Apriori
Alın yazısına, qismətə inanmırdı. “ İnsan yalnız zövq almaq, xoşbəxt olmaq üçün yaranıbdır ” – deyirdi, ürəyi hansı qadına, qıza isindisə, onlara qarşı fərqli niyyətlərlə addımlar atdı. Atdığı hər addımda sonsuz ümidləri vardı. Səmayə xanım oğlunun dağınıq gözlərindən utanırdı. Zamana tez vaxtda yaxşı qız tapıb evləndirməsə, oğlunun arxasınca türməyə ziyarətə gedəcək günlər uzaqda deyildi, ən pis halda isə, ürəyi yaralı, parçalanmış ana kimi qəbrinin üstə gül qoymaq ehtimalı da var idi. Dəfələrlə oğlundan şikayətlər bir-birinin ardınca gəlirdi: ya oğlunu rədd elə buralardan, ya da köçün gedin…
Zaman ağıllıydı ( qorxaqlar özlərini adətən ağıllı göstərirlər ), evində kişi olmayan qadınlarla, qardaşı olmayan qızlarla gələcəkdə xatırlayacağı xatirələri üçün günlər yaşayırdı. Yeni-yeni qadın qoxularını onlar marketin qapısından içəri girməmiş duyurdu. Qadınların əksəriyyəti dar düşüncələrində formalaşdırdığı sınaqlarından keçməmişdilər. Aləmində dilə gətirilməsi düzgün olmayan müxtəlif adlar, damğalar qazanmışdılar.
Anası Səmayə bir gecə çox dad elədi, fəryad qopartdı. Yorulub yola gətirə bilmədiyi oğluna xəbərdarlıq etdi; – bir gün bezib gedəcəm. Sənidə övladlıqdan siləcəm – dedi, dizlərini çırpa-çırpa yerə çökdü, hönkür-hönkür ağladı. Zamanı anası çox danlamışdı, lakin bu vəziyyətdə görməmişdi. İlk dəfə utandı. Anasına yaxınlaşdı, qucaqladı. Bir neçə dəqiqəlik sükutdan sonra dilə gəldi. Anasını sevindirməyə özünü borclu hiss etməkdən çox, məcbur qalan adam kimi danışdı; – bağışla qurban olum. Bəsdir e, mən də bezdim avaraçılıqdan. Get, kimi istəyirsən al. Orta məktəbi qurtaran qız olsa yaxşı olar. Gözü açılmış qız istəmirəm, ev qızı olsun.
Səmayə xanım sevindi; – Bəs necə? Nə görmüsən o pozğunlarda? Sinif yoldaşımın qızı var. Məktəbi bu il qurtarıb. Hər telefonda danışanda anası mənə söz atır ki, onsuzda oxumur, yaxşı qismət olsaydı verərdik. Qız çöl nədir bilmir heç.
Zamanı fikir götürdü; – Qızı görmüsən? Heç olmasa, mənə də yaraşsın. Bu qızla sabah çölə-bayıra çıxmaq var.
Səmayə xanım gülümsədi; – Göyçəkdi. Bir suyu sənə çəkir.
Zaman sevindi; – Daha de dünya gözəlidirdə.
Səmayə əvvəlcədən aldığı üzüklə sinif yoldaşı, neçə illik rəfiqəsi Ruhanəgilə getdi. Ərsiz olan iki qadın söhbəti çox uzatmadılar, aralarında razılığa gəldilər. Nişan etməmiş bir başa toyun olacağı ayı dəqiqləşdirdilər. Ruhanənin əri bir il bundan əvvəl şəkərdən haqq dünyasına qovuşmuşdu. Arvadına və qızına miras qoyduğu iki obyektdən hər ay yaxşı pul gəlirdi evə.
Səmayəgilin də qazancı pis deyildi. Hər iki ailənin toyu uzatmaq üçün heç bir səbəbi yoxuydu.
Səmayə özüylə gətirdiyi üzüyü gələcək gəlininin barmağına taxdı, alnından öpüb xeyir duasını verdi. Gəlin olacaq Sevil on səkkiz yaşında özünü otuz ilin arvadı kimi hazırlamışdı. Zamana isə, evdə arxayın ola biləcək qadın lazımdır. Gözü açılmamış, anasına qulluq edəcək qadın!…
Payızın ilk oğlan çağını xatırladacaq ay – Sentyabr.
Toyuna on beş gün qalmız Zaman məhlədə üç ildi görüşdüyü dul qadından – Şəbnəmdən başqa, telefonundan digər qızların,qadınların nömrələrini silmişdi. Özündən on yaş böyük olan Şəbnəm o biri görüşdüyü qadınlar kimi onun cibini güdmürdü. Əksinə, yeri gələndə, xeyri dəyəcək məsləhətlər verirdi. Bəzən Zaman heyfslənərək bildirmişdi ki, aralarındakı yaş fərqinə baxmayaraq, həyatındakı ilk kişisi olsaydı, ailə quracağı qadın mütləq Şəbnəm olardı.
Səmayə oğluyla Şəbnəm arasındakı münasibətə dəfələrlə öz iradlarını bildirmişdi. Şəbnəmdən ayrılmağa Zamanın ürəyi gəlmirdi. Bir neçə dəfə özü ayrılıb, təkrar yenə Şəbnəmə qayıtmışdı.
Nə qədər çox insanla ünsüyyət qursan, dəfələrlə sevsən, sonunda yenə doğmalıq hiss etdiyin, bağlandığın insana geri qayıdırsan. Zamanla Şəbnəm arasındakı münasibət ilk aylardan uzaq, sonradan isə, izah oluna bilinməyəcək bağlılıq, fərqli hisslərdir.
Səmayə razı deyildi – oğlu Şəbnəmi toyuna çağırsın. Şəbnəm özü toyda iştirak etmək istəyirdi.
Saat altıdır. Qız tərəfdən də, oğlan tərəfdən də gələn qonaqlar əvvəlcədən dəvətnamələrində nömrəsi yazılmış yerlərində əyləşdilər. Şəbnəm bəy-gəlin stoluna yaxın, qonşuların arasında yox, Zamanın qohumları arasında oturmuşdu. Səmayə qəsdən o yeri göstərmişdi, oğlunun xoşbəxtliyini görsün, qadınlıq qüruruna toxunsun, toydan sonra hər şeyə nöqtə qoysun.
Bəylə gəlin gələnə qədər Şəbnəm Səmayənin həkim olan bibisi qızı ilə tanış oldu. Vaxt keçdikcə həkimlə söhbəti səmimi, açıq olurdu. Həkim qızların düzgün tərbiyə olunmamasından gileylənirdi. Evinə gizli özünü bərpa etməyə gələn qızlardan danışırdı. Şəbnəm isə, əlini çənəsinin altına qoyub, sadəlövh uşaq kimi dinləyirdi. Məclisdəki bəzi qonaqlar səbirsiz idi, yeyib-içmək çoxdan başlamışdı.
Budur, vağzalı sədaları altında gəlin bəyin qoluna giribdir, ikisi də asta-asta pilləkanları qalxırlar. Şəbnəm divara vurulmuş televizora baxır, Zamanın qoluna girmiş gəlinin yerində özünü təsəvvür edirdi. Bədəninə qəribə istilik gəlirdi.
İnsanın özünün özünə pərt olması xoşagəlməz hisslərdən başqa heçnə deyil. İçində nələrsə qırılır. Dişinin ağrısı başına vuran kimi, inciyən ruhunda bədənini sızıldadır, ağrı verir. Elə bir gün gəlir ki,açılan bütün yaralar qabıq bağlayır, bəzən unudulur, üzündən üzlər alır.
Bəy-gəlin zala daxil olanda qonaqların çoxu ayağa qalxır, əl çalırlar. Səmayənin həkim qohumunun üzündə çaş-baş adamların ifadəsi vardı:
- Elə bil gəlini hardasa görmüşəm.
Şəbnəm bəydən gözlərini çəkmirdi, ona həsrətlə baxırdı. Səmayə, onların münasibətlərini bilən qonşular arada gözlərini ona dikirdilər. Cavanlar səbəbkarları aralarında görünməz etdilər. Nigah mərasiminin olduğu məqamıydı. Nigahı kəsən qadın hər toyda təkrarladığı sözləri bu toyda da deyirdi.
Həkim qadın yenə qaşqabaqlı dedi: – Vallah, bu gəlini görmüşəm. Elə bil bizdə olubdur.
Şəbnəm indi qadının dediklərinə fikir verir: – Başa düşmədim. Bilmirsiz evinizə kim gəlir, kim gedir?
Həkim qadın: – Bəyaq izah elədim axı, indiki qızlar…Ay aman!…Allah mənə ölüm ver.
Həkim qadın stula çökür; – Mən nə iş görmüşəm, ay allah. Mən bu gəlini…
Şəbnəm stəkana şirə süzür, qadına uzadır, ona yaxın stulda əyləşir; – İçin. Nə oldu sizə?
Qadın şirədən içir, gözləri yaşlıydı;- Mən hardan biləydim ki, bu ləçər bizə gəlin gəlir. Bilmirdim axı!..
Şəbnəm televizordan gəlinə baxır; – Belə de. Bu gəlinin on səkkiz yaşı var hələ.
Həkim qadın; – Ağzımı açsam böyük biabırçılıq olacaq.Səmayə bunu hardan tapdı?
Şəbnəm gülümsəyir: – Rəfiqəsinin qızıdır.
Həkim qadın: – İndi mən neyniyim? Səmayəyə necə deyim ki gəlinin…
Şəbnəm qadının sözünü kəsir; – Sakit, nə danışırsız? Yaxşı ki, stolda ikimizdən başqa heç kim yoxdur. Uşaqdıda, deyəcəksiz nə olacaq? Qaytaracaqlar geri, ortalıqda qalıb pozulacaq.
Həkim qadın stolun üstündən götürdüyü salfetkayla üzünün tərini silir; – Narahat olma, belələri səhrada da özünə yol tapar. ( gözləri təzədən dolur) Yazıq Zaman, gəzdi-gəzdi, axırda pozğuna qismət oldu.
Şəbnəm: – Səmayə xanımın arzuladığı gəlindir. Lazım deyil daha, ağzınızı açsaz, siz də biabır olacaqsız. Məndəndə arxayın olun. Heç kimə bir kəlmə də demərəm. Siz də fərz edin ki, o qız yanınıza gəlməyib.
Həkim qadın: – Bu qız özümə baxanda utanmayacaq?
Şəbnəm: – Əsas odur, ev qızıdır. Siz qonaq kimi sonacan oturun,susun. Səmayə xanım, qeyrət, namus düşkünüdür. Bilsə, ürəyi partlayar.
Bir müddət ikisi də susur. Zaman nigahı kəsən qadının gələcək arvadıyla evlənib-evlənməməsiylə bağlı suala üç dəfə “bəli…bəli…bəli…” cavab verməsi həkim qohumunu hövsələdən çıxardır. Zalda hər kəs gəlinlə bəyi alqışlayır. Həkim qadın balaca qara rəngdə olan toy çantasını götürür, ayağa qalxır; – Vallah boğuluram, axıracan otura biləyməcəm. Gedirəm pulumu yazam, cəhənnəm olam.
Şəbnəmə nə isə deməyə imkan vermədi, iti addımlarla gəlinlə bəyin başına yığışan qonaqların yanından əsəbi keçdi.
Qohumunun zalın qapısından çıxdığını görən Səmayə Şəbnəmə yaxınlaşır, qaşqabaqlı, könülsüz soruşur: – Nə olub?
Şəbnəm: – Pul yazdırmağa getdi.
Səmayə gəliniylə oğluna, sonra Şəbnəmə kinayə ilə, qalib gələn qadın kimi baxdı.Əksinə, Şəbnəmin gözləri gülürdü, Səmayənin gözlərinə dik baxdı.Onun düşündüyündən fərqli olaraq kədərli yox, bəxtiyar, şad, böyük uğur qazanan qadın idi.
Taleyini yazan qələm onun əlində deyildi, əri öləndən sonra Zamanla adı ikiyə çıxmışdı. Ona həmişə əxlaqsız qadın kimi baxan Səmayənin seçdiyi on səkkiz yaşı təzə tamam olmuş gəlinin isə, şəhvəti tale yazan qələmin mürəkkəbindən tökülənlərə oxşamırdı.
Heyfslənirdi!…Kaş Səmayə həqiqətlərdən sonra, onu da müqəddəs biləydi!…