri-ədəbi əsaslarını dürüst məntiqə kökləməyi bacaran Əsəd Cahangir də müraciət obyekti kimi seçdiyi, təhlilə, tədqiqə cəlb etdiyi mövzularda tənqid-yaradıcılıq işini tam əhatə edir; mövzulara münasibətdə dürüstdür. Onun qələm nümunələrində tənqid və mətn sistemləri ilə xarakterizə olunan ədəbi struktur quruluş, mövzu-mətn vizuallığı və ədəbiyyatşünaslıq məsələləri semantik xüsusiyyətli, geniş şəkillidir, bir sıra tənqidi yazılarında tənqid mədəniyyəti dolğun təsəvvür yaradır. O, ilk növbədə mətnin təşkili, fikrin qurulma texnikası üzrə semantik forma təşkil edir, üzərində israrçı mövqe tutduğu hər bir yazılı prosesin funksional əhəmiyyətini daha qabarıq göstərmək üçün dəqiq qrammatik təsirlərə üstünlük verir. Kim nə deyir, desin, Əsəd Cahangirin, mövzu xarakterlərinə ədəbi yanaşması sistemli şəkildədir. Onun tədqiq və təhlillərində – mövzu təhliletməsində mətn sintaksisi, aktual üzvlənmə, tənqidin tarixi aspektləri və qrammatik seyrçilik, fikrin qurulma texnikası, ədəbi hissin kommunikativ funksiyası faktik olaraq ədəbiyyat-yaradıcılıq işinə yaxından bələd olmasını isbatlayır. Bu mənada deyək ki, onun əksər təhlillərində fikirlər ictimai-fəlsəfi və normativ əsaslıdır: o, sxematik hissi təbəddülatlardan peşəkarcasına istifadə etməklə mövzuların (məsələn, Azərbaycan dramaturgiyası barədə tədqiqini buna bariz nümunə göstərmək olar) əsas-tipik həddə oxucuya çatmasını təmin edir; fikirlərinin struktur-semantik zərurəti mövzudan şərhə keçidi qaydalara uyğun təsbitləyir. Anlayışlı oxucu onun ədəbi dərketməsində bu prosesin əhəmiyyətli rol oynaydığını yaxşı görür.
Əsəd Cahangirin tənqidi fikirlərinin açılışı həm də ədəbi-elmidir: bu fikirlər onun tənqidçi bacarığının müstəqil və ümumi cəhətləridir; müraciət etdiyi əksər yazılarda onun ədəbi yanaşması bir qədər fərqli təsirlidir – yəni təhlillərinin ümumi məzmunu təkcə bir sintaktik bütövdə açılmır, əhatəli məzmun kəsb edir… Bunu onun, yetişən ədəbi gənclik barədə fikirləri ilə də isbata yetirmək mümkündür. Uzaq və yaxın keçmişimizdəki yaradıcılıq-tənqid kodeksləri, bu sistemin prosedur qaydaları Əsəd müəllimin təhlillərində önəmli yer tutur. O, üzərində ehtiyatla işlədiyi mövzuların mahiyyətinə, struktur quruluşuna və ədəbi-ictimai önəminə xüsusi diqqət yetirir, mətnin (mövzunun) işlənmə yerini dürüst məntiqə kökləyir. Nəticədə hər mövzu öz dəyər və ədəbi xarakterinə görə fərqli müstəvi cızır. Əsəd Cahangirin tədqiq və təhlilləri ədəbi və bir qədər də ictimai məğz ehtiva edən məntiqəxas fikirlərlə zəngindir. Sevindirici haldır ki, o, tədqiq zamanı əlavə şərh üçün zəmin qoymur. Buna görə də onun tənqidi fikirlərinin forma sintaktikliyi standart forma ilə deyil, inkişafda olan tənqidə uyğun şəkildə əhatələnir. Bu mənada onun təhlil-tədqiq mərhələsini üç əsas tempdə aparmaq mümkündür: 1: artan inkişaf zəminliyi, 2: orta-hissəvi təsiretmə dəqiqliyi, 3: sürətli inkişaf şərhi… Bu mərhələlər onun təhlilləri boyu oxucu və cəmiyyətlə əlaqəsini mümkün edir, fikir aspektlərini tam realizə etmək imkanı qazanır. Açığı, onun «Azərbaycan» jurnalının 2015-ci il saylarındakı təhlil və tədqiqlərində bu prosesi dəqiq izləyə bilirik. Onun bu təhlillərində həm mövzunun (mətnin) qoyuluşu, həm də fikrin məntiqəxas tədqiqi səmimi diqqət çəkir, eynilə də burada təhlil etikası və tənqid mexanizminin sistemləşdirilməsi prosedurlarının öyrənilmə qaydaları geniş məna kəsb edir. Bütün bunlara əsaslanaraq deyə bilərik ki, onun tədqiqlərində mətndaxili semantik-struktur əlaqələr, tematik proqressiya aparıcı xəttir. Bu da fikrimizin kommunikativ funksiyaçılığında başlıca rol oynayır. O mənada ki, buradakı ədəbi hisslərin heç birində sintaktik quruluş dolaşıqlığa yol açmır, müəllif təhkiyəsi səlis şəkildədir. Əsəd müəllimin təhlilləri özünün ifadə imkanlarının genişliyi ilə diqqət çəkir. Demək olar ki, onun yaradıcı münasibətində tənqid-yaradıcılıq zəminləri yüksək mərhələ adlayıb, proseslərin ifadə imkanları düzgün şəkilə salınıb. Daha dəqiqi, Əsəd müəllim özünün tənqid müstəvisində yenilikçi ruha əməl edib. Səmimi deyək, Əsəd Cahangir mövzunu təkcə nəzəri cəhətdən tədqiqə cəlb etmir, həm də onun praktik tərəfini anlaşılan, başa düşülən tərzdə qabardır. Maraqlı bir məqam da odur ki, o, tənqid işini təkcə yaradıcılıq məğzi kimi göstərmir, onun bir tərbiyəvi vasitə olduğuna da diqqət çəkir. Təbii ki, ədəbiyyat da, ədəbiyyatşünaslıq da ənənəvi dəyişilməyə məruzdur. Əsəd Cahangirin təhlil-tədqiq zərurətləri, ən əsası da bu istiqamətdə təkmilləşdirilmiş geniş formaları tədqiqə cəlb etməsi tənqid işində yeni addımların atılması zərurətini ortaya çıxarır. Nəticə etibarilə onun hər yazısında emosional səciyyə, estetik cəhət məxsusi əlamətlərlə özünü təzahür etdirir, tənqidçi həssaslığı aydın sezilir. Maraqlıdır, Əsəd müəllimin təhlillərində sintaktik bütövlər spesifik sintaktik-semantik uyğunluğa daha xasdır. Buradakı publisistik komponentlər vahid subyektiv-modal çalarları ilə də diqqət çəkir. Bu effektiv zəruri təsiretmə müəllif yanaşması üçün spesifikdir. Ayrıca, o, istənilən tənqidi yazısında müasir Azərbaycan ədəbi dilinin normalarına (fonetik, leksik (leksik-semantik) və qrammatik normalar) riayət edir, işlətdiyi fikri-sözləri orfoepik normaya uyğun formada tələffüzə çəkir. Təbii ki, tənqiddə Əsəd müəllimin özünəməxsus üslub tərzi var: heç kimi təqlid və təkrar etmir, özünün fərdi üslubu ilə yazıb-yaradır. Əlbəttə, yaradıcılıqda fərdi üslub xüsusi səciyyə daşıyır. Əsəd müəllimin yaradıcılığındakı fərdi səciyyə onun özünündür. Və nəticə etibarilə onun fərdi üslubu özünün ümumi dünyagörüşü, təfəkkürü ilə sıx bağlıdır. Maraqlı haldır ki, Əsəd müəllimin tənqid yaradıcılığında ümumi cəhəti sırf nəzəri-təhlili zəminlər təşkil etmir, burada həm də bir obrazlılıq görürük. Bu da ona dəlalət edir ki, o, təhlilə çəkdiyi gəncin ədəbi vəziyyətini nəzərə alır, onun yanlışlıqlara səmtlənməsinə qarşı çıxır. İnandırıcıdır ki, o, şüuraltı tipik yanaşmalarına güvənir, “Mən hər şeyi hamıdan yaxşı bilirəm” zərurətinə əsaslanmır, əksinə, getdikcə güclənən mənfi mahiyyətə dürüst yol seçir. Yəni onun bu tip yanaşmaları tənqidçi dəyərləndirmələridir. Bəzən onun tənqidi müzakirə təsiri bağışlayır: özünün məqsədi, strukturu, kompozisiyası, qrammatik və kommunikativ bütövlüyü cəhətdən diqqəti məxsusi çəkir. Kimsənin şübhəsi olmasın ki, o, kiçik bir miniatürü, adi bir hekayəni, yaxud irihəcmli povest və romanı da eyni həssaslıqla təhlil edir. Diqqət çəkən haldır ki, o, təhlil zamanı sanki bir dilçi alim obrazına girir, tədqiq etdiyi əsərlərin (hətta adi bir fikrin) fonetik sistemini, lüğət tərkibini, morfoloji və sintaktik quruluşunu, üslubi imkanlarını açır. Onun istər şifahi (orfoepik normalar), istərsə də yazılı (orfoqrafık normalar) tənqidi fikirlərində ədəbi dil özünün qayda-qanunları əsasında ehtiva edir. Müsbət tənqidin faydaları çoxdur. Əsəd Cahangir ədəbi əhatəsində tənqid bu müstəvidə çözülür. O, özünün təşviqedici davranışları ilə rəğbət qazanmaqdadır. Xoş haldır ki, onun aləmində tənqid dedi-qodu vərdişi deyil və bu rakursda onun təhlillərini qeybət adlandıranların yanıldığını düşünürük.