Burdan aşağı baxanda hər şey necə qəribə görünür. Bu gün mənə o günü xatırladır. O gün də belə bərk külək vardı. Onların binasının qarşısında qollu-budaqlı bir ağac vardı. Mən həmişə onun budaqlarında oturardım. Dostlarımla hamımız sırayla bir budağa düzülərdik. Balaca meh əsən kimi hamısı uçardı, bir mən yox. Yelləncək kimi o budaqda yellənərdim. Ağacın başı buludlara dəyərdi. Indi, deyəsən,ağacı kəsiblər. Yoxsa burdan hər şey fərqli görünür? Bizim qonub oturduğumuz məkanlar fərqli idi. Binaların başı, paltar iplərinin üstü. Mən hansı quş idim? Unutdum. Hə, deyəsən, sərçə idim. Hə, dəqiq sərçə idim. İndi daha böyük görünürəm. Axı deyirlər burda hər kəs başqa cilddə olur. Gəl gedək oturaq o ağ pambığın üstündə. Görürsən necə yumşaqdır? Orda belə yumuşaq yerlər tapmırdıq biz. Onunla tanış olana kimi bilirsən nə qədər yer dəyişmişdim? Böyük quşlar oturduğumuz yerləri də əlimizdən alırdılar. Hələ yeməyimizi demirəm. Eh, sən hardan biləsən? Sən evdə bəslənmisən, qulluq görmüsən. Biz nə zülmlər çəkirdik. Bilirsən, yaxşı insanlar da var. Onun kimi. Ancaq bizə daş atanlar da çox olub. Biz bütün quşlardan sadiqik, heç yerə köçmürük. Qarda-boranda da yerimizi dəyişmirik. Niyə bizi sevmirlər görəsən?
Bir gün bir qaranquşun insan tərəfindən necə öldürüldüyünü gördük. Bilirsən səbəb nə idi? Bu qaranquş o adamların qapısında yuva qurmuşdu. Uzun müddət idi orda yaşayırdı. İnsanlar arasında belə bir deyim var-” Əgər qaranquş hansısa qapıda yuva qurarsa, o evə bədbəxtlik gətirər. Belə də olmuşdu. Evin başçısı dünyasını dəyişdi. Oğlu da qaranquşun yuvasını dağıtdı, özünü də öldürdü. Sən bilirsən biz quşlara yuva qurmaq necə çətindi? Sən bilməzsən, heç vaxt yuva dərdi çəkməmisən axı.
Bax o gördüyün evdə yaşayırdı mənim Şəhram. Hə, mənim Şəhram. Onunla bilirsən necə olub tanışlığımız? Gəl danışım sənə, dinlə. Necə olsa da, burda vaxtımız çoxdu.
Bir gün yem tapmışdım yeməyə. Böyük quşlar üstümə şığıdılar. Məni vurub yemi əlimdən aldılar. Elə baxma üzümə. Axı onlar məndən çox böyük idilər. Mən onda hələ lap da körpə idim. Onsuz da kövrək olan qanadlarımın birini əzdilər. Yemi yeyib, uçub getdilər. Uçmaq istədim, bacarmadım. Torpağın üstündə çapalayırdım. İnildəyirdim. Həmin an xəyallarım məni ölməyə qoymadı. Axı mən özümə yuva qurmaq üçün çör-çöp yığırdım. Elə gözəl yuvam olacaqdı ki. İçini də yunla döşəyəcəkdim. Mən hələ bala da qoyacaqdım. Xəyallarımda bala qoymuşdum, balalarım yumurtadan çıxmışdılar belə. Məni xəyallardan və ağrıdan isti, yumuşaq əllər oyatdı. Başıma tumar çəkdi. Məni əzizlədi, öpdü. Mən ilk dəfə məhəbbət hiss etdim. Bu nə gözəl hisdir. Mənə hərarət verdi, istilik, içimə bir təravət verdi. Qanadımın ağrısını unutdurdu belə mənim gözəl xanımım. Bilirsən necə gözəl idi? Ancaq o gözlər məni içində batırırdı. İlk dəfə bir insanı sevdim. Məni gətirdi evinə. Onun əllərində, ürəyində olan istilik evində yox idi. Buz kimi idi divarları. Qaranlıq, zülmət dolu. Mənim ürəyimi hərarətləndirən o sevgi, bəlli ki, onun evində yox idi. Mənə su verdi. Hardansa taxıl, sünbül dənəsi gətirdi mənə. Başıma sığal çəkərək onu mənə yedirtdi. Sonradan anladım ki, insanlar evlərində sünbül saxlayırlar ki, evləri ruzi-bərəkətli olsun. Ancaq o, bərəkətini mənə yedirtdi. Onu ilk toxunuşdan sevmişdim. Bu qədər qayğını yalnız o istirab dolu həyatı yaşayan məsum Şəhra göstərə bilərdi. Məni bura gələnə kimi evində saxladı. Yedirtdi, içirtdi, qayğıma qaldı. Ancaq mən onu qoruya bilmədim. Mənimlə insanla danışır kimi dərdləşirdi. Özünü mənə bənzədirdi. Deyirdi ki, məktəbdə idman dərsində hamıdan bərk qaçırdı. Arıq, balaca da olduğu üçün müəllimi ona sərçə deyirmiş. Mənə xəlvətcə öz gecikmiş məhəbbətindən danışırdı. Saatlarca onu dinləyirdim. Onu anladığımı bilirdi. Danışdıqca gözlərindən süzülən yaşlar ürəyimə bir dağ çəkirdi. Onunla mən də əzab çəkirdim. Gözünün yaşını silə bilməyəcək qədər aciz idim. Təsəlli verə bilməyəcək qədər çarəsiz idim. Hər hönkürtü ilə ağladığında mənim ürəyimə də böyük bir yara vururdu. Axı onun kimi qadın niyə belə əzab çəkməliydi?
Qanadım sağalmışdı. Uçurdum, gəzirdim, yenə qayıdırdım Şəhramın yanına. Hər onu qəmgin görəndə qərar verirdim ki, geri dönməmək üzrə əbədi gedəcəm. Onu o evdə onunla tək qoyub gedə də bilmirdim. Hər gun yeni bəhanələrlə edilən dava – dalaş. Bir gün də səbəb mən oldum. O “Aslan” məni ovcunda tutdu və Şəhrama əzab vermək üçün məni boğdu. Onun hıçqırıqlı ağladığını eşidirdim. Getdikcə səs uzaqlaşdı və mən gözlərimi burda açdım. O gündən də burdayam. Bura çox fərqlidir. Daha rahatdır. Yem axtarmırıq, yuva qurmuruq, heç uçmuruq da. Elə bu pambıqların üzərində günümüzü keçiririk. Bircə Şəhram yoxdu yanımda. Burda olmadığı üçün sevinirəm. Deməli, yaşayır. Yoxsa… Yoxsa insanlar bura gəlmirlər???