Səhərin açılmasına hələ çox qalmışdı. Hava çox soyuq idi. Dünəndən bəri aramsız yağan qar hər tərəfi ağ örpəyə bürümüşdü. Fərəc kişi əllərində tutduğu ağır zənbillərlə küçəni üzü yuxarı qalxırdı. Qış tətilini başa vurmuş qızı Aytacı yenidən rayondan Bakıya kirayə qaldığı mənzilə aparırdı. Əllərində əlcək olmadığından arabir dayanır, zənbilləri yerə qoyaraq barmaqlarını ovuşdurur, sonra yenidən yoluna davam edirdi. Qar dənəcikləri sürətlə üzünə çırpılaraq onun yeriməsini çətinləşdirirdi. Tez-tez çevrilərək özündən bir-iki addım arxada addımlayan qızına nəzər yetirirdi. Övladının üşüdüyünü düşünürdü. O, bir anlıq dayanaraq Aytacın əlindəki balaca zənbili də öz əlinə aldı və bərk – bərk tapşırdı: “Əllərini paltonun cibinə sal. Evə çatana kimi çıxarma. Barmağların dona bilər”.
Yol uzandıqca zənbillər onun soyuqdan donmuş barmağlarını bıçaq kimi kəsirdi. Barmağları keyimişdi. Fərəc kişi bunların fərqinə varmadan düşünə-düşünə qürurla yoluna davam edirdi. Aytac bu il ali məktəbi bitirirdi. Müəllim olacaqdı. Atasının davamçısı olduğu üçün qızını ürəyində alqışlayırdı.
Mədəsində kəskin ağrılar vardı. Neçə saat idi ki, ac idi. Avtobus yolda yeməkxananın yanında saxlayanda qızına yemək üçün müəyyən şeylər almışdı. Özü üçün xəsislik etmişdi. Qızına kirayə ev üçün pul, əlavə aylıq cib xərcliyi verməliydi. Özlüyündə puluna qənaət etmiş olurdu. O yeməsə də olardı. Təki qızı ac qalmasın. Aytac yeyərkən nə qədər israr etsə də, “toxam” deyib heç nəyə əl vurmamışdı. “Qoy balam doyunca yesin”- deyib aclığını biruzə verməmişdi.
Qızı başını onun qollarına söykəyərək yuxulamış, o isə onu oyatmamaqdan ötrü səhərə kimi qolunu tərpətməmişdi.
Yol yorğunluğu bir yandan, soyuq da bir yandan….
Mənzil başına çatanda Fərəc kişi taqətdən düşdüyünü hiss etdi. Qızı qapını açan kimi özünü güclə içəri saldı və sobanın yanındakı kresloda əyləşdi. Bir anlıq gözləri qaraldı. Aytac sobanı yandırıb arxaya çevriləndə atasının bənizinin ağardığını, halsız olduğunu gördü. Göz yaşlarının saxlaya bilmədi. Aytac özünü itirməyərək cəld isti su gətirərək atasının ayaqlarını suya qoydu. Yun adyal ilə onu bürüdü. Atasının soyuqdan donmuş barmağlarını əllərinin içinə alaraq ehmalca ovuşdurmağa başladı. Barmağlar soyuqdan qıp-qırmızı qızarmışdı. Bir az keçdikdən sonra isti suyun təsirindən barmağlar sanki canlanmağa başladı. Fərəc kişi qızının canfəşanlıqla onun əlini ovxalamasını görərək kövrəldi. Atasının özünə gəldiyini görən Aytac “Ata, elə bildim soyuqdan donmusan, barmağların bükülmürdü, sandım ki…..”- sözlərinin arxasını gətirə bilməyib hönkürdü.
Fərəc kişi əlləriylə qızının saçlarını oxşadı:
Qızım, ölüm haqdır. Hamımız bu dünyada qonağıq. Zamanı gələndə köçüb gedəcəyik. Sən cavansan, oxumusan. Əminəm ki, mən ölsəm də yolumu davam etdirəcəksən. Şərəfli müəllim olub, xalqımızın övladlarına yazmaq, oxumaq öyrədəcəksən. Çünki, onlar bizim sabahımızdır.