DGTYB Yönətim Qurulu Başqan Yardımçısı
İyun ayının ortaları idi. Artıq yazın gündüzlər adamı sərinləndirən axşamlar isə əməlli-başlı üşüdən havası yayın istisi ilə əvəz olunurdu. İyun ayı iş ayı olduğundan gündüzlər çimərlikdə tək-tək adamlara rast gəlinirdi. Axşam saat 5-dən sonra isə Xəzərin sahilində əsil qələbəlik olurdu.
Havalar bir az da qızışacaqdısa biz də yaxın bir neçə gün ərzində dənizə gedəcəkdik. Anam belə planlaşdırmışdı. Çünki, biz həmişə dənizə getmək istəyəndə o “hələ vaxtı deyil, sizə soyuq olar”-deyirdi. Dənizə ailəmizdə mən daha çox can atırdım. Xəzər mənim uşaq təsəvvürümdə sonsuz idi. Elə bilirdim ki, nə qədər üzsən də onun sonuna çata bilməzsən. Məndən olsaydı hər gün dənizə gedər, hava qaralmamış geri qayıtmazdım. Amma valideynlərimin iş qrafiki buna imkan vermirdi. Hər dəniz mövsümündə atam eyni sözləri təkrar edib gileylənərdi:
-Dəniz ağzımızın içindədir. Əlimizi uzatsaq gedib dənizə çatar. Amma biz düz-əməlli gedib orda istirahət edə bilmirik.
Həsrətlə həftənin altıncı və bazar günlərini gözləyirdim. Xəzərin qırağında isti qumun üzərinə uzanmaq, günəşin məlhəm şüalarını cana çəkmək hamı kimi mənə də zövq verirdi. Həm də bir həftənin yorğunluğu canımızdan çıxır, (ailəmiz böyük olduğundan atam bizi dolandırmaqda çətinlik çəkir və mən də evin böyük uşağı olduğum üçün ona kömək edirdim) adamı sanki ikinci dəfə dünyaya gətirirdi. Xalam uşaqları məni quma basdıdırdılar. Yalnız başım görünürdü. O qədər ağırlaşırdım ki, elə bil indicə üzərimdən tank keçib. Bu mənim bütün yorğunluğumu aparırdı. Çox zaman da qumdan kiçik qalalar qurur, çimərlikdə maraqlı oyunlar oynayırdıq.
İyunun isti günlərinin birində həmişə olduğu kimi yenə də əmimin “Vaz 21” maşınına minib dənizə yollandıq. Bu gün hava həqiqətən də çox isti idi. Mənim digər yoldaşlarım kimi suda o tərəf bu tərəfə üzüb, suda gizlənqaç, qaçdı-tutdu oynamaqla aram yox idi. Suyun içində çox dayanmağa hövsələm çatmırdı. Suda çox dayananda elə bilirdim, kimsə mənim ayağımdan tutub çəkir. Bir dəfə dənizdə çimərkən qum ayağımın altından qaçdı. Burulğana düşdüyümü zənn etdim. Qorxumdan rəngim yenicə yetişmiş qarpız kimi al qırmızı olmuşdu. (Bunu mənə əmimin arvadı dedi). Tez əllərimi hərəkətə gətirib balıq kimi üzərək sahilə çıxdım (üzməyi yaxşı bacarıram, Xəzərin sahilində böyümüşəm axı) .
Dəniz kənarında süfrə salıb Allah yetirən nemətlərdən yeməyin ayrı bir ləzzəti var idi. Çimərlikdə adamların sayı artdıqca hər gün maraqlı hadisə baş verirdi. Gah maşınlar bir-birilərinə yol vermək üstündə mübahisə edir, hətta əlbəyaxa olur, gah da cavanlar arasında heç nə üstə dava düşürdü.
Xülasə, çimərliyə çatan kimi qardaşım və xalam uşaqları atam demiş, “mıxdan qopmuş dana” kimi suya tullandılar. Mən isə adətim üzrə suya atılmağa tələsmir, ləpədöyəndə dayanıb bu sirli- sehirli dənizi seyr edir, Xəzərin ecazkar gözəlliklərindən zövq alırdım. Həmişə olduğu kimi bu dəfə də gənclər çimərlikdə daha çox idi. Burada hər dəfə tanış üzlərə rast gəlirdim. Onlar balıqlar kimi dənizin daimi sakininə çevrilmişdilər. Gənclər dənizdə müxtəlif akrobatik hərəkətlər edir, bir-birilərinin çiyninə çıxaraq əks istiqamətə suya tullanırdılar. Gözüm onlarda idi. Bir-birilərini ucadan çağırdıqlarından adlarını da öyrənmişdim. Aralarında ən iri cüssəlisi, dostlarının Elvin adlandırdıqları gənc digər dostlarına nisbətən daha çox canfəşanlıq edir, müxtəlif hərəkətləri təkrar edirdi. Bu da səbəbsiz deyildi. Onun özünə əl qatmasına, dəridən-qabıqdan çıxmasına səbəb ətrafımızda ucadan danışıb-gülüşən qızlar idi. Mən bu qızlara fikir verirdim. Geydikləri çimərlik formasından, ətrafındakılara qətiyyən fikir verməyib ucadan danışmaq və heç bir səbəb olmadan qəh-qəhə çəkib gülmələrindən heç də tərbiyəli qızlar olmadıqları açıq-aydın görünürdü. Qızlar ucadan danışıb gülməklə oğlanların diqqətini özlərinə cəlb etmək istədikləri kimi oğlanlar da həmin qızların nəzər-diqqətini cəlb etmək üçün özlərini necə deyərlər oda-közə atmağa hazır idilər. Bu isə qızları məmnun edirdi. Onların, atam demişkən “cingənəliyi” təsirsiz ötüşməmişdi. Elvin əməlli-başlı bu yüngül qızların təsirinə düşmüşdü. Rəfiqələrdən Sevinc adlı birisi Elvinin çox xoşuna gəlmişdi. Sevinc çox gözəl idi. Mən ürəyimdə ixtiyarsız olaraq dilləndim: “Gözəl gözlü gözəl”. O, digər rəfiqələrindən daha çılğın, ehtiraslı görünürdü. Baxışlarında bir çəkicilik vardı. Amma, istifadəedici, vaxtkeçirici bir çəkilcilik idi. Çox güman, bu çəkicilik Elvinin gözünə sevgi-məhəbbət qığılcımları səpələyib onu ehtirasa gətirmişdi. Əbəs yerə demirlər, “gözlər aldadıcı olur”.
Qız güldükcə Elvin daha çox lovğalanırdı. Gözlərini Sevincdən ayırmadan dostlarına müraciətlə:
-Eyni hərəkətlərdən bezmədiniz, nə qədər bir-birinin çiyninə çıxıb suya tullanmaq olar?
Dostlarından İlkin adlı bəstəboy birisi Elvinə yaxınlaşdı:
-Yaxşı, nə təklif edirsən?
-Gəlin daha uzaqlara üzmək üçün yarış keçirək. Görək kim daha çox üzə bilər.
Əlbəttə, dostları onun sözünü tam başa düşmədilər. Elvinin əsil məqsədi “bu gözəl gözlü gözəlin” diqqətini daha çox cəlb etmək idi. “Hələ bir sahilə çıxım, bəlkə telefon nömrəsini də ala bildim. Sonrası asan idi. Sonra onu özümün sevgilisi etmək mənim kimi səriştəli ovçu üçün heç nədir”-deyə düşündü. Bir yüngül əxlaqlı qıza görə özünü oda-közə atmağa hazır olan Elvin çətinliklə də olsa dostlarını bu yarışa razı sala bildi.
Yarış başlandı. Mən bu yarışı diqqətlə izləyirdim. Bir yandan yarışın nəticəsini gözləyir, bir yandan da yüngülbeyin qızlardan ötrü özünü təhlükəyə atan bu gənclərin halına acıyırdım. Az sonra atam səsləndi:
-Nəyə baxırsan orda, gəl çörək ye!
-Ac deyiləm,- cavab verdim.
Özüm də bilmədən yalan danışdım. Əslində ac idim. Amma bu oyunun sonunu görmək marağı aclığımı hissimi üstələmişdi. Gəncləri diqqətlə izləyir, gözümü qırpmağa belə qorxurdum. Qorxurdum gözümü qırparam, bu anda yarış qurtarar.
Dörd oğlan yanaşı dayandı və yoldaşlardan biri bir, iki, üç deyən kimi gənclər hərəkətə keçdilər. Elvin öndə idi və tez-tez arxaya baxırdı. Sahildə bu yarışı izləyənlərin arasında o “gözəl gözlü gözəl” də var idi. Və elə bu bircə izləyici ona yetərli idi. Başqaları izləməsə də olardı. O, Elvinə baxır, Elvinsə daha da cəldləşir, nəhəng, vahiməli dəniz onun gözünə kiçik gölməçə kimi görünürdü. Üzməkdən qolları ağrısa da, özünü o yerə qoymurdu. Axı, bir anlıq dayansa qızın diqqəti ondan yayına bilərdi. Az sonra dostları bir-bir yorulub yarışı tərk etdilər. Elvin isə hey üzür, üzürdü. Deyəsən, Xəzərin Qazaxıstan sahillərinə çıxmaq istəyirdi. Dostlarından özünə ən yaxın hesab etdiyi Rəşid ucadan qışqırdı:
-Yaxşı, sən qalib gəldin. Biz yenildik. Qayıt gəl. Daha özünü çox “boğma”, yoxsa doğrudan da boğulacaqsan.
Elvin bu sözləri eşitsə də bunlara heç bir önəm vermədi. Rəşid həyəcanlandı. Dostları qorxu bürüdü. Çünki, qəfil bir xəzri başlamışdı. Dostlarının bağırıb-çığırmaları heç bir nəticə vermirdi. O, üz alıb gedir və gedirdi. Bu zaman nəhəng bir dalğa təkər kimi bir dairə şəklində qadın şaçlarına bənzər bir mənzərə yaratdı. Elvin bu nəhəng dalğanın arasında bir andaca görünməz oldu.
Bir neçə üzücü dəqiqə gəlib keçdi. Elvin görünmürdü, o, artıq batmışdı. Bunu başa düşən dostları tez FHN əməkdaşlarını axtarıb tapdılar. FHN əməkdaşları motorlu qayıqla yarım saata yaxın suda axtarış apardılar. İndi ətrafımızda hamı çimmək həvəsindən düşmüş, gözlərini mavi sulara dikib axtarışın nə ilə sonuclancağını gözləyirdi. Tanımadıqları bu gəncin taleyi insanları çox narahat edirdi. Daha bir neçə dəqiqə keçdi, xilasedicilərin qayığı sahilə yan aldı. Onlar Elvinin cəsədini sudan çıxarmışdılar. Cəsədi görcək Rəşidin ürəyi getdi. Güc-bəla ilə onu özünə gətirdilər. Bayaq ucadan gülən “gözəl gözlü gözəl” isə rəfiqələri ilə bir az öncə, heç hadisənin sonunu belə gözləmədən başqa bir “Elvin”in “Mercedes”inə minib getmişdi.
Həmin gün dəniz çox qəzəbli idi. Onun qəzəbinin əsli səbəbini Tanrıdan başqa heç kim bilmirdi və bilə də bilməzdi. Çox həyəcanlanmışdım və özümü itirmişdim. Nə yemək, nə içmək məni maraqlandırmırdı, üzgün və kədərli idim.
Artıq hava qaralır, camaat yavaş-yavaş evlərinə dağılışırdı. Biz də bir azdan tərpənəcəkdik. Amma mən fikirli halda dənizi seyr edir, bir az öncə baş vermiş bu faciənin təsirindən ayıla bilmirdim. Bu zaman daha bir qorxulu hadisə baş verdi. İki nəhəng dalğa yanaşı addımlayan iki insan kimi özünü sahilə çırpdı. Qandan doymayan dəniz sanki daha bir neçə nəfəri öz ağuşuna çəkib aparmaq istəyirdi. Az sonra dəniz qəfildən coşduğu kimi, birdən-birə sakitləşdi və həmin iki dalğa qəfil gəldiyi kimi qəfil də yox oldu, əridi getdi. Birdə ki, dənizin nə vecinə, o ki istəyinə nail olmuşdu. Ucaboy enlikürək, amma ağılsız bir igidi öz ağuşuna alıb sonsuz bir aləmə aparmışdı. İndi o elə sakitləşmişdi ki, elə bil o, heç coşmamış, öz ağılsız hərəkətlərinin qurbanı olmuş Elvinin gənc həyatını yarımçıq kəsməmişdi.
Mən öz-özlüyümdə bu iki dalğanı iki insana bənzətdim. Bir-birilərini mühakimə edən iki insana…
Bir müddətdən sonra atam səsləndi:
-Oğlum, gəl əynini dəyiş, evə gedirik.