1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Müqəddəsliyin tipik xarakteri ruhi gerçəkləri Allah hikmətində real təfsir etmək bacarığı ilə açılır. Adəmdən üzü bəri bu müstəvidə yalnız bir neçə İNSAN duruş gətirə bilib ki, onlardan da ən Alisi İsa Məsihdir. Lakin İsanın Allah-İnsan olması 2 min ildir bəşəriyyəti fərqli qənaətlərlə üz-üzə qoyub: xristian dünyası bu amilə real yanaşır, islam ənənəçiliyi bunu mümkünsüz sayır. Beləcə, əsrlərdir İsanın Allah-İnsan surətləri çək-çevirlərə məruzdur.
İsa Məsihin Davud sülaləsinin varisi olduğu bildirilir. Əslində Davud da İbrahim oğludur, demək İsa birinci olaraq İbrahimin varisidir: yəhudilərin Padşahı, Allah oğlu, sonucda Allahdır. Maraqlıdır ki, O, cah-cəlallı, gülüstan kimi bir yerdə deyil, pəyədə doğulub və onu ilk salamlamağa gələnlər də məhz sadə insanlar – çobanlar və münəccimlər olub. Belə çıxır ki, sadəlik İsanın həyat amalıdır.

İsanın bir insan deyil (baxmayaraq ki, insan bədənindən doğulub), bir Allah oğlu, bir Allah olduğunu yalnız «Bibliya»nın bir hissəsi olan, «Əhdi-Cədid» adlandırılan – «Əhdi-Cədid»in ilk dörd qismini özündə ehtiva edən «İncil» bəyan edir. «Müjdə» mənasını verən bu üçüncü səmavi Kitabda İsa Müqəddəs Ruhdan qopan bir zərrə kimi xarakterizə edilir. Bu barədə adıçəkilən kitabın bir çox surəsində işarətlər var: «Matta» surəsi 1,2 – 20-ci ayədə deyilir: «Rəbin bir mələyi röyada ona (Yusifə) görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma; çünki onun bətnindəki Müqəddəs Ruhdandır»».
Yaxud, İsa, Yəhya tərəfindən vəftiz olunduqdan sonra Allah hikmətində daha aydın təzahür edib. Fikrimizə aydınlıq gətirmək üçün daha bir ayəyə müraciət edək: «Və budur, göylərdən bir səs dedi: «Bu, Mənim sevimli Oğlumdur, Ondan çox məmnunam»». «Matta» 3,4 (17).
İsanın Allah oğlu – Allah olduğunu sübut edən daha bir ayədə – «Matta» 8,9 (27-də) deyilir: «Bu, kimdir ki, küləklər də, göl də Ona itaət edir?». Hər halda fırtına yaradan küləkləri bir əmrlə yatırtmaq və çalxalanan vahimə dolu gölə rahatlıq bəxş etmək insan qüdrətinin gücü ilə mümkün ola bilməz. Deyilmi?
Maraqlıdır: İsanın Allah oğlu (Allah) olmasına cinlər belə inanıb, lakin əsrlərdir insanlar bu gerçək faktı yalan pərdəsinə bükməkdən bezmirlər.
«Yəhya» 10,11 (30-da) İsa deyir: «Mən və Ata birik». Yaxud: «Siz mənə «Müəllim və «Rəbb» deyirsiniz və doğru söyləyirsiniz, ona görə ki, Mən Oyam»». «Yəhya» 13 (13).
Düzdür, İsa dünyaya insan bətnindən gəldi, Onun insan kimi ölməsi də inandırıcıdır – necə ki, öldü (öldürüldü) və üç gündən sonra dirildi. Ancaq İsanın insan kimi çürüməsi mümkünsüzdür. Əslində: «Bədəndən doğulan bədəndir, Ruhdan doğulan ruhdur». «Yəhya» 3 (6). Allah İsanın çürüməsinə rəvac verməzdi; çünki Ruhdan doğulan Ruha qayıtmalı idi.
Əslində, dünya insanlarının günahlarını daşıyacaq şəxsin bədəndən gəlməsi mütləq hal sayılırdı və bunun üçün də Allah İsanı insan şəklində bakirə Məryəmin bətninə yerləşdirdi və O, öz missiyasını layiqincə yerinə yetirdi. Yəni İsa ona görə bədəndən zühur etdi ki, bədəndən gəlmişlərin günahları üçün ölə bilsin.
Xristian məzhəbində Allaha itaət, belə deyək, üç kateqorik cəhətlə müəyyən edilir: Ata, Oğul və Müqəddəs Ruh. Yəni dua sonunda xristian bir şəxs – Ata, Oğul və Müqəddəs Ruh adı ilə, Amin! – deyə Yaradanına ehtiramını ifadə edir.
Müsəlman aləmində də bu ehtiram özünü üç kateqorik cəhətlə müəyyən edir: Allah, Məhəmməd, Ya Əli! Yəni hər bir müsəlman yola çıxarkən, yaxud hansısa bir işə başlayarkən – Allah, Məhəmməd, Ya Əli!- deyir.
Burada maraqlı bir fakta nəzər salaq: həm xristian, həm də müsəlman dünyasının etiqad göstəricisi üç komponentlə özünü xarakterizə edir. Sadəcə fərq ondadır ki, xristianın üz tutduğu Ata, Oğul və Müqəddəs Ruh eyni başlanğıcdır – yəni bu üç komponent vahid bir hücrədə ifadə olunur. Daha dəqiqi, Ata (Allah) özünü İsa şəklində Oğul formasına salıb, sonucda haqqında dürüst heç bir məlumatımız olmayan Müqəddəs Ruhdur. Bu da o anlama gəlir ki, xristianın etiqad etdiyi Üçlük əslində Bir Allahdır.
Müsəlman düynasının etiqad etdiyi üç komponent – Allah Yaradan, Məhəmməd – son elçi – son peyğəmbər, Əli isə ilk imamdır. Nəticədə bu etiqad müstəvisində üç sitayiş obyekti görürük. Demək, xristianın etiqad-sitayiş müstəvisində üçlük bir, müsəlmanın inam çevrəsində bu, üç göstərici ilə ehtiva edir. Məhz İsa Məsih: Müqəddəs Üçlüyün kod açılışı dedikdə də, bu prinsipə diqqət yetirməliyik.
İsanın Allah, Allah oğlu olmasını onun möcüzələri də isbatlayır: xəstələrə şəfa verməsi, korların gözlərini açması, ölüləri diriltməsi, suyu şəraba döndərməsi, su üstündə gəzməsi, tufanı ram etməsi, beş min adamı bir neçə çörəklə doydurması, adamlardan cinləri qovması və s. Açığı, bu möcüzələrin bir insan tərəfindən baş verməsi inandırıcı deyil. Ən azından, bir ölünü diriltmək, ona yenidən can vermək sırf Allahın bacardığı işdir. Əgər İsa Məsih bütün bunları insanların gözləri qarşısında edibsə, deməli bəşəriyyət Yaradan Allahın yer üzərindəki varlığına şahid olub… (lakin İsanın Allah kimi qəbul edilməməsi tamam ayrı bir mövzudur).
Sual yarana bilər: Allah nə üçün təkcə İsa Məsihə bu qədər möcüzə bəxş edib – o möcüzələr ki, onları insan fəhmi yarada bilməz. Söz yox, Allah bütün peyğəmbərlərə möcüzə verib, lakin İsanın etdikləri insan fəhmindən gələnə oxşamır; bunun yalnız Allah tərəfindən icrasının mümkünlüyü özünü aydın göstərir. Və Allaha məxsus işin İsa tərəfindən icarsı mümkün olubsa, bu, onun Allah oğlu, Allah olması fikrinə dəlalət etmirmi?
«Qurani-Kərim»ə görə, İsa Allahın bir peyğəmbəridir; Onun Allahın Oğlu olması islamda qeyri-mümkün hesab edilir. (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur); Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!) O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!) Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
Yaxud: Orada çarmıxa İsanın deyil, Onun bənzərinin çəkilməsi fikri də ziddiyyət yaradır. Bir insanın yerinə ona oxşar digərini necə öldürmək olar? O zaman Allahın ədalət prinisipləri pozulmurmu?! Həzrəti İsanı öldürən romalılar yəni bu qədərmi düşüncəsiz idilər? İsa öldürülmədən (ölmədən) Allah Qatına necə yüksələ bilərdi ki?
İsa Allahın ən sevimli Oğludur. O, Atasının yaratdığı ilk varlıq olduğuna görə, «bütün xilqətin fövqündə duran» adlanır. («Koloslulara» 1:15). İsa Allaha xüsusilə əzizdir, çünki Onun «vahid Oğludur» («Yəhya» 3:16). O, bilavasitə Allah tərəfindən yaradılan yeganə şəxsdir. Qalan hər şeyi Allah İsanın vasitəsilə yaradıb («Koloslulara» 1:16). İsa, həmçinin «Kəlam» adlanır («Yəhya» 1,14). Diqqət yetirin: yalnız İsa Allahın adından danışıb, Atanın xəbərini və öyüd-nəsihətlərini göydəki və yer üzündəki canlılara çatdırıb. Buda Onun Allah oğlu – Allah olmasına bir işarətdir.
İsa Məsihin gerçək Allah zərrəsi olduğunu hətta təhqir edilərkən belə, qarşı çıxmaması da təsdiqləyir; diqqət yetirək, İsa düşmənləri tərəfindən amansızcasına və iztirabla öldürülsə də, sonadək sadiqliyini qorudu («Filipililərə» 2,8). Həyatının son günlərində İsanın nələr yaşadığını təsəvvür edək: həbs, yalan ittihamlar, ədalətsiz hökm, izdiham tərəfindən lağa qoyulma, Roma əsgərlərinin verdiyi əzablar. Bütün bunların yaşanmas mütləq idi; o mənada ki, İsa yer üzərindəki günahlı insanlar üçü vəsilə ola bilsin.
İşgəncə dirəyində (çarmıxda) asıldığı zaman, İsa son nəfəsini verərək nida etdi: «Tamam oldu» («Yəhya» 19,30). Yəni İsanın yer üzərindəki canlı mövcudluğunun vaxtı yetdi. Və ölümünün üçüncü günündə Allah İsanı ruhani şəxsiyyət kimi diriltdi («1-ci Peter» 3,18). Bir neçə həftədən sonra İsa göyə qayıtdı, Allahın sağında oturdu və padşahlıq hakimiyyətini alacağı vaxtı gözlədi («İbranilərə» 10-12, 13).
Konkret olaraq deyək ki, İsa Allah olmasaydı, bütün dünyanın günahlarını və o günahların cəzasını öz üzərinə götürməzdi («1-ci Yəhya» 2,2). Yalnız Allah belə əbədi cəzanı götürə bilərdi («Romalılara» 5-8; «2-ci Korinflilərə» 5-21). Məntiqcə xilas yalnız İsa Məsihə iman edənlər üçün mümkündür. İsanın Xilasa yeganə yol olması Onun Allahlığını sübut edir: “Yol, həqiqət və həyat Mənəm; Mənim vasitəçiliyim olmasa, Atanın yanına heç kim gələ bilməz” («Yəhya» 14,6). Elə Müqəddəs Kitabda da deyilir: «Əbədi həyat o deməkdir ki, Səni, vahid həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar» («Yəhya» 17,3). Hansı ki, İsa dünyaya gəlməzdən çox-çox əvvəl Müqəddəs Kitabda Allahın yer üzünə Məsih, yə’ni Xilaskar göndərəcəyi qabaqcadan xəbər verilmişdi.
Müqəddəs Kitab İsanın yer üzünə gəlməzdən əvvəl göydə yaşadığını öyrədir. Mika peyğəmbər Məsihin harada anadan olacağını peyğəmbərlik etməklə yanaşı, onun «zamanın başlanğıcından» yarandığını da demişdir («Mikeya» 5,2). İsa özü dəfələrlə demişdi ki, yerə gəlməzdən əvvəl göydə yaşayıb («Yəhya» 3-13; 6,38, 62; 17-4, 5). Bu da o anlmaa gəlir ki, Gözəgörünməz ruhani varlıq olarkən, İsanın Yehova ilə xüsusi qarşılıqlı münasibətləri olub.
Doğuluşuna iftira atanlara, Məryəmi ittiham edənlərə həqiqəti bildirmək üçün (Məryəm) Ona (İsaya – red. H.M.) işarə etdi. Onlar dedilər: “Beşikdə olan körpə ilə necə danışaq?” (Körpə) (dil) (açıb) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O, mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi. Həm də (məni) anama qarşı qayğıkeş (etdi); məni lovğa və bədbəxt etmədi. Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”” («Məryəm», 29-33). Dünyanın hansı yerində nə zaman belə bir körpə insan bətnindən zühur edib? Belə bir halın baş verəcəyi isə əbədiyyən mümkünsüzdür. Bütün bunların fonunda bir daha demək istəyirik ki, İsa (Məsih -məsh edilən olaraq) Allah oğludur – Allahdır. Dünyanın sonunda da Yer üzünə yalnız O gələcək. Ona həmd və sənalar olsun! Amin!