Rəhmanın qəfil və vaxtsız vəfatı Şəfiqəni elə sarsıtdı ki, o, həyat yoldaşının yoxluğuna inana bilmirdi. Hər qapı açılanda Rəhmanın işdən evə qayıtdığını zənn edir, sonra yanıldığını anlayaraq için-için ağlayırdı. 32 yaşında 4 uşaqla başsız qalmaq çətin idi. Ailəni dolandırmaq, övladlarına həm ata, həm də ana olmalı idi. Uşaqlarından yalnız böyük qızı Zeynəb doqquzuncu sinifdə oxuyurdu. Oğlanları Osman beşinci, Bayram 6-cı, kiçik qızı Asimə isə 4-cü sinifdə oxuyurdu. Özünün heç bir ali savadı yox idi. Valideynləri onu erkən ərə vermişdilər. Rəhman ondan on beş yaş böyük olsa da, ailəsini ovcunun içində saxlayırdı. Zavodda müdir işlədiyindən rayonda hamı onu yaxşı tanıyırdı. Artıq hər şey keçmişdə qalmışdı. Şəfiqə ailəsini saxlamaqdan ötrü nəsə etməliydi.
Zeynəb atasının yoxluğu ilə heç cür barışa bilmirdi. Axı atası ona söz vermişdi ki, ali məktəbə qəbula gedəndə onu Qız qalasına, İçəri şəhərə, Şirvanşahlar sarayına aparacaqdı. Atası vəfat etdiyi gündən anasının yanından ayrılmırdı. Xüsusən də qonşuları Leylanın anasına dediyi sözlərdən sonra. O, Şəfiqəyə övladlarını atmağı, yeni həyat qurmağı məsləhət görmüşdü:
-Şəfiqə, əzizim cavansan, sən hələ nə görmüsən. Uşaqları apar Bakıya, qoy uşaq evinə, qayıt gəl. Dörd uşağı necə saxlayacaqsan?
Zeynəb anasının ona nə cavab verdiyini eşitməmişdi. Çünki qaçaraq öz otağına keçmiş, başını yastığının altına salaraq hönkür-hönkür ağlamışdı.
Şəfiqə tezdən yuxudan erkən oyanıb günorta yemək üçün uşaqlarına nahar hazırladı. Sonra Zeynəbin otağına keçib onu yuxudan oyatdı və astadan pıçıldadı:
– Sizə günortaya da yemək bişirmişəm. Yeməyinizi yeyəndən sonra yatarsınız. Qapını döyən olsa heç kimə açmayın. Bir yer var, oraya getməliyəm. Zeynəbi sanki ilan çaldı. O, cəld ayağa qalxaraq anasının əlindən tutdu. “Ana, nə olar, məni də özünlə apar. Burada qoyma”-deyib ağladı.
Ana qızının belə hərəkətini atasının ölümü ilə əlaqələndirib ona ürək – dirək verdi və evdən çıxdı. İş soraqlaya-soraqlaya gəlib bir binanın qarşısında dayandı. Dedilər ki, müdirə katibə lazımdı.O, pilləkənlərlə yuxarı mərtəbəyə qalxdı və müdirin otağına girdi. Düşdüyü vəziyyətdən danışdı və işə böyük ehtiyacı olduğunu söylədi. Müdir otağın içində gəzişərək gözlərini Şəfiqədən çəkə bilmirdi. Ac göz qurd kimi onu yemək istəyirdi. Bir az keçdikdən sonra nəhayət müdir dilləndi: “Xanım, elə bir zəmanədə yaşayırıq ki, hər şeyin başında pul dayanır. İşə girməkdən ötrü əlin cibində olmalıdır. Pulun yoxdursa başqa şey olmalıdır….”-deyib eyhamla əlini onun çiyninə qoydu.” Gözəl qadınsan. İşə qəbul olunmağın dilinin ucundan çıxan hə sözündən asılıdır. Nəinki katibə, tez bir zamanda şöbə müdiri vəzifəsinə qədər yüksələ bilərsən”.
Otaq Şəfiqənin başına fırlandı. O, ayağa qalxaraq müdirin üzünə sillə vurdu və üsyankarcasına qışqırdı: “Mənim namusum oyuncaq deyil, siz də onu satın alan market sahibi. İşinizı başınıza çalın. Canınız da cəhənnəm olsun”. Otağdan necə çıxdısa özü də bilmədi, maşın yolunu bir göz qırpımında keçdi. Əli-ayağı əsirdi. Birdən tanış səs eşidib dayandı. Kim isə onu səsləyirdi. Arxaya çevriləndə bir zamanlar ərinin sürücüsü işləmiş Kərim dayını gördü. Hal-əhval tutduğdan sonra Şəfiqə ona vəziyyətindən söz açdı və iş axtardığını söylədi. Kərim dayı kömək edəcəyinə söz verdi.
Hava qaralmaq üzrə idi. Anasının evə qayıtmaması Zeynəbi narahat edirdi. Ağlamağdan özünü güclə saxlayırdı. Qapının döyüldüyünü görən uşaqlar qapıya yüyürüşdülər. Qonşu Leyla idi. Zeynəb anasınının səhər tezdən harasa getdiyini və kimsəyə qapını açmamağı tapşırdığını söylədi. Elə o an anasının səsini eşitdi və qapını açdı. Anası Leyla ilə üz-üzə dayanmışdı. Əlindəki zənbildə nəsə var idi. Küçədən isti çörək qoxusu gəlirdi. Qızının gözləri anasının yanmış barmağına sataşdı.
Leyla Şəfiqəni görüb özünü əda ilə əzib büzdü. “Harada idin, ay qız. Bu nədir, ərsiz qadınsan, tezdən evdən çıxmısan evə indi gəlib çıxmısan. Fikirləşdim ki, yəqin uşaqların əlindən bezib, evdən baş götürüb qaçmısan. Onsuz da indi moddur, gəlinlər 2-3 uşağını, ərini evdə qoyub arvadı, uşağı olan kişilərə qoşulub qaçırlar”.
Şəfiqə övladlarının qulağı eşidə-eşidə ona bu sözləri deyən qadını bir dəfəlik yerində otuzdurmağı qərara aldı. Leylanın qolundan tutaraq qapının kənarına itələdi.
-Eşidirsən məni. Bir daha qapıma gəlmə. Övladlarını atan qadına ana deyilmir. Mən övladlarının gələcəyini kefə, həzzə satanlardan deyiləm. Nə namusumu sataram, nə də ki, övladlarımı ataram. Çörək bişirilən sexdə işə girmişəm. Çörək bişirib alnı açıq, üzü ağ, namusla övladlarımı saxlayacağam.
Şəfiqə qapını Leylanın üzünə bağlayıb övladları ilə bərabər həyətə daxil oldu. Zeynəb anasının yanmış barmağını ovcunun içinə alıb dodağlarına yaxınlaşdırdı. Övladının öpüşü ona ən böyük məlhəm oldu.
15-16.08.2015