sv

AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bu gün işdən tez çıxmışdı… Adətən, işi ən tezi axşamın 7-də bitirdi. Bu gün özü-özünə bir neçə saatlıq istirahət verməyi düşünmüşdü. Saat 4 olmamış artıq Gəncə çayının üstündəki körpüdəydi. Əvvəlcə sürətlə evə çatıb bir az uzanmaq, sonra da acgözlüklə yeni aldığı filmi-“Culiyanın gözləri” dəhşət filmini izləmək niyyətindəydi. Körpüyə çatınca çayın şırıltılı səsi onu addımlarını yavaşıtmağa məcbur etdi. Uzun zamandır bu çayda belə şırıltı olmurdu. Dayanıb körpünün məhəccəri üstündə qollarını çarpazladı… Uzun-uzun üzü aşağı baxdı… Dəmir piyada körpüsündən bir dəstə al-əlvan geyimli uşaqlar keçirdi. Deyəsən, bağça uşaqları idi. “Yəqin, yenə müəllim-tərbiyəçilər onları harasa aparır”-deyə düşündü… Fikrinə onu da gətirdi ki, indi o rəngarəngliyin içində onun da qızı olsaydı… Dodaqlarına incə kinayəli bir təbəssüm qondu…
-Ehhh… Ay Quzey…Quzey… Ömrünü quzeyə çoxdan verdin, bə adam…
Öz-özüylə danışdığı zaman özünə adıyla müraciət etməyi sevirdi… İşlədiyi texnoloji şirkətdə isə sadəcə “Müəllim” çağırılırdı. Çünki, adından heç vaxt xoşlanmamışdı. Uşaqlıqda düşünürdü ki, bu ad ona yaraşmır… Çünki, bu yaşacan hələ heç yerdə öz adına rast gəlməmişdi. Və heç vaxt da onu qürurla “Quzeyim, güneyim” çağıran anasından ona bu adın niyə, necə qoyulmasını soruşmamışdı…

İndi də üzünü dağlara tərəf çevirdi. Arxasını söykədi körpü məhəccərinə… Çarpazlı əllərini palıdı kostyumun ciblərində gizlətdi. İşə bax, heç fərqinə varmayıb, bu gün ən sevimli kostyumunu geyinib… Baxışlarını kostyumundan qaldırıb dağlara səmtlədi. Nəsə dağların havası xoşuna gəlmədi. Boz-bulanıq idi… Elə bil dağların bütün hissləri bir-birinə qarışmışdı… Hisslər… Quzey hələ də dağları beynində özü ilə müqayisə etməkdəydi… Dağların qarışan hisslərini özünün baş açmadığı yaşantılarına bənzətdi… Kostyumun sol cibində telefonunu bərk-bərk sıxdı… Sanki çətin bir işə başlayır kimi sağ əli ilə alnını sildi, sol əli ilə telefonu astaca cibindən çıxarıb sinəsinə sıxdı… Sonra asta-asta gözlərinə yaxınlaşdırdı. Telefonun ekranında mesaj işarəsi vardı… Ürəyinin bərk-bərk döyüntüsü altında pıçıldadı:
-Allahım, məni məndən qoru, nolar! Bu mesaj da ondan olmasın!
Mesaj ondan idi… Bilmədi sevinsin, yoxsa hirslənsin… Əslində, sevincini ölçə bilməzdi… Bu sevinc boydakı hirsini də… Çünki, hər dəfə ona nəsə yazanda “Allahım, daha yazmaz, inşallah”-deyirdi. Cavab yazılınca da hirsindən özünə yer tapmırdı. Axı, gözəl anlayırdı ki, bu yazışma səhvdi… Böyük bir səhv… Hər mesaj gəldiyini xəbər verən incə musiqi isə onun ən böyük sevinciydi… Əvəzsiz bir sevinc… Bu qarmaqarışıq hisslərin əlində neçə gündü yemək-içməyi belə düzənsiz olmuşdu… Yuxusu da ərşə çəkilmişdi…
Mesajı titrəyən barmaqlarıyla açdı…
“İnsanın elə xəyalları var ki, puzzle kimidir, qurur, qurur… Həmişə də biri əksik qalır… Bu arada, Mohitonun ikinci mərtəbəsində palma ağacı var…”
Telefonu tələsik cibinə qoydu ki, nəsə yazmasın… Bilirdi ki, yazmadan da dura bilməyəcək…
Bu mesajı yazanla üz-üzə gəldiklərini xatırlaya bilmirdi. Bəlkə yolda görsə tanımazdı heç… Yaşı 30-u çoxdan keçməsinə baxmayaraq, ömrünü-gününü işinə həsr eləmişdi. Demək olar ki, bu şəhərdə ikinci onun kimi öz sənətini sevən, yalnız səhərdən axşama kimi işini düşünən ikinci bir həmyaşıdı yox idi… Vardısa, o tanımırdı.. Həmişə bu məsuliyyəti, düzənliliyi ilə fəxr edirdi. Hisslərini belə həmişə düzəndə saxlamağı bacarırdı… Həyatına daxil etdiyi qadınların belə həyatında olma vaxtını dəqiq hesablayardı… Ayla -2 ay, xasiyyəti tünddü… Münəvvər-1 il, istedadlıdır, əla həmsöhbətdir… Nuranə-bir həftə, aqressivdi, hökmünü yeritməyə çalışacaq sonra… və s… və s….
Və həmişə də qurduğu bu hiss düsturlarına sadiq qalmışdı. Funksiyasını özü bildiyi kimi başlamış, hamısını da D=0 ilə həll eləmişdi… Odur ki, heç vaxt evlənmək, ailə qurmaq, yaxud da kiminləsə davamlı münasibət onu düşündürmürdü. Bu kimi fikirlər onu işindən ayıra bilərdi. Amma, bu yazışma olmasaydı…
Əksəriyyəti 3 olan, bu bir-birinə sığınan sevimli rəqəmlər onun qarşısına çıxmasaydı… Yəqin ki, hisslərinin düzənini heç vaxt pozmayacaqdı.. Heç vaxt!!! Heç… Vaxt… İndi bu “heç vaxt” onun ürəyini didirdi. Öz-özünə xəyanət etmiş kimi idi… Axı, yaşadığı hisslər düzənsiz idi… Sanki, bu hisslər tez-tez, anidən dəyişməklə onunla oynayırdılar…
… Bir həftə öncə işlədiyi şirkətin “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Nuray xanım əlində kitab koridorda qarşısına çıxmışdı:
-Müəllim, tanıyırsız? Bu qız siz tərəfdə olur, amma, görün nə gözəl şeirlər yazır… Adamın ağlamağı gəlir… Tanıyırsınız onu?
Heç vaxt kitaba belə marağı olmamışdı. Amma, bu dəfə əlini kitaba uzatdı… Nuray xanım kitabı tərəddüdlə ona verdi. Sanki, Quzeyin gözlərində yaratdığı marağa peşman olmuşdu:
-Özü elə də gözəl deyil eee, müəllim… Şeirləri gözəldi…
Quzey təmkinli halını pozmadan qürurlu gülümsəmiş, kitabı alıb otağına çəkilmişdi… Və saatyarım içində kitabı bütünlükdə oxumuşdu… İşə bax, gözləri nəmlənmişdi… Özü-özünə yenə hesabat verdi:
-Ay Quzey, burda ağlamalı nə var ki? Birnəfəsə bir belə oxursan, gözlərin sulanar nədi, yerindən çıxar, bə adam…
Kitabı örtərkən arxa cilddə bir cümlə rastına çıxmışdı: Müəlliflə əlaqə… Və o sevimli rəqəmlər… Və yazdığı ilk mesaj…
“Hələ də yazırsanmı?”
Cavab da ləngiməmişdi:
“Bəli, Quzey bəy… ”
Düşündü ki, bu qız onu hardan tanıyır, görəsən? Nuraydan onun haqqında soruşmaq ağılsızlıq olardı… Odur ki, axşam küçəni kəşfiyyata çıxmaq lazım idi…
-Nuray dedi ki, biz tərəfdə qalır…
İki gün içində o qızın qonşu küçədə yaşadığını öyrəndi… Ancaq, hansı evdə? Bax, bunu tapammadı… Bəlkə də tapacaqdı, son anda özünə xəyanətini dərk etmiş olmasaydı… Hər gün qonşu küçədən saldı yolunu… Və qürurlu, hikkəli baxışları ilə bu küçənin bütün pəncərələrini oxşadı…
…Bax, bu pəncərədə qızılgüllər açıb… Yəqin, onun pəncərəsidir… Görəsən, bu güllərə də şeir yazıb?
Bu pəncərədən nə qəşəng uşaq paltarları asılıb… Rəngarəng bahar çiçəkləri kimi… Bəlkə, elə burda yaşayır?…
…Bu həyətdən tez-tez pianino səsi gəlir… Yəqin, belə şeirlər yazan musiqi ilə də maraqlanır…
Quzey bütün küçənin pəncərələrini baxışlarına doğmalaşdırmışdı… Bircə gün bu pəncərələri düşünməsə və “3”-lərə mesaj yazmasa darıxardı… Elə darıxardı ki… Ancaq, bu hissləri nə anlamaz, nə də özünə xəyanətini bağışlaya bilməzdi…
…Yanında körpüyə söykənən adamın varlığını indi duydu… Qaraşın, qəhvə rəngli iri gözlərinə rəğmən çox da gözəl olmayan bir qızdı… Gözlərindən hiyləgər bir parıltı boylanırdı… Elə bil bu baxışlar Quzeyin ürəyini incitdi… Özünü düzəldib üzüyuxarı yol başladı… Kukla Teatrının yanına çatıb yolu keçdi… Beynini təmizləmək istədi… Kukla Teatrının saat qülləsinə baxdı… Saat yerində yox idi… Düşündü ki, olsaydı, saata baxardı… Birdən yadına düşdü ki, telefonda saat var… Sol əlində bərk-bərk sıxdığı telefona baxdı. Saat 5-i keçmişdi… Ekrandakı mesaj işarəsinə bu dəfə əməllicə hirsləndi:
-Mən yazmıramsa, sən niyə yazırsan, bə adam?
Yenə də mesajı açdı:
“İçinizdəki Quzeyin qatili olduğunuzun fərqindəsizmi? Yazdığınız şeirləri oxumağa sizə nəvələr lazım… Bunu düşünün…”
Quzey dayandı… Addımlarını yerə təzə döşənmiş ağlı-qaralı daşların üstündə sürüşdürdü… Yox… Havası çatmırdı sanki… Əlini atıb qalstukunu boşaltdı… Alnında tər puçurlandı… Qayıdıb mesajı bir də oxumağa cəsarəti çatmadı… Axı, bu hardan bilirdi ki, o şeir yazır? Hardan bilirdi ki, bu günədək içində bir şair Quzey, həyatı sevən, doya-doya yaşamağa can atan, bir qanadı sınmış quşun civiltisinə ağlayan bir Quzey yaşayır? Hardan bilirdi????
Yenə günahı özündə gördü:
-Yazmasaydın, hisslərinin əsiri olmasaydın, bilməzdi, bə adam… Bilməzdi…
İkinci mesaj da gəldi:
“Gələn dəfə körpüdə belə çox qalmayın… Və məni gördüyünüzü unudun, Quzey bəy…”
Geri necə döndüsə az qaldı başı fırlansın… Yolu qaçaraq keçib özünü körpüyə çatdırdı… Körpüdə kimsə yox idi… Sevimli “3”-ləri sığalladı… “Bu nömrəyə zəng çatmır”…
Əlləri boşaldı… Gözlərinin yenidən nəmləndiyini hiss etdi.. Yenə son sözünü özünə ünvanladı…
-Quzey… Ay Quzey… Bəsdi də… Bu hisslər qumarbazdı.. Darıxmaq da sələmçi… Nə bu oyunu bitirə bilirsən, nə darıxmağın borcunu qaytara bilirsən… Tap o qızı, bə adam… Tap…
İndi də üzünü qonşu küçəyə tutub yüyürməyə başladı… Amma, o qızı tapacağından əmin deyildi… İçindəki Quzeyi çoxdan öldürmüşdü… Çoxdan… Bu qumarbaz hisslər öldürdüyü Quzeyin yarımçıq yaşadıqları, sələmçi darıxmaq isə son fəryadları idi…