Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Bəsdir gözlərimi qınağa çəkdin,
Bu lal pərvanələr şamdan yıxılıb.
Qonşu qız köçüncə, bir Allah bilir,
Ruhum neçə kərə damdan yıxılıb.
Çətiri islanıb tindəki qızın,
Bir qapı açan yox, üstün quruda.
Yazıq bu yağışdan qurtula bilmir,
Gedə, yalqızlığın büstün quruda.
Qəfil baltalama, adam, kötüyü…
Tanrı ruzusudur kömür, adamçün.
Qopur yuxuların qara layları,
Keçmiş xatirədi ömür adamçün.
Yuxular ölümün uşaq forması,
Fələk meydan qurub közünün üstə.
…Qaşların ağappaq ağarıb, gözəl,
İki vergül qoynan gözünün üstə.