Alqış
Vətənə məhəbbət imandan gəlir,
Ölkəmi qoruyan əsgərə alqış.
Qeyrətin əsrarı nəsildən gəlir,
Hərbi libas geyən zabitə alqış.
Fədakar qəlbiylə mərdlik göstərən,
Vətən sərhədini hər an gözləyən,
Dənizdə, quruda keşiklər çəkən,
Hərbi andlar içən, mərdlərə alqış.
Vətən bayrağını uca tutanlar,
Ana torpaq üçün nəğmə yazanlar,
Qələbə qazanıb medal alanlar,
Bu yurdun oğluna, qızına alqış.
Əlləri qabarlı fəhlə, əkinçi,
Zəhmətlə yüksələn hər bir əməkçi,
Memarı, müəllimi, həkim, çəkməçi
Hər xeyir iş görən, canlara alqış.
Ən çətin anlarda köməyə çatan,
Yanğınlar söndürüb, haraya çatan,
Asayiş keşiyində qaydalar yazan,
Xüsusi təyinatlı dəstəyə alqış.
Aytən fəxr eyləyir qardaşlarıyla.
Bacılar qoruyan qardaşlarıyla,
Dövlətə gərəkli qardaşlarıyla,
El-oba qeyrətli qardaşa alqış.
Dünya
Bir sevda ağlayır, ürək dağımda,
Özümdən dözümü, qoparma dünya !
Fələklər dərd əkib dərdli bashımda,
Məni əcəlimlə, qorxutma dünya.
Saçıma hördüyün dənindən utan,
Yaşından, başından, daşından utan.
Hər kəsə yan baxan çaşından utan,
Üstümə kar kimi bağırma dünya!
Kəsərəm bağını tərsə gedərsən,
Tökərəm acımı bada gedərsən,
Aglatma məni sən,yasa düşərsən,
Gözümün yaşında batarsan dünya.
Çək menden əlini, yolunla düz get,
Girmə gözlərimə uzaqdan seyr et.
Çıxma pişvazıma yolumu tərk et,
Kədərim içində azarsan dünya.
Ulama gecələr,ahini tökmə,
Canımdan bezdirib canımı üzmə.
Mən çoxdan geymişəm kəfəni tikmə,
Hirslənib bağrını sökərəm dünya.
Aytənəm, adımı yadında saxla,
Mən sözə başlasam ağzını bağla.
Get özgə məzarın üstündə ağla,
Mən səni qəlbimdən silmişəm dünya…
Vəfasız dünyasan, yalansan dünya.