SƏNİ YARALI SEVDİM
Gözdən, könüldən uzaq
Düşüb aralı, sevdim.
Oxlanıb kirpiyinlə,
Səni yaralı sevdim.
Lalələr qan içində,
Ha alış, yan içində.
Dağda duman içində
İtən maralı sevdim.
Heykəl qurub xəzəldən,
Eşq umdum hər gözəldən.
Bu dünyanı əzəldən
Ağlı-qaralı sevdim.
GÖRƏK KİM GÖZƏL AYRILIR
Gün keçdi dağın dalına,
Dağ sevindi bu halına.
Gəl ayrılıq vağzalına,
Görək kim gözəl ayrılır?!
Çiçəklədi tökdüyün qan,
Ruha tamarzıdır bu can.
Nəğmə öpür dodağımdan,
Könlümdən qəzəl ayrılır.
Sil ömrün-günün pasını,
Saxlayaq sevda yasını.
Payız açıb yaxasını.
Budaqdan xəzəl ayrılır.
KÖNÜL HEYRAN OLUB UCALIQLARA
Quşlar dimdiyini şehə batırıb,
İbadət eləyir yarpağın üstə.
Torpağın altından çıxan nə varsa.
Tapır qiymətini torpağın üstə.
Hər dağ bir təpənin əlindən tutub,
Könül heyran olub ucalıqlara.
Sən də ayağını Yerə möhkəm bas,
Özünə dağlar tək ucalıq ara.
Vətən torpağına bərəkət verir,
Bu zəhmət çiçəyi alın tərimiz.
Hər doğan Günəşin şəfəqlərində.-
Gülüb aynalanır ümidlərimiz.