Da_001

ÖZÜMƏ İTHAF

Deyirsən hər işim daş daşımaqdı,
Elə işsizlik də yorur adamı…
Dişinlə bir qoz da qıra bilmirsən,
Di gəl ki,dişsizlik qırır adamı…

Hər anı,saatı şirin ömründə
Acılıq duyursan hər saat,hər an.
Boş bir yer tapmazsan ayaq qoymağa,
Nə qədər istəsən boşluq taparsan…

Dünyada yaşamaq çətinliyindi;
Sevgini qazanmaq asandı sənin…
Nə versən,alırsan qulaqburması-
Kim deyir bazarın kasaddı sənin…

QƏFƏS

Hər kəsin qəfəsi özünə görə…
Dünyadı,gəlirik biz görə-görə;
Birinin qəfəsi varına görə,
Birinin qəfəsi yoxuna görə…

Elə qəfəsdədi söz adamı da,
Ancaq nə varından,nə də yoxundan…
Qaçırmaz dilindən bir kəlmə belə
Di gəl,ömür boyu məhkumluğundan…

Ən güclü qanadlar çox vaxt uçanı
Uçurur,uçurur birbaş…qəfəsə.
Necə öyrəşmişəm,necə,bilsəniz,
Bu doğma,bu əziz,bu daş qəfəsə!..

***
Bu səs-küyün içində
bir səs eşitmədim mən.
Çox söz eşitdim,amma
bir söz eşitmədim mən…

Hey bıçaq itiləmək
küt adamın işidi.
Haqq adında bir iş var;
o,hamının işidi!..

***
Səs gəlib,guya ki,eşitməmişəm…
Gözüm baxa-baxa görməmişəm də.
Sözümü heç yerdən yerə salıblar,
Əyilib götürə bilməmişəm də…

Özümə hörümçək toru hörənəm.
Özüm öz təzəmə vururam yamaq.
Yol gedən zaman bir ayağım hökmən
Dolaşır o biri ayağıma,bax…

Yanan çırağımı söndürənəm mən…
Keçdiyim körpünü sökən də özüm.
Ağac böyüdürəm kölgəsi olsun,
Ancaq böyümürəm kölgədə özüm…

KƏMFÜRSƏT

Əllərini yudun,günahın qaldı…
Adından ləkəni nə aparar ki…
Nə var kimi varsan,nə yox kimi yox,
Gəl,hər yerdə varsan,sənə nə var ki…

Sudan qıraqda da tor süzdün elə…
Dəryazın itidir-biçirsən yaman.
Sevdik,əzizlədik adını hərf-hərf,
Amma həriflədin bizi sən yaman…

Göz verdin,eh,onsuz eynək taxırıq,
Deyirik olsaydı bir işıq ucu…
Nə ki işıqgələn var,suvayırıq;
Gör ha,neyləyirik biz işıq üçün…

GÜNAHKAR

Necə yerlərə getdim-
Ayaq günahkarıyam.
Namərd sözü eşitdim-
Qulaq günahkarıyam…

Bəzən gördüklərimdən
Göz günahkarı oldum.
Boynuma yüklənən də
Öz günahlarım oldu…

Sakit gölə daş atdım-
Əlim günaha batıb.
Bulaşdı yalanlara-
Dilim günaha batıb…

Səhvim,suçüm qədərsiz;
Baxın mən-günahsıza…
Gəlin,olmayanımdan
Ayırmışam pay sizə!..

QUŞ DİMDİYİNDƏ

Zamanları yenən söz
Quş dimdiyində gəlir.
Sanki torpaqda dən-söz
Quş dimdiyində gəlir.

Ara-axtar,çoxmu ya…
Yerdən bitib çıxmır ha;
Bax,yaxşılar dünyaya
Quş dimdiyində gəlir.

Azmı deyirsən acı,
Doyurasan bir acı…
Cirə qismət-bir damcı-
Quş dimdiyində gəlir.

Sağ əl sol əldən uzaq,
Əgər haqqı-say busa…
Birdən böyük bir qəza
Quş dimdiyində gəlir…

Biləsuvar rayonu.