sq

Azər Rəşidoğlu-Xanlarov-həm qrup yoldaşım, həm də həmkarım. Azərlə tanışlığımız Yaradıcılıq fakültəsindən olub. Hər ikimiz dilçi olduğumuzdan maraqlı fikir mübadilələrimiz olur. İstər elmlə, istərsə də yaradıcılıqla bağlı. Azərin kitabı ilə bağlı tanışlığı bitirəndə sanki bu şeirlərlə nə vaxtsa rastlaşmışıq kimi gəldi mənə. Diqqətimi çəkən hallardan biri bu oldu ki, şeirlərin əksəriyyəti bir və ya iki bənddən ibarətdir. Sanki mövzu birmir. Şair tələsir şeir yazanda. Hər gənc şair kimi Azərin də şeirlərinin ana mövzusu sevgi, ayrilıqdır. Şair izahı, isbatı olmayan bu hislərə tərif belə verir.

Gecələr ay işığında,
Tək qaldın, odur ayrılıq.
Neçə illik xatirədən,
Süzülən sudur ayrılıq.

VƏ YA

Səni unuda bilməmək,
Sənsiz heç nəyə gülməmək.
Gecənin ayrılıq səsi,
Əlin gözdən inciməsi.
Səni sevmək… Səni sevmək.

Sevgi şairi “ sevgidə qürur olmaz” fikrini təsdiqləyib sevdiyini qaytarmaq üçün

Qarşında diz çöküm, yalvarım, gülüm.
Qulun, kölən olum, ayrılma məndən.
İstə ürəyimi, canımı verim,
Səni sevən olum, ayrılma məndən.
Ahın- nalən olum, ayrılma məndən,
Dərdin-bəlan olum, ayrılma məndən.

Sevgini yaşamış və itirmiş birinin daxilindən süzülüb gələn fikirlər təəssüratı yaradır oxucuda. “Sənsizliy”i öz şeirlərində çox dolğun ifadə edib şair.

Çiçək olam, əllərinlə dəriləm,
Ləçək-ləçək saçın üstə səriləm,
Sənsiz can üstəyəm, sənsiz zəliləm,
Sənsiz bu dünyada nəyim var mənim?

Azərin şeirlərində Tanrıya müraciət çox yer alıb. Tanrıyla dərdlərini bölür, şikayətini bildirir. Müəmma dolu, cavabını tapmadığı suallar içində çapalayır şair şeirlərində. Bəzi şeirlərin adları üstüörtülü deyilən fikirlərdən doğur. Həm haqq dünyasına qovuşmağa tələsən, həm də məzara qoyulmaq istəməyən təzadlı fikirlərlə doludir bu şair.
Azərin şeirlərində vətən, Laçın niskili var. Hiss olunur ki, gözəl təbiəti görüb, duyub, duyduqlarını təsvirlə vərəqə tökməyi bacarıb. Şair aşıq yaradıcılığına, folklorumuzdan olan bayatılara, oxşamalara da yer verib yaradıcılığında. Gəraylıda belə cinas sözlərdən istifadə etmək gənc şairin uğurudur.
Əlbəttə ki, Azər gənc yazardır. Şeirlərində ədəbi normalar, dil qayda pozğunluqlarına da yol verib. Şeirlərdə bəzi gözəl fikirlərin təkrarını görürük. Belə desək , heç də yanılmarıq ki, şair özü-özündən oğurluq edib. Eyni misra, hətta beytlər digər şeirlərdə də yer alıb. Eyni şeir kitabda iki dəfə fərqli adlarda verilib -“ Ömür bumu?” və “Səndən sonra” başlıqları ilə.

Sevgi ürəyimdə bir kitab kimi.
Hər vərəqi həsrətindir-oxunmur.
Səndən sonra sənsiz qalan əllərim,
Bu dünyanın
Bir gülünə, çiçəyinə toxunmur.

***

“Ürək çoxdan çıxıb gedib,
Boş qalmış qəfəsə baxma”-Bu beytdə məntiq pozğunluğu var.

***

“Lalımaqdır işim-peşəm,
Bəlkə, yolumu dəyişəm?” – “lalımaqdır” sözü əslində “ləliməkdir” . Bu söz öz düzgün yazılışında olanda şeirin qafiyəsinə heç bir xələl gətirmir. Belə ifadə olunsa, daha düzgün olardı.

***

“Vətən deyib daşına qomardığın”- bu misrada “qomardığın” “qomarladığım “ mənasındadırsa, düzgün yazılmayıb.
Azərin söz ehtiyatının az olduğunu hiss etdim şeirlərində. O səbəbdən şeirlərində təkrara yol verir. Ancaq şair hər zaman axtarışdadır. Bu dəfə yeni dünya axtarışındadır. Nəsimi tək bu dünyaya sığmayan yeni bir şair yetişir. Azərin ən uğurlu hesab etdiyim şeiri:

Donmağa qış gəzirəm.
Gözümə od toxunub,
Soyuq baxış gəzirəm.
Həsrəti sinəm üstə,
Ilmə, naxış gəzirəm.
Bu yolda tək qalmışam,
Demək, ayrı canmışam.
Onsuz elə yanmışam,
Donmağa qış gəzirəm.

Həmkarıma yaradıcılıqda uğurlar diləyirəm.