sv

Şəfa Vəli yaddaşımda, təsəvvürümdə həmişə Gəncədən-Bakıya gələn və daim yol üstə olan şair kimidir. Bir az keçir, o zəng edəcək, “Qəşəm müəllim, az qalıb Bakıya, Hacıqabuldayam” və hər dəfə nədənsə Şəfa Vəli elə Hacıqabulda olmalı imiş… Gəncə – Bakı arasında Hacıqabul çox maraqlı yerdi. Ötən əsrin 1980-ci illəri… Gəncə. Arıq, uzun saçlı dəli bir oğlan, şair-mən. Tələbəyəm. Universitetdə uzun saç saxlamağa icazə vermirlər. Amma mənim saçlarımın “arayış”ı var. C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Məcnun rolunu oynamalıyam. Onda Şəfa yox idi, hardasa, hansısa enerjinin bətnində yer kürəsinə yol gəlirdi Şəfa. Hələ yerə çatmağına 8 il vardı. O gün oxuyuram, həmin teatrda Şəfanın “Bəyaz ölüm” pyesi tamaşaya qoyulub. Çox təsirləndim, yadıma 21 yaşım düşdü, o vaxt biz heç yaxşı tamaşaçı deyildik, nəinki pyes müəllifi olaq. “Gəncə” sözünü Şəfa Vəli kimi gözəl tələffüz edən ikinci şair tanımıram. O qədər şirin deyir “Gəncə” sözünı, elə bil “Göyçə” deyir. Göyçə deyəndə Gəncə kimi başa düşülür. Dili o qədər şirindir Şəfanın. Xan bağı, Gəncə çayı, Yeni Gəncə, Dəmir yolu vağzalı, Səməd Vurğunun şəkli olan tralleybus, Bağbanlar, Gəncə çayının sahilləri, Fontanlar bağı, Qatır Məmmədin heykəli (indi yoxdur), Gəncə Alimlər evi, yazıçı Qərib Mehdi, şairlər Xəzangül, Aləmzər Əlizadə, Bahadur Fərman, Sahib İbrahimli, Mikayıl Yanar, Sədnik Paşayev, Zaur Həkim, İnqilab İsaq, Oqtay Abdulla, Aydın Murovdağlı, Hüseyn Hatəmi, Şəfanın anası Güldərən xanım… Qaçdığım, sevdiyim, sevildiyim, döyüldüyüm, unudulduğum yerlər… O vaxt Şəfa yox idi, yer kürəsinə yol gəlirdi. Indi Şəfa Vəli mənim xatirələrimin ustə gəzir. Yaxşı eləyir gəzir, şairdir, gəzir, haqqı var. Şəfa Vəli kuklaları (özü də böyük, məsələn,ayı, şir) çox olan qıza oxşayır. Bəlkə də o, ən kiçik, hətta əzik-üzük olmuş kaqız parçalarını da saxlayır.

Şəfa düz eləyir, xatirələr şax olmaz, xatırlandıqca əzik-üzük olar xatirələr… Ötən il çap olunan “Adı Qəşəm” kitabımı ona hədiyyə verdim. Bir anda gözdən itdi Şəfa, Gəncəyə getdi Şəfa. Yoldan zəng elədi “Hacıqabuldayam, bura kimi kitabınızı oxuyub bitirdim. Fikrimi yazdığınız avtoqrafın üstə yazacam, oxuyarsınız”. Günlər, aylar keçdi, bir gün zəng elədi Şəfa, “Hacıqabuldayam, Bakıya gəlirəm, kitabınızı gətirirəm, avtoqrafınızın üstə yazdığım fikrimi oxuyarsınız”. Bakıya gəldi Şəfa, danışdı, güldü Şəfa. Kitabı verdi ki, al, yazdığımı oxu. Nə qədər elədim, xəttini oxuya bilmədim. Axırda dedim, sən özün oxu, oxudu, eşidə bilmədim, yenə oxudu, eşidə bilmədim, yenə, yenə… Səsi çox uzaqdan gəlirdi, qədim Çin yazılarından, Orxon-Yenisey abidələrindən… Dedim, – kitabı ver, qalsın məndə. Vermədi. Gəncəyə getdi Şəfa, bir də gəlməyi qaldı 30 gündən sonraya… Hər 30 gündən bir Bakıya gəlir Şəfa, Gənc Ədiblər Məktəbinə. Rəşad Məcidin rəhbərlik elədiyi bu məktəb onlarla gəncin, o cümlədən, Şəfanın ədəbi dünya görüşünün formalaşmasına böyük təsir göstərib. Şəfanın şeirləri dövri mətbuatda müntəzəm çap olunur. Öz xarakterinə uyğun dostları var, Elçin Aslangil, Gülnar Səma, Elməddin Nicat, Səadət Ələkbərova, İntiqam Yaşar və başqaları. Bir də görürsən ki, dostlar Gəncəyə toplaşır, bir də görürsən yığışıb gəliblər Qazaxa dostlar. Bir sözlə, Şəfa və onun komandası Azərbaycanda mini poeziya festivalları keçirirlər. Şəfa bəziləri kimi ərköyün şair deyil. O, həyatın şirin əzablarını yaşayır. Özü də şirin-şirin yaşayır. Şeiri də özünə oxşayır. O, şeiri quraşdırmır. Necə gəldi, çəkinmədən, yeni bir intonasiya ilə yazır. Çoxdan unutduğumuz poçtalyon Şəfanın dilində görün nə qədər maraqlıdır:

Qaytar mənim məktubumu, Aparma yara, poçtalyon… Qırma yarın ürəyini, Eyləmə para, poçtalyon…

Dəyişik sal o ünvanı, Başqa qapını silkələ… O ağlayaraq oxuyar, Başqaları gülə-gülə…

1980-ci ildə “Yeni Gəncə” parkı salınırdı. Biz tələbəydik. Ordakı ağacların çoxunu mən əkmişəm. Onda Şəfa yox idi. Şəhər qırmızı kərpiclə bəzənirdi. Indi bilmirəm, o ağaclar kölgə salırmı? Onda çox adamların kölgəsi yox idi. Əhvalım o vaxt yazdığım bu şeirdəki kimiydi:

Başa düşmədilər nə qədər etdim, Gah kəndə qayıtdım, şəhərə getdim. Diddim ürəyimi, qəlbimi diddim, Vəfalı dostum da yoxuydu mənim. Nəvələri göyə dırmaşan kənddə Bircə ağsaqqal da tapa bilmədim. Olmadı, olmadı ağıl verənim, Bir yol göstərənim, öyüd verənim. Ona göz dikmişdi bir pullu oğlan, Zəhrimar pulum da yoxuydu mənim. O zaman, o zaman çap olunmayan, Sevgi şeirlərim çoxuydu mənim. Tabut ciblərimdə dəfn elədiyim Sevgi məktublarım çoxuydu mənim.

Aradan xeyli vaxt keçəcək, Gəncədə Şəfa adlı şair doğulacaqdı və 20 il sonra aşağıdakı şeiri yazacaqdı:

Ömür dediyin beşcə gün… Bu sonsuz arzular nəydi ? Sevilmişdim beşinci gün, Getdiyin gün şənbə idi…

Ayrılıq 20 il sonra da əvvəlki kimiydi… Amma mənim şeirimdə hiss, əsəb, Şəfanın şeirində peşəkarlıq və dünya fəlsəfəsi; beşçə gün yaşa, beşinci gün sev, altıncı gün də sevdiyin çıxıb getsin anlayışı daha müasir idi. Əslində, bu “həftəlik” vəziyyət bütöv bir insan ömrüdür və böyük bir ömrün həftə modeli nə qədər orijinaldır. Aşağıdakı şeirdə problem rənglər üzərində qurulur. Məsələ daha da dərinləşir. Ailə sindromu – “istəyimiz bir körpə idi” – meydana çıxır. Körpə də rəngdir. Körpə hisslərin ən dərin qatıdır, hisslərin burulğanından göz gözü seçmir burda.

Bilirəm unutmamısan… Istəyimiz bir körpəydi… Ağ rəngli gün arzuladıq… Narıncı ayrılıq gəldi…

Şeirdə sadəcə körpə, ağ və narınc rəngləri işarələnib. Amma bu üçbucağın arxasında körpə həsrətindən körpələşən, körpə səsi çıxaran bir qadının hıçqırıqları var. Yadıma Nuranə Nurun “Yol nişanları” şeiri düşür. Nuranə deyirdi: “Hansı rəngdən başlayım?” Şəfanın başqa bir şeiri:

Dedilər o kənddəsən, Yolunu Gəncədən sal…

Gül qoxulu qızına Gəncə paxlavası al…

Burada nə epitet var, nə təşbeh, nə də digər bədii təsvir vasitələri. Şair “Gəncəyə gəl” demir, çünki onun yolu başqadır, etik bir tərzdə “yolunu Gəncədən sal” deyir. Özü də “dedilər o kənddəsən” misrası maraqlı başlanğıcdır.. Demək, xəbər verilib. Hadisə diqqətdə, nəzarətdə imiş. Axırıncı iki misrada bir ərkyanalıq (burda qızını xatırlaması) var, barış var, umu-küsü var, incik sevgi var, soyumuş çay var. Nəriman Həsənzadə 60-cı illərdə yazıb:

İndi gözlərinin qabağındayam, Hayanda durum ki, görəsən məni.

2000-ci illərdə Şəfa Vəli bu görməməzliyə bir eynək taxır:

Özünə eynək al gətir… Böyütsün məni gözündə…

Şəfa başqalarının məqbul hesab etmədiyi şeylərdə öz könül hıçqırıqlarını gözəl ifadə edir. Sinif otaqlarındakı yazılar, parta üzərindəki cızıqlar ən gözəl şeir kimi qalıb yadımda.

Adınla bəzədiyin o sinif divarları…

Məsələ bundadır ki, Şəfa bu yazını sinif divarlarının ən gözəl bəzəyi hesab edir. Ümumiyyətlə, bəzəmək, bəzənmək (həsrətdən, ayrılıq girdabından qurtulmaq üçün) psixologiyası Şəfanın şeirlərində ekvivalent kimi iştirak edir.

Saçındakı dənləri Bağla qızıl üzüyə… Göndər gələn-gedənlə Bəlkə, ömrü bəzəyə…

Burda xeyli mətləblər, çoxlu işarələr var. Iki sevənin arasında həmişə üzük olur. Bu, bir işarə. Əgər üzük gedib gələnlə yoldadırsa, demək, ayrılıq var. Bu, iki işarə. Saçlarında dən varsa, demək, zaman keçir, aradan çox illər ötüb. Bu, üç işarə. O dənləri, yəni ağarmış saçlarının bir-ikisini üzüyə bağla (məhz üzüyə) mənə göndər, qoy ömrümü bəzəsin. Bu da dörd işarə. Şair ayrılığı, uzaqlığı, həm də sevgini, nigarançılığı detallarla işarələyir və böyük məmnunluqla qəbul edir. Bu, həyatın dialektikasıdır. Sonra şairin gəldiyi an.Vəziyyət aşağdakı kimidir:

Bax… İndi bu dəli oturub Gəncənin soyuğunda, hələ sənə şeir yazır…

Həmişə şeir, vəziyyətlərdən ibarətdir. Ola bilsin ki, Şəfanın bir şeirindəki vəziyyət, başqa bir şeirindəki vəziyyətin inkarıdır. Olsun. Bu da gözəldir.

“ULDUZ” JURNALI MAY,2015