20 iyun Kitab Evim.Az yenidən kitab sevərləri, saz, söz aşiqlərini gözəl xanım, əsl ana, Ədəbiyyata gec gəlib amma tez bir zamanda minlərlə insanın qəlbində şeirə, sənətə böyük məhəbbət yaradan ən dəyərli ürəyə malik şairə Cığatel xanım İsaqızının ətrafına toplamışdı. Həmin günü həmçinin Cığatel xanımın 50 illik yubiley yaşı günü qeyd olunurdu. “Seçilmişlər” adlı yüzlərlə şeirlər toplandığı kitabın təqdimatı Cığatel xanımın “Cığatel xanım sevərlər”i salamlaması ilə başladı. Ömrünün 50 ilinin xeyli vaxtını həm ana, həm gözəl insan, həm də əsl şair kimi söz üçün yandıran Cığatel xanım sözün insan həyatında önəmli rol oynadığını və şairin ən qiymətli zinətinin söz olduğunu dönə-dönə vurğuladı. Onun
“Şairi aldatmayın” şeirindən bir parça;
Şair xəyalı dəniz, şair ruhu gəmidir,
Ümidi, azruları şairin həmdəmidir.
Neçə yaşı olsa da körpə uşaq kimidir,
Şair Allah elçisi günahına batmayın,
Şair aldanan olur, şairi aldatmayın..
Kim görüb Haqq şairi özünü öyən olsun,
Cığatel qəlbə dəyməz, qəlbinə dəyən olsun.
Bilir ki, aldadırlar, deyir sən deyən olsun.
Şair yatmış vulkandı, tərpədib oyatmayın.
Şair aldanan olur, şairi aldatmayın.
Tədbirdə onu sevərlərlə yanaşı xanım qızlarıda analarını təbrikə gəlmişdi. Tədbirdə mütəmadi olaraq Cığatel xanım özünəməxsus sehrli avazıyla öz şeirlərini səsləndirdi. Tədbirdə media nümayəndələri, şairlər, yazıçı-publisist, gənc yazarlarda iştirak edirdi. İlk olaraq söz Aşıq Şəmşir məclisinin rəhbəri Həbib Misirova verildi. Həmçinin şair Dayandur Sevgin, şair-publisist Fəxrəddin Meydanlı, Raifə Sərxanqızı, Gənc yazar, bədii qiraətçi Ülkər Piriyeva, gənc yazar Leyla Camal, yazar Leyla Namazova, şair Sevinc Yunuslu, yazar Gülnarə İsrafilqızı, oxucu Elmar Huseynov və başqaları çıxış etdilər. Hər kəs bəylər arasında Zəlimxan Yaqub, xaım şairlər arasında Cığatel xanım deyə vurğuladılar… Cığatel xanımı təbrik etdikdən sonra, o, ” Seçilmişlər “ adlı kitabını oxucularına imzalı şəkildə hədiyyə etdi.
Sonda isə, onu sayıb gələn hər kəsə dərin təşəkkürlərini bildirərək çıxışına yekun vurdu.
Biz də Cığatel xanım İsaqızını 50 yaşının tamam olması və ”Seçilmişlər” adlı kitabı münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və yaradıcılığında uğurlar arzulayırıq!!!
Ülkər Dəniz (Piriyeva) – Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Bədii qiraətçi, Bakı Slavyan Universitetinin tələbəsi.