sefanur

Şəfa Nur (Şəfa Piriyeva) “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin tələbəsidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və əməkdaşıdır.

Axşamdan səhərə…

Ruhumun yolundan aza bilmirəm,
Ürəyin dərdini yoza bilmirəm.
Duyğular süzülüb dolur içimə,
Heyf, hər birini yaza bilmirəm..

Uzaqdan duyulur şeirin ətri,
Duyğular yazdırır gedən sətri.
Kəsib doğrayıram itməsin məna,
Yenə sonda qalır onun kəsri…

Axşamdan səhərə qonaq oluram,
Yaşaya-yaşaya Seyrə dalıram.
Hecaya bölünür ömrüm eləcə,
Zamanın içində mən qocalıram..

Bir ovuc ömür

Həyatdır…
Yaşayırıq…
Yalançı dünyanın doğru zamanında,
Tanrıdan aldığımız bir ovuc ömrün oğru zamanında,
Hərdən yolda qalır gözümüz…
Özümüzü tapana qədər…
Uşaq vaxtı o qədər yalanlara inanmışıq
Səhərdən axşama…
Axşamdan yatana qədər…
İndi daha doğru olan zamana da inanmaq istəmirik.
Gözümüz içinə qədər yalanı gətirib
Günahı zamanın çiyinlərində görmək istəyirik…
Və bəzən də bacarıqda.
Daha bilmirik ki,
Həyatdır..
Yaşayırıq…
Yalançı dünyanın doğru zamanında.
Tanrıdan aldığımız bir ovuc ömrün oğru zamanında…>