sefaqet-cavansirli

Oxuduğum orta məktəb “ Xəzər” şadlıq sarayıyla üzbəüz binada yerləşirdi. Əslində, tibb universitetinin digər korpusunda bizə tələbələrdən sonra üçüncü mərtəbədə dərs deyirdilər. Hər birimizin dilində “ Qaçqın ” məktəbiydi.
Məktəbdə oxuduğumuz günlərdən biri idi. Pəncərədən baxanda insanların toplaşdığının şahidi olduq. Hadisə yerində polislər də vardı.
Sonradan bildik ki, binanın boşluq olan hissəsində təzə dünyaya gəlmiş körpə atılmışdı. O an hansı hissləri keçirdim, izah edə bilmirəm. Eyni sualları verirdim özümə: bu uşağın günahı nə idi ki, ata-anası və ya kimsə onu oraya qoyubsa vicdansızca mələk donundan çıxmayan körpəyə ölüm hökmünü verdi. Gücləri həyatın enişindən, yoxuşundan xəbərsiz körpəyə çatdı.

O körpəyə ki, əllərini, ayaqlarını tərpədəndə, güləndə yumru yanaqlarında təbəssüm yaradaraq insandakı dərdi bir anlıq unutdurur, səadətin qucağına atır.
Körpənin ora hansı səbəbə görə qoyulduğunu heç vaxt bilməyəcəyəm, bilirəm. Düşüncələrimdə “ qatil ana ” surətini də yaratmaq istəmirəm. Heç bir qadın ana kimi övladının qatili olmaq istəməz, onu isti qucağına yaraşdırmaq əvəzinə bədəninə ağ kəfəni layiq görməz, torpağa həvalə etməzdi.
Oxuyacağınız romanın isə, yalnız 30% əlavələrdən ibarətdir. Yəni 70% real həyatdan götürülmədir.

Çiçək qapı ağzındadır

Sərin yaz günlərinin birində uşaq evinin qapısından bir az aralı qara “ Mercedes ” markalı maşını saxlamışdı. Sürücü oğlan hirsdən gözləri qızarmış arxaya döndü. Arxa oturacaqda səssiz ağlayan qadının qucağında saxladığı körpəni cəld ondan aldı, qadının hıçqırtısı eşidildi. Qadının yaşı altmışa yaxın olardı. Oğlana yalvarmağa başladı.
– Qurban olaram Namiq, onun günahını bu uşaqdan çıxma. Uşağı alma əlimizdən, çıxıb gedərik buralardan. Nə sən bizi tanı, nə biz səni.
– Kəs səsini, kaftar. Bunu bağışlamağımı istəyəcək axırıncı adam da deyilsən. Dul adıyla mənə sırıdığın pozğun qızının başına bundan da betər oyunlar açacam. Hələ bu harasıdır? Ona şərəfli soyadımı vermişdim. Bu idi yaxşılığım? Qancıq öz evimdə mənə xəyanət elədi. Utanmaz-utanmaz “uşaq səndəndir” dediniz. Səncə mən sizə uşaq verərəm?

Namiq danışdıqca qadın saçlarını yolurdu, ağlayırdı. Namiq qucağında körpə maşından düşdü. Qadın yenə yalvarırdı:
– Yalvarıram sənə, qız uşağıdır, gələcəyini fikirləş. On səkkiz yaşından sonra buraxacaqlar, hara gedəcək onda?
– Ay sağ ol, pozğun qızın da yanındaydı. Haralara getmirdi? Narahat olma, anasının qızıdır. Özünə bir yol gec-tez tapacaq.
Namiq iti addımlarla uşaq evinin qapısınacan yaxınlaşdı. Qucağındakı körpəni yerə qoydu, gözləri dolmuşdu. Əliylə gözünün yaşını sildi, asta addımlarla geri qayıtdı. Maşında oturub yenidən qadına tərəf döndü.
– Bu haqda ana-bala kiməsə danışsaz, özünüzü ölmüş bilin. Pozğun qızına da başa salarsan. Boşanandan sonra hara istəsəz, cəhənnəm olarsız. Eşitdin? Səninləyəm, eşitdin?

Qadın danışa bilmirdi. Başıyla təsdiqləyirdi, ancaq ağlayırdı. Namiq maşını işə saldı. Maşın uzaqlaşdıqca yerdən qalxan toz havaya qarışdı.

Körpənin övladlığa götürülməsi

Qapını açan arıq, qarabuğdayı gənc qadın qapı ağzına qoyulmuş körpəni görəndə təəccüblənmədi, əksinə, heyfsləndi. Daha bir körpə valideyinlərindən uzaq həyat yaşayacaqdı. Qadın körpəni qucağına götürdü; – Heyif, sən də yaralı ceyranlardan oldun – deyib içəri keçdi, dəmir qapını örtdü.
Direktorun otağına daxil oldu, həyəcanla səsləndi:
– Nahidə xanım, Nahidə xanım. Uşağı qapının ağzında tapdım.
Nahidə tez-tez bu hallarla rastlaşmışdı. Təccüblənmədi, ayağa qalxdı, qadının qucağındakı körpəyə baxdı.
– Nə qədər olar? Ən zəhləm gedən vəziyyətdir. Hansı vicdanla qapının ağzina qoyurlar, başa düşə bilmirəmdə. Ay nə deyim sizə, heç olmasa xəbər edin, qapını döyün. Birdən gec çıxdıq, küçədə də nə qədər it desən var.Vallah, adam yorulur.
Nahidə bürünmüş körpənin ədyalını açanda kağız parçası çıxdı. Qatlanmış kağızı açıb yanındakı xanımın eşidəcəyi tərzdə oxudu:
– “ Xahiş edirəm məni qınamayın. Qızımın adı Çiçəkdir ” Buna bax, utanmaz-utanmaz qızım yazıb hələ. “ Altısı yanvar dünyaya gəlib. Bir ana kimi onu atmağa məcburam. İmkansızlıq məni buna vadar edib. İnanıram ki, qızıma ana yoxluğunu hiss elətdirməyəcəksiz. Allah köməyiniz olsun” Daha sözüm yoxdur. Neynəyək Fatma?
– Deməli adı Çiçəkdir. Mən də qızımın olmasını həmişə istəmişdim. Bu uşaq mənim kimi sonsuzlara verilsəydi, yoldaşım məni boşamazdı.

Fatma duruxdu, bir körpəyə, bir də Nahidəyə baxdı. Nahidə Fatmanın düşüncələrini oxumuşdu.
– Uşağı övladlığa götürmək istəyirsən?
– İstəsəz mənə kömək edə bilərsiz. Anamı itirəndən tək qalmışam. Xahiş edirəm, kömək edin mənə. Bilirəm, sizin buna gücünüz çatar. Xahiş edirəm, kömək edin Çiçək mənim qızım olsun.
Nahidənin gözləri doldu. Heç nə demədi, başıyla təsdiqlədi. Fatmayada bu lazım idi. Hönkürtü ilə ağladı, körpə də oyanan kimi çığırdı. Bir qadının , gələcəkdə qadın olacaq körpənin göz yaşları qarışdı bir-birinə…

1 – ci hissənin sonu.