Oynayır…
Hərənin içində hava,
Hərə bir sözə oynayır.
Yoxuşlar üzü dağlara,
Enişlər düzə oynayır…
Misralardan evcik qurub,
Gah yorulub, gah oturub,
Yuxudan təzəcə durub,
Bu adam təzə oynayır…
Şükür olsun bu xoş günə,
Vaqif ol dünya felinə,
Var–dövlət verir əlinə,
Qarşında gürzə oynayır…
Düşür..
Xəyal aləminin tənhalıq quşu,
Gah göyə dirənir, gah yerə düşür.
Qəribə qurulub dünya nizamı,
Bir sirdən çıxmamış, min sirrə düşür.
Yarpağın üstündə yazıya bax sən,
Dünyanın sirrinə yazı yaz, bax sən,
Üzümüzə gələn bu yaza bax sən,
Bir fikrə düşməmiş, min fikrə düşür.
İstədiyim şeir dilimə gəlmir,
Sözlə tor atıram, felimə gəlmir,
Gəzib axtardığım əlimə gəlmir,
Xəyalım sətirdən–sətirə düşür.
Əgər
Pulları çiçəklərə çevirə
bilsəydik,
Deyərdim, xanım qız,
Mənə on dəstə çiçəyə
bir qadın paltosu verin,
Bu qış mənim sevgi fəslimdir.
O vaxt deyərdilər ki,
Müəllimlərin maaşı
yüz dəstə çiçəkdir.
Çörək bir ləçək,
İşıq pulu bir çiçək.
Pulları çiçəklərə çevirə bilsəydik,
Sevgi azalmazdı, əsla….
Buludlar dəyir uşaqlara…
Ərəblər gəliblər Muğana,
Ov ovlayır, quş quşlayır..
Açılan güllələrdən,
Gülün köçü başlayır.
Hara getsin bizim quşlar,
Canında güllə gəzdirir.
Üşüyən ayaqları,
İndi də güllə qızdırır.
Hara getsin bizim quşlar,
Belə güllə görməyiblər..
Yuvaların qapısını,
Tikməyiblər, hörməyiblər..
Ərəblər gəliblər Muğana,
Güllə dəyir quşlara.
Quşlar dəyir buludlara,
Buludlar dəyir uşaqlara.
Qoca..
Sual işarəsinə oxşayır qoca,
Sualın içində yaşayır qoca,
Yol gedir, yol gedir xatirələrə…
Sualın cavabı nəvələr gəlir,
Nidalar kimi…
Ayağını azca ləngidir qoca
Bir azca əyir belini,
Nəsə tapırmış kimi
Yenidən boylanır xatirələrə…
Xatirələr uzaqda deyil ki,
Əlində, üzündə qollarındadı.
Onunçün torpağa o əyilir ki,
Xatirələr getdiyi yollarındadı.
Əyilir birini qaldıra bilmir,
Beləcə dolanır küçəni qoca.
Bütün xatirələr qapısı bağlı.
Açılmır ki,
Keçə qocalıqdan gəncliyə qoca,
Həyattək çırpınır küçədə qoca.