Günəşimsən, aya döndərib məni
Atdı sevgi adlı fəzaya Tanrı.
Sonra ordan geri göndərib məni
Məhkum etdi ağır cəzaya Tanrı.
Bu cəza ayrılıq, bu cəza hicran,
Nə edim? Buna da dözməliyəm mən.
İsti küləkləri qumlar sovuran
Səhrada Məcnuntək gəzməliyəm mən.
Ağlamaqla bitir hər günüm mənim,
Unutmayacağam olanları mən.
Gözdən uzaq keçir sürgünüm mənim,
Özümə dost billəm heyvanları mən.
Ayım sona yetər, ilim qurtarar,
Məni iztirabdan ölüm qurtarar.