e

II fəsil
Talesiz torpaqlar,bəxtsiz talelər

Başsız bir başçını məmləkətində,
Başla yeriyirdi çolaq ayaq da.
Hər gecə diksinib güllə səsindən,

Yatdı səksəkəli Ana torpaq da.
Səhəri gözündə açdı yuxulu,
Talesiz torpaqlar,bəxtsiz talelər.
Ayrılıq qorxulu,ölüm qoxulu,

Həyata hamilə cehiz talelər.
Hər gün bir faciə doğdu dan yeri,
Biganə yanaşdı o başbilənlər.
Onlar bilmədilər,sabah hər biri,

İtən dünən üçün düşüb dilənər.
Soyuq münasibətlər illər uzunu,
Soyutdu həmişə əməli əldən.
Çox oxuduq,çoban,qaytar quzunu,

Əldəki quzunu biz verdik əldən.
Min doqquz yüz səksən səkkizinci il,
Çiskinli noyabr,çənli noyabr.
Quqarkçün doğmuşdu,sanki,elə bil,

Həmin gün kədərli,qəmli noyabr.
Böyük qardaşına arxalanaraq,
Kiçik qardaş yurdu təmizləyirdi.
O kirli ruhunu bir zövq alaraq,

İnsan qanı ilə əzizləyirdi.
Orda öldürüldü,hər bir azəri,
Nifaq toxumunu göyərtdi bu iş.
Atıb alovlara bax diri-diri,

İnsanı yandıran insan deyilmiş.
Gör nələr görmədi bəlalı millət,
Tarixi əsrlər,illər yorğunu.
Sonsuz soyqırıma bu,körpü əlbət,

Bəxtsiz talelərin Quqark qırğını.
Hər gün gün keçdikcə artdı həvəsi,
İşğala can atan qarı düşmənin.
Yaman dərinləşdi bu dərd dərəsi,
Özü boyda oldu dərdi Vətənin.

Artıq 1991-ci il,
Qızğın müharibə od püskürürdü.
Gözünü bərəldib qurddur elə bil,
Quzğun müharibə ovun güdürdü.

Düşdü ləçək-ləçək torpağa güllər,
Kəsildi o yurdda xanın da səsi
Ölüm qorxusuyla söz açdı ellər,
Ağıyla diləndi səhər nəğməsi.

Faciə yazıldı alnına yurdun,
Bir yeni faciə,bir qara kənddə.
Hər biri ağlıyla bir şanlı ordu,
Qətlə yetirildi o Qarakənddə.

Xalqın görən gözü,düşünən beyni,
Qətlə yetirildi Tofiq,İsməti.
O yükü də çəkdi bu yurdun çiyni,
Bununla da getdi yurdun isməti.

Əsədov Məhəmməd, Mirzəyev Osman,
Həmin faciəyə qurban gedərkən.
Alının ölümün eşidən zaman,
Dəli bir ağlamaq keçdi könlümdən.

Getdi millət dərdin dərdi bilənlər,
Keçdi vəzifəyə işin bacarmaz
İşini sərgüzəşt sandı o rəhbər,
Sərgüzəşt sevəndə səriştə olmaz.

Budu gerçəkliyin xəyalın bu gün,
Sızladı ruhumun hər bir zərrəsi.
Olmayan vicdanlar qələmim üçün,
Hədəf nöqtəsidir,hədəf nöqtəsi.

III Fəsil
Qəhrəmanım
Kürün ağuşunda ləpələr nənni,
Sahildə çox gözəl bir kənd uyuyur.
Kür gecə sükutu pozan müğənni,
Hər səhər bu kəndi ilk an Kür duyur.

Ən zəngin varıdır ulğun meşəsi,
Kəndin şor torpağı şirindir,şirin.
Ana Vətənimin hər bir guşəsi,
Mənim qibləgahım,mənim and yerim.

Bu xoşbəxt məkana min alqış, ura,
Burada on iki Şəhid uyuyur.
Neftçala rayonu Aşağı Surra,
Burada hər günah boy-boy quruyur.

Gecədən keçmişdi,yatmışdı hər kəs,
Kəndə siqnal səsi saldı həyacan.
Anamı səslədim,Ana,dur,tələs,
Nə olub,görəsən, axı, Anacan?!

Anam cavab verdi,yəqin yenə də,
Qıydılar kiminsə gül balasına.
Bunu deyən zaman titrək səsində,
Az qaldı gül sözü min dəfə sına.

Mən onda bilirdim,Anam nə çəkir,
Bu ölüm bir yara təzələyirdi.
Axı yazıq Anam neçə illərdir,
Oğluna yas tutub ağı deyirdi.

Onun da oğlunu hərb xidmətində,
Xain əlləriylə vurdu xainlər.
Yazıq Anam kimi neçə sinədə,
Sevimli oğlunun sevgisi inlər.

Anam ağlayırdı gözdən axan yaş,
Didirdi anlamaz uşaq qəlbimi.
Əlimə götürüb yerdən iri daş,
Başlamaq istərdim uşaq hərbimi.

Xəyalda getmişdim ta Yeravana,
Qoşulmaq istərkən hərb həvəsinə.
Həyətdən səs gəldi,can bala can a,
Ayıldım qapının taqq,taqq səsinə.

Qonşu qadınıydı,eyni mənzərə,
Gözlərdən ən məsum bir qadın baxır.
Dayanıb heykəltək göz görə-görə,
Gözündən elə bil Kür çayı axır.

O da ağlayırdı çox qara xəbər,
Əclaflar öldürüb qonşum Zabili.
Gözündə qaraldı açılan səhər,
Bir anlıq tutuldu Anamın dili.

Belə köçdü getdi o gün dünyadan,
O gün şəhid günü açdı səhəri.
Əcəl pəncəsində bax insan-insan,
Asıldı çiynindən ölüm yəhəri.

Mən bir uşaq idim,həmin zamanda,
Bu dərddən iki il əvvəl görmüşdüm.
O əsgər qardaşım dəfn olunanda,
Bir dəfə onunla birgə ölmüşdüm.

Getdim dəfn yerinə,İlahi,bu nə?
Qadınlar saç yolur,ətini didir.
Kənd bu gün dönmüşdü insan selinə,
Baxan mənzərəyə özün tərk edir.

Qazan qapaqları hey cingildəyir,
Vurur bir-birinə onu qadınlar.
Eşidən kimsənin əti ürpəşir,
Sovrulur beynimdən İlahi anlar.

Dəfn mərasimi başlandı molla,
Salavat şevirib, Yasin oxudu.
Müsəlman dinində insan bu yolla,
Dəfn olsa,yan keçər cəhənnəm odu.

Hamı dağılışdı, dəfn qurtardı,
Hər kəs yas yerinə saldı yönünü.
O gün məzarlıqda bir insan qaldı,
Danışdı o ruha ürək sözünü.

And içib Zabilin qəbrinə Vüsal,
Döndü evlərinə döndü sadəcə.
Ağlı başqa yerdə görkəmi sual,
Cavab tapa bilmir,neyləsin gecə.

İlk qəti verdiyi fərman bu oldu,
Gedib danışacaq öz sevdiyiylə.
Düşündü,düşündü,gözləri doldu,
Deyəcək əlvida gedirəm elə?

Axşam şər düşürdü hər yer zülmətdi,
Gəldi görüşünə sandı son gecəm.
Dünyası bildiyi yarına dedi,
Gəlmişəm ki,deyəm gəlməyəcəyəm.

Gedirəm qoruyam Ana Vətəni,
Kirlənir orada namus pərdəsi.
Bu gün salıb qara dona Vətəni,
son yarpaqtək əsir,Vətən kəlməsi.

Hicran axıdırdı,ürəkdən sözə,
İki göz çeşmətək aşıb-qaynadı.
Qəlbində getmə,can,dedi,bu sözə,
Vüsal qəlbdə duydu,məhəl qoymadı.

Bu görüş əvvəlki görüşlər kimi,
İsti öpüşlərlə yadda qalmadı.
Vüsal sabah üçün öz keçmişini,
Qovdu xatirindən,məhəl qoymadı.

O busə almışdı, bu gün Vətəndən,
Şəhid qəbri üstə içmişdi andı.
Bir də bu görüşdə bayaq dəfndən,
Kölgətək bağlanan lentləri andı.

Görüşdü, Hicranla Vüsal bu gecə,
Vüsalı vəslinə çağırdı həyat.
Hicranın bulanıq gözlərindəcə,
Kürün ləpəsində qərq oldu həyat.

Vüsal birbaş ordan yollandı evə,
Yerişi özgəydi bu gün dünənə.
Qalxdı pilləkəndən o pillə-pillə,
Mən nə oğulam ki,Ana Vətənə.

Torpağım gün-gündən kiçilir,Allah!
Vətən namusuna niyə göz yumum?
Mənliyim badədə içilir,Allah,
Mən özümü qoyub kimdən nə umum?

Elə bu suallar qəlbi didirdi,
Anası səsləndi can bala gəldin.
Ana,gəlmək deyil Vüsalın dərdi,
Getməyə o düşüb bu gün didərgin.

Anasını gördü,doldu gözləri,
Ana,gördün onlar heç neylədilər?
Ananı çaşdırdı onun sözləri,
Dedi oğlum onlar,onlar de,kmlər?

Oəclaf,o nankor ermənilərin,
Etdiyi günahdan,şərdən deyirəm.
Qaraldıb gör neçə ömrün səhərin,
Düşməndən dost olmaz indi bilirəm.

Tarixin hər hansı səhifəsin aç,
Orda xəyanət var,xain əli var.
Daim hiylələrə olublar möhtac,
Ohan,sərhan,qriqor,robertli yanlar.

Ay Ana,Atama sən heç nə demə,
Mən sabah gedirəm müharibəyə.
Qayıdıb gələrəm,Ana,qəm yemə,
Mən bükdüm andımı,bir pak sevgiyə.

Ana dondu qaldı oğlu nə deyir,
Odlu müharibə, o şər Allahı.
Müharibə nədir,ay oğul bax bir,
Neçə sinələrdə soyumur ahı.

Ərsiz qoyub neçə cavan gəlini,
Nişanlı qızlara bir nişan vurub.
Neçə gəlininsə xına əlinin,
Xına kasasında qəsdinə durub.

Vüsal durdu baxdı, Ana,ay Ana,
Bir denən mən,ya sən Vətənsiz nəyik?
Ana yurdumuzun azadlığına,
Hamımız sevgili,şanlı əsgərik.

Yox sabah gedirəm,komissarlığa,
Mənim yaşım tamam gedə bilərəm.
Getmirəm mən ali təhsil almağa,
Onu sonra əldə edə bilərəm.

Anası gördü ki,içib şərbəti,
Məst olub bu eşqin şirinliyindən.
Odur ki söyləyir hər sözü qəti,
Hər söz qopur qəlbin dərinliyindən.

Gecəni yatdılar,yatdımı onlar,
Xeyr,Ana oğlunun dərdin çəkirdi.
Vüsala salama gəlirdi anlar,
Vüsal qəlbə Vətən eşqin əkirdi.

Açıldı səhərin qara pərdəsi,
Ay, Ulduz rolunu bitirdi getdi.
İlk sahər Ananın, Vüsal, dur səsi
Bomboş bir otaqda gülünc rəqs etdi.

Vüsal nə gəzirdi,Vüsal hardaydı?
Sübh gözün açmamış çıxmışdı yola.
Getdiyii hər yol,iz deyirdi haydı,
Qəhrəman yaxşı yol uğur bol ola.

Getdi,komissarlıq yazdı adını,
Göndərildi alov püskürən yerə.
İlk gündən sınayıb öz inadını,
Gedişiylə imza atdı zəfərə.