mus

“İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ”

“Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və
ətraf mühitin qorunması üzrə müavini,
biologiya elmləri üzrə fəlsəfə doktoru

Vüqar Kərimovla müsahibə

Qısa tanışlıq:
Vüqar Nəzir oğlu Kərimov 02 aprel 1973-cü ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1990-1995-ci illərdə Gəncə Dövlət Universitetində, 2010-2013-cü illərdədə isə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 1995-1998-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Botanika institutunun aspiranturasında oxuyub, 1998-2008-ci illərdə həmin institutda kiçik elmi işçi vəzifəsindən laboratoriya və şöbə müdiri vəzifələrinə qədər yüksəlib. 2000-ci ildə namizədlik dissertasiyası müdafiə edib və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə ona biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi verilib. 2008-ci ilin aprel ayından ARDNŞ-nin Ekologiya İdarəsində departament rəisinin müavini, departament rəisi vəzifələrində çalışıb. 2010-cu ilin iyul ayından 2012-ci ilin noyabrına kimi Ekologiya İdarəsinin rəis müavini, 2012-ci ilin noyabr ayından bu günə kimi isə “Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini vəzifəsində çalışır. Botanika və ekologiya sahəsində 25-dən çox elmi məqalənin və 3 kitabın müəllifidir. Yeni nəşr “Azərbaycanın Qırmızı Kitabı” əsərinin həmmüəlliflərindən biridir.

– Salam, Vüqar müəllim, necəsiz, işləriniz nə yerdədir?

– Çox sağ olun, gördüyünüz kimi yaxşılıqdı. Şükürlər olsun ki, işlər də normal axarındadır.

-Uzun müddətdir ki, ekologiya sahəsində çalışırsınız, bu sahədə bir neçə əsərin həmmüəllifi olduğunuzu da bilirik. Dərsliklərdə də ekologiyanın biologiya elminin bir qolu olduğu göstərilir. Bu həqiqətəndəmi belədir? Sadə, hamının anlayacağı dildə ekologiyanı necə xarakterizə etmək olar?

-Elmi nöqteyi-nəzərdən yanaşsaq, bəli, bu belədir. Amma bir məsələni də unutmaq olmaz ki, bütün elmlər cəmiyyətin inkişafına və insanların daha yaxşı yaşamasına xidmət edir. Yəni görülən bütün işlərin, edilən bütün kəşflərin məğzində yenə də insan faktoru dayanır. Daha sadə dildə desək, insanın həyatda mövcud olmasını şərtləndirən dörd ünsür var: su, günəş (od), hava (külək) və torpaq. Bu dörd ünsür insanların, o cümlədən bütün canlıların yaşama (varolma) düsturunu təşkil edir. Bunların hər hansı birində problem yaşandıqda, bunun təsiri mütləq və birbaşa insana və digər canlılara ünvanlanır. Nə qədər ki, göy üzüylə işimiz yox idi, raketlər qaldırmamışdıq, suni peyklər buraxmamışdıq, azon qatını dəlmə-deşik etməmişdik, torpağı və su hövzələrini müxtəlif zəhərli və zərərli tullantılarla çirkləndirməmişdik, havanı zəhərləməmişdik – o zaman ekologiya elminə də ehtiyacsız kimi görünürdük və bu məhfum haqqında elə bir anlayışımız da yox idi. Ancaq insanın tamahı, göydə macəra axtarmaq istəyi, dünyaya ağalıq etmək sevdası vəziyyəti o dərəcədə kəskinləşdirdi ki, sadaladığımız dörd ünsürün hamısı ciddi ekoloji fəlakətlərlə üz-üzə qaldı və bunun da nəticəsində yaşadığımız bioloji aləmi böyük və qlobal bir faciənin astanasına gətirib çıxardı. Bu da o deməkdir ki, biologiyanın bir qolu dediyimiz ekologiya özü böyük bir elm kimi, ekoloji problemlərin həlli isə bir nömrəli problem kimi bütövlükdə dünya ictimaiyyətini çox ciddi şəkildə düşündürməkdə və narahat etməkdədir.

-Dediklərinizi analiz edərək belə bir nəticəyə gəlmək olar ki, bu gün ekoloji problemlər hər bir ölkənin daxili problemi olmaqdan çoxdan çıxıb, eləmi?

– Bəli, sadaladığımız məlum səbəblər nəticəsində ətraf mühitlə bağlı yaranmış mövcud vəziyyət qloballaşaraq, hər bir ölkəni öz ekoloji problemlərini ümumbəşəri kontekstə çıxarmağa məcbur etmiş, nəticə etibarilə də ətraf mühitin mühafizəsi məsələsi aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmağa başlamışdır. Necə deyərlər, öz əllərimizlə yaratdığımız bəlaların kökünü kəsməyin yollarını axtarmaq məcburiyyətində qalmışıq. Bu sahəylə bağlı beynəlxalq səviyyədə hansısa addımların atılmasına əvvəllər bir neçə cəhdlər olsa da, ən mühüm sənəd, yalnız 23 il öncə, 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq ekoloji konfransda qəbul edilmiş “Dayanıqlı inkişaf” konsepsiyası olmuş və bu konsepsiya özündən sonrakı bir çox beynəlxalq ekoloji konvensiyaların, protokolların və çərçivə razılaşmalarının qəbul olunmasını şərtləndirmişdır. Bu sənədlərin qəbulu ondan xəbər verir ki, artıq bütün dünya dərk etməyə başlayıb ki, planetimizin gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından birbaşa asılıdır.

-Bəs bizdə necə, ekoloji problemlərin həlli ilə bağlı hansısa hüquqi baza varmı? Ümumiyyətlə, bu sahədəki vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

– Neft-kimya sənayesinin inkişafı ilə bağlı respublikanın, əsasən də Xəzərin və Xəzəryani ərazilərin ekoloji vəziyyətinə 150 ildən çox müddətdə, yetərincə mənfi təsirlər olsa da, bu problemlərin həlli ilə, dövlətimiz müstəqilliyini qazandıqdan sonra ciddi məşğul olunmağa başlanılmışdır. Artıq ekoloji problemlərin həlli ilə bağlı hüquqi baza həm konstitutsiyamızda, həm də ekologiya ilə bağlı müxtəlif qanun və sərəncamlarda öz əksini tapmış, bu qanunların vaxtında və düzgün icrası məsələsinə ölkə rəhbərliyi tərəfindən nəzarət xeyli gücləndirilmişdir. Hazırda ölkəmizin ekoloji strategiyası ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.

– SOCAR-ın respublika sənayesinin lokomotivi olduğu hamımıza məlumdur. Digər tərəfdən ən kəskin ekoloji problemlər də elə SOCAR-ın fəaliyyət sahələrində və ona qonşu ərazilərdədir. Bütün bunları SOCAR-ın bugünki fəaliyyəti ilə bağlamaq fikrim yoxdur, amma ortada çox ciddi ekoloji problem var. Güman edirəm ki, SOCAR bu problemlərin həllində öz yerini görür və rolunun nədən ibarət olduğunu bilir?

– Bu sual birbaşa mənə aid olmasa da, bəzi fikirlərimi qısa da olsa sizinlə bölüşməyə çalışaram. İllərdən bəridir ki, SOCAR neft sənayesini inkişaf etdirmək və bir sıra strateji əhəmiyyətli beynəlxalq layihələri gerçəkləşdirməklə yanaşı, ətraf mühitin qorunması istiqamətində də çox mühüm layihələr həyata keçirməkdədir. SOCAR ətraf mühitin sağlamlaşdırılması və qorunmasıda çıxış rolunu mövcud ekoloji problemlərin həlli ilə yanaşı, həm də istismar müddətini başa vurmuş və heç bir ekoloji normalara cavab verməyən, köhnə müəssisələrin rekonstruksiya olunması və yerində müasir tələblərə cavab verən müəssisələrin yaradılmasında görür. Digər tərəfdən də SOCAR özünün bütün struktur bölmələrində ekoloji vəziyyətin sağlamlaşdırılması məqsədilə, sovetlər dönəmindən miras qalmış ciddi ekoloji problemlərin həlli, o cümlədən mövcud su ehtiyatlarının, atmosfer havasının və torpağın çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft-kimya məhsulları və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə utilizə olunması istiqamətlərdə genişmiqyaslı işlər görməyə başlamışdır.

-Yuxarıda “sovetlər dönəmindən miras qalmış ciddi ekoloji problemlər” ifadəsini işlətdiniz. Bildiyim qədərilə o vaxtlar da yetərincə neft çıxarılırdı, ancaq neft və neft məhsulları ilə çirklənmiş ərazilər haqqında düşünən yox idi. Eyni zamanda kimya müəssisələri gecə-gündüz işləyir, SSRİ-nin və ümumilikdə dünyanın 100-ə yaxın şəhərinə məhsul göndərilirdi. Ancaq kimyaçı əməyi qorunmurdu. Acı, zəhərli tüstü həm işçilərin, həm də şəhər sakinlərinin rahatlığını əlindən almışdı. Sizcə, həm ətraf mühitə, həm də insanlara belə münasibət nədən irəli gəlirdi?

-Bu sadalananların kökündə bir cavab dayanır: Azərbaycanın müstəqil olmaması. Onda hər şey mərkəzdən idarə olunurdu. Planlı iqtisadiyyat olduğundan əsas fikir plan və tapşırıqların vaxtında və artıqlaması ilə yerinə yetirilməsinə yönəldilirdi. Ekoloji məsələlər, insan amili, ətraf mühitə münasibət – bütün bunlar arxa planda idi. Bəlkə də ən sonuncu yerdə idi.

-Respublikamız müstəqilliyinə qovuşduqdan sonra hər şey öz həllini tapdımı?

-Birincisi, yetmiş ildən bəri yığılıb qalmış problemlərin birdən-birə, bir anın içində həll olunmasını ummaq və tələb etmək sadəlövlük olardı. İkinci tərəfdən də müstəqilliyin ilk dönəmlərində Azərbaycanda siyasi vəziyyət sabit olmadığından heç bir xarici dövlət və şirkət Azərbaycanla əməkdaşlıq etmək və burada iş qurmaq istəmirdi. Çünki yatıracağı sərmayəyə, görəcəyi işə zəmanət verən yox idi. Pul olmadan da bu işləri görmək mümkün deyildi. Yalnız Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan, atəşkəsə nail olduqdan və 1994-cü ildə dünyanın aparıcı dövlətləri və şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasına nail olduqda sonra – əsas etibarilə də neftin dünya bazarına çıxarılmasından sonra əldə olunan gəlirlər hesabına, insan amilinin önə çəkilməsi, əməkçilər üçün sağlam və problemsiz iş şəraitin yaradılması, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi və ekoloji mühitin sağlamlaşdırılması işlərinə start verildi. Kimya sənayesində də eynilə.

-“Kimya sənayesində də eynilə” dedinizsə, onda gələk 2010-cu ilin aprel ayından SOCAR-ın idarəçiliyinə verilən ”Azərikimya”ya, burda necədir vəziyyət? Ötən beş il ərzində ətraf mühitə münasibətdə nələr dəyişib, dəyişibsə hansı konkret istiqamətlər üzrə?

– Əlbəttə ki, ötən müddət ərzində SOCAR tərəfindən “Azərikimya” İB-nin istehsal poten-sialının, kimya məhsullarının çeşidinin artırılması məqsədilə yeniləşmə, müasirləşmə prosesləri sürətləndirilmiş, bu istiqamətdə intensiv tədbirlər həyata keçirilməyə başlanılmış və deyə bilərəm ki, müəyyən irəliləyişə nail olunmuşdur. Bu irəliləyiş özünü həm də ekoloji problemlərin həllində əsaslı şəkildə göstərməkdədir. Belə ki, “Azərikimya” İB-nin idarə və müəssisələrində ekoloji tarazlığı qoruyub saxlamaq, atmosferə, su hövzələrinə, yerin təkinə çirkləndirici maddələrin atılmasını minimuma endirmək məqsədilə mütəmadi olaraq tədbirlər planı hazırlanaraq, səmərəli ekoloji layihələr həyata keçirilir. Müəssisələrdə davamlı ekoloji monitorinqlər aparılır, su, torpaq və atmosfer havasından nümunələr götürülərək təhlil olunur, çirklənmə dərəcəsi müəyyənləşdirilərək, müvafiq qabaqlayıcı tədbirlər görülür.
Ətraf mühitin mühafizəsi sahəsində heç bir ekoloji norma, qayda və standartlara uyğun olmayan, ekoloji və fiziki cəhətdən köhnəlmiş, atmosfer havasını təhlükəli maddələrlə həddən artıq çirkləndirən Səthi aktiv maddələr və “Üzvi-Sintez” zavodlarının fəaliyyəti də məhz həmin səbəblərdən dayandırılmışdır. Deyim ki, bu sahədə 100 faiz bütün problemlərimizi həll edə bilmişik, əlbəttə ki, düzgün olmazdı. Bu gün EP zavodunun həm Etilen, həm də Polimer istehsalatlarında hələ də öz istismar müddətini başa çatdırmış və müasir ekoloji tələblərə tam cavab verməyən bir sıra qurğu və avadanlıqlar istismar olunmaqdadır. Bir şeyi xüsusilə diqqətə çatdırmaq istəyirəm ki, biz müasir tələblərə cavab verən istehsal sahələrinin yaradılmasında israrlıyıq və əsas hədəflərimizdən biri də, yaxın bir neçə ildə, “Azərikimya” İstehsalat Birliyinin bütün istehsalat sahələrinin təhlükəsiz və ekoloji tələblərə uyğun fəaliyyətini təmin etməkdir.

– Qeyd etdiniz ki, səmərəsiz və zərərli istehsalat sahələrinin fəaliyyəti dayandırılır, qurğular və köhnə tikililər sökülür. Bu işləri görərkən əmələ gələn tullantıları nə edirsiniz? Yəni Sizdə tullantıların idarə olunmasının vəziyyəti nə yerdədir?

– Həm söküntü işləri zamanı, həm də müəssisələrimizdə istehsal fəaliyyəti ilə əlaqədar istər-istəməz müxtəlif çeşidli, spesifik tullantılar formalaşır və biz də bu tullantıları SOCAR-ın ekoloji siyasətinin “sıfır tullantı” prinsipinə uyğun olaraq idarə etməyə çalışırıq. Müxtəlif çeşiddə formalaşan tullantıların, müasir tələblərə uyğun olaraq saxlanması, utilizasiyası, zərərsizləşdirilməsi və ya digər emal üsullarının seçilməsi üçün, “Azərikimya” İB-də Texniki-İqtisadi Əsaslandırma sənədi hazırlanmış və müvafiq qurumlara təqdim edilmişdir. Son beş ildə formalaşan tullantıların böyük bir hissəsi, imkanlarımız çərçivəsində çeşidlənərək, aidiyyəti üzrə ETSN-nin Təhlükəli Tullantılar Poliqonuna, SOCAR-ın “Tullantı mərkəzi”nə, Sumqayıt “Təmizlik” departamentinə təhvil verilərək zərərsizləşdirilmişdir.
Onu da qeyd edim ki, Etilen-Polietilen zavodunun ərazisində tullantıların standartlara uyğun idarə olunması məqsədilə, müəssisənin ərazisində «Tullantıların Müvəqqəti Saxlama Mərkəzi»nin layihə sənədləri hazırlanmışdır ki, bu layihənin reallaşması ilə «Azərikimya» İB-nin müəssisələrində formalaşan istehsalat və digər tullantılarının mərkəzləşmiş şəkildə qəbulu, ilkin çeşidlənməsi və müvafiq tələblərə riayət olunmaqla SOCAR-ın Tullantı Mərkəzinə və digər poliqonlara daşınması həyata keçiriləcəkdir.

– Bura qədərki söhbətimizdən belə aydın olur ki, istər Sənaye zonasında, istərsə də bütövlükdə Sumqayıt şəhərində ekoloji vəziyyət çox yaxşıdır və bütün problemlər artıq öz həllini tapıb?

– Yox, biz burada əsasən gördüyümüz işlərə toxunduq və bu görülən işlərin sayəsində də istər Sənaye zonasında, istərsə də bütövlükdə Sumqayıt şəhərində ekoloji vəziyyət ötən onilliklərə nisbətdə qat-qat yaxşılaşıb. Bununla belə ekologiya sahəsində bir sıra həllini gözləyən problemlər qalmaqdadır. Bilirsiniz, hər bir ekoloji problemin öz müsbət həllini tapması üçün həm cəmiyyətin, həm də ayrı-ayrı fərdlərin bu problemin dərinliyini anlaması və onun həllində öz rolunu görməsi çox vacibdir. Burada ictimaiyyətin ən müxtəlif zümrələrində ekoloji şüurun, təfəkkürün və ekoloji davranış mədəniyyətinin formalaşdırılması önəmlidir.

-Bildiyimizə görə müəssisənizdə formalaşan istehsalat və məişət çirkab sularının təmizlənməsi istiqamətində də müəyyən işlər həyata keçirməyə başlamısız. Bəlkə bir az da bu barədə danışaq?

– Bəli, qeyd etdiyiniz kimi, “Azərikimya” İB-nin strukturuna daxil olan müəssisələrin məişət və kimyəvi çirkab sularının təmizlənməsi üçün 1967-ci ildə müəssisənin nəzdində böyük bir “Təmizləyici qurgular” sexi tikilmiş və uzun illər boyunca bu qurğuda həm Sumqayıt şəhərinin, həm də o vaxt burda fəaliyyət göstərən kimya müəssisələrinin istehsalat sularının təmizlənməsi həyata keçirilib. Bir tərəfdən müəssisələrin sayının azalması, digər tərəfdən də Sumqayıt şəhərinin məişət sularının təmizlənməsi üçün yeni təmizləyici qurğuların tikilməsi, bizim təmizləyici qurğmuza ötürülən suların həcminin on dəfələrlə azalmasına və qurğumuzun səmərəliliyinin aşağı düşməsinə səbəb oldu. Digər tərəfdən də həmin qurğu çox köhnəldiyindən və fiziki cəhətdən də çox aşınmaya məruz qaldığından, suların tələb olunan standartlara uyğun təmizlənməsində çox böyük çətinliklərimiz yaranırdı. Bütün bu sadaladıqlarım nəzərə alınaraq, yeni “Sutəmizləyici qurğu”nun tikilməsi üçün müvafiq razılıqlar alınmış, vacib sənədləşmə işləri artıq başa çatdırılmışdır. “İstehsalat tullantı sularının təmizlənməsi qurğusu”nun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə ötən ilin noyabr ayında açıq müsabiqə elan edilmiş və qalib şirkət seçilmişdir. Artıq bu qurğunun tikinti işlərinə start verilmiş və 2016-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

-Əvvəlki suallardan birini cavablanırarkən, torpaqların təmizlənməsindən də danışdınız. Fikrinizi bir az konkretləşdirərək bu barədə nə deyə bilərsiz?

– Bilirsiniz, torpaqların müxtəlif çirkləndiricilərdən, o cümlədən də neft və neft-kimya məhsullarından təmizlənərək, təkrar istifadəyə qaytarılması çox vəsait və əmək tələb edən işdir. Buna baxmayaraq bizdə bu məsələlərin həllinə böyük önəm verilir. Bir neçə müəssisədaxili ərazidə bu cür ifrat çirklənmiş sahələr müəyyənləşdirilərək, monitirinq işləri aparılmış, torpaqların çirklənmə dərəcəsi mıəyyənləşdirilərək müvafiq təmizlənmə üsulu seçilməklə, bioremediasiya işləri aparılmışdır. Təkcə bir faktı nəzərinizə çatdırım ki, EP zavodunun Qaz və maye karbohidro-genlərinin qazlaşdırılması, sıxılması, saxlanılması sahəsi istismara yararsız avadanlıqlardan, tullantılardan azad olunduqdan və 4 hektar sahədə neft məhsulları ilə çirklənmiş torpaqlar, bioremediasiya üsulu ilə təmizləndikdən sonra, əraziyə 5000-dən çox müxtəlif növ ağac və kol tingi əkilmiş, ərazidə də damcı suvarma sistemi quraşdırılmışdır.
Həmçinin “Azərikimya“ İB ilə “Global Alliance on Health and Pollution” (GAHP) təşkilatı arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq “Üzvi zintez” zavodunun “Suötürmə məntəqəsi”ndə müxtəlif növ kimyəvi şlamlarla və neft məhsulları ilə çirklənmiş 2 ha ərazidə, monitorinq işləri aparılmaqla ərazinin mövcud ekoloji durumu qiymətləndirilmiş, təhlükəli hesab olunan yüz tonlarla tullantı, ETSN-nin “Təhlükəli Tullantılar” poliqonuna daşınmış, torpaq qatı münbitləşdirilməklə əraziyə 1500 ədəd nadir və nəsli kəsilmək təhlükəsi olan ağac və kol tingləri əkilmişdir.

– Sumqayıt kimi sənaye şəhərində yeni yaşıllıq zolaqlarının salınması işinin vacibliyini və bu sahədə “Azərikimya” İB-nin də az iş görmədiyindən xəbərimiz yox deyil. Bununla belə bilmək istərdik bu sahədə vəziyyət necədir, nələr görülüb və nələri planlaşdırırsız?

– 2010-cu ildən etibarən, hər ilin yaz və payız aylarının şənbə günləri kimyaçıların könüllü iməciliyi keçirilir. Bu iməciliklərdə kimyaçılarla bərabər şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edirlər. Ümumilikdə isə son beş ildə, “Azərikimya“ İB tərəfindən Birliyin sənaye zonası və ona sərhəd 100 hektara yaxın ərazidə əkilmiş ağac və kol bitkilərinin ümumi sayı 100 min ədəddən çoxdur. Birliyin ağac-kol tinglərinə olan təlabatının ödənilməsi üçün, illik istehsal gücü 50 min ting olan açıq şitilxana kompleksi fəaliyyət göstərir ki, bu şitilxanada Abşeronun yaşıllaşdırılmasında istifadə olunan ənənəvi ağac-kol növləri ilə yanaşı, iqlim şəraitinə asanlıqla adaptasiya oluna bilən və Azərbaycanın Qırmızı Kitabına salınmış 12 növ nadir və nəslikəsilmək təhlükəsi olan ağac-kol bitkiləri də yetişdirilir.
Bir problemli məsələni diqqətinizə çatdırmaq istərdim. Bəzən müxtəlif qurumların müraciəti əsasında biz də ya onlara qoşulub, digər ərazilərdə yaşıllıqlar salırıq. Amma əkildikdən sonra bu yaşıllıqlar baxımsız qalır və çəkilən zəhmət də hədər olur. Yaxşı olardı ki, hər hansısa ərazidə yaşıllıq salmaq istəyiriksə, mütləq orda suvarma və qulluq üçün müvafiq infrastruktur yaradılsın ki, sonradan çəkilən zəhmət hədər getməsin.

-Ağaclardan söhbət düşmüşkən, ümummmilli lider Heydər Əliyev deyirdi ki, hər kim bir yaşıl ağacı kəssə elə hesab edin ki, mənim bir qolumu kəsmiş olur. Bu deyimə münasibətinizi bilmək istərdim.

– Ta qədimdən bəri yaşıl ağacı kəsmək günah sayılıb. Qədim insanlar bunu ağacın müqəddəsliyində görürdülər. Əslində isə bu müqəddəsliyin kökündə ağacların insanlara yeni ruh, yeni nəfəs, təmiz hava, eyni zamanda istər yarpaqları, istərsə də meyvələri ilə şəfa verməsi dayanırdı. Qədim insanlar bunun kökündə nəyin dayandığını bilməsələr də yaşıllığı çox olan yerdə yaşayan adamların digər ərazilərdə yaşayan insanlardan daha sağlam və gümrah olduğunun fəqində idilər. Azərbaycanda təbii meşələr istisna olmaqla qeyri-meşə ərazilərində, şəhər və şəhərətrafı sahələrdə, ələlxüsus da Bakı və Bakıətrafı ərazilərdə yaşıllıq zolaqlarının salınması, planlı şəkildə milyonlarla ağacın əkilməsi həmçinin suni meşələrin yaradılması və bu aksiyalar zamanı əkilən ağacların Abşeron yarımadasının relyefinə uyğun olaraq seçilməsi bilavasitə ümummilli lider Heydər Əliyevin adıyla bağlıdır. Ulu öndər ikinci dəfə hakimmiyyətə qayıtdıqdan sonra da ağacəkmə aksiyalarının keçirilməsi, yeni yaşıllıq zolaqlarının salınması daha mütəşəkkil xarakter almışdı. Ağacların insanların həyatında oynadığı mühüm rolu bildiyindən idi ki, bu dahi siyasətçi “kim bir ağac kəssə, mənim qolumu kəsmiş olur” deyirdi. Bu, eyni zamanda dövlətin qolunun kəsilməsi anlamında idi. Çünki dövlətin başında Heydər Əliyev dayanırdı. Digər tərəfdən də bu səsləniş insanların məsuliyyət hissinə dəvət edilməsi missiyasını daşıyırdı.

-Bu missiya indi hansı formatdasa davam etdirilirmi?

– Düz 8 il bundan öncə – 2007-ci ildə Heydər Əliyev fondunun prezidenti, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyeva “Hərəyə bir ağac əkək” təşəbbüsünü irəli sürdü və bu təşəbbüslə də bütün Azərbaycan xalqına müraciət etdi. Bu missiya bu gün də davam etdirilir və o təşəbbüsdən ötən 8 il ərzində Azərbaycanın müxtəlif ərazilərində milyonlarla ağac, həmçinin bəzək və kol bitkiləri əkilib. Yuxarıda da qeyd etdiyimiz kimi elə son beş ildə kimyaçılar 100 mindən artıq ağac əkiblər.

– Birliyin tədbirlər planında ekoloji maarifləndirmə işi öz əksini necə tapıb? Ümumiyyətlə, bu sahədə vəziyyət nə yerdədir?

– Biz işimizi yuxarıda sadaladığımız məsələlərlə bitmiş hesab etməyərək, eyni zamanda məktəblilər arasında ekoloji maarifləndirmə və ekoloji mədəniyyətin inkişaf etdirilməsi istiqamətndə də geniş və səmərəli işlər aparırıq.
«Azərikimya» İB yetişməkdə olan nəslin ekoloji tərbiyə və maarifləndirmə işinə erkən yaşlarından başlanılmasını dəstəkləməklə, uşaqlarda ətraf mühitə, təbiətə məhəbbət hissinin, dost və qayğıkeş münasibətin aşılanması, ekoloji şüurun və mədəniyyətin inkişaf etdirilməsi məsələsini həmişə diqqət mərkəzində saxlayır. Bu baxımdan bilavasitə kimyaçıların təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq azyaşlı uşaqlar və ibtidai sinif şagirdlərindən ibarət «Balaca ekoloqlar» qrupunun təşkil edilməsi, Sumqayıt şəhər Təhsil şöbəsi ilə birgə ekologiyaya həsr olunmuş elmi-praktik konfransların, ekoloji maarifləndirmə və ekoloji tərbiyə xarakterli təlimlərin, aksiyaların, müsabiqələrin, sərgilərin, olimpiadaların, viktorinaların, debatların, “dəyirmi masa”ların, bilik yarışmalarının, «Planetimizi tullantılardan təmizləyək!», «Sumqayıtı ekoloji təmiz şəhərə çevirək!» devizi altında Xəzər dənizinin sahilində təmizlik aksiyalarının keçirilməsi, «Polietilen paketlərə «yox» deyək!», «Hörümçək toru» və s. praktiki-profilaktiki tədbirlərin reallaşdırılması mühüm əhəmiyyət kəsb etmişdir. Bu tədbirlərdə SOCAR-ın müvafiq qurumlarının, Almaniya-Azərbaycan Əməkdaşlıq Cəmiyyətinin, Sumqayıt şəhər Təhsil şöbəsinin, Gənclər və İdman Baş İdarəsinin, Yeniyetmələrin yaradıcılıq Mərkəzinin, Sumqayıt Dövlət Universitetinin tələbələrinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin, şəhər ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nü¬mayəndələri də geniş təmsil olunurlar.

-Sonda deyəcəyiniz bir şey varmı?

– Biz istər sənaye zonasında, istərsə də şəhər daxili ərazilərdə bu qəbildən olan işləri bundan sonra da planlı şəkildə davam etdirəcəyik. Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Sumqayıt çox böyük sənaye mərkəzi olmaqla yanaşı, həm ölkəmizin, həm də bölgənin gözəl və ekoloji cəhətdən təmiz şəhərlərindən birinə çevriləcək, burada yaşayan və işləyən insanlar şəhərin ekoloji durumu və özlərinin və ailələrinin sağlamlıqları ilə bağlı heç bir narahatçılıq keçirməyəcəklər. Bunun üçün isə hamımızın bu məsələdə bir olmamız lazımdır. Ona görə də sonda üzümü soydaşlarıma tutub deyirəm: “Əzizlərim, gəlin əl-ələ verib təbiətimizi qoruyaq, bizə bəxş olunmuş bu gözəlliklərin qədrini bilək.”

İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ

Təbiəti sevənlərin, onu hər cür yad təsirlərdən qoruyanların və
“Hərəyə bir ağac əkək” təşəbbüsünə qoşulanların
MARŞı

Həzindən həzindi, kövrəkdən kövrək,
Qışında qar istə, yazında çiçək,
Adi böcəyin də nazını çəkək,
Hər şeydən baş sayaq bu ülfəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Yeraltı, yerüstü varı bizimki,
Min cürə bəhrəsi, barı bizimki,
Alması, heyvası, narı bizimki,
Daha da bol edək bu sərvəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Ürəyin atəşi, közüdü elə,
İnsanın zehnidi, gözüdü elə,
Təbiət cənnətin özüdü elə,
Yaradaq, yaşadaq bu cənnəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Qayğı var, yerinə can verəndi o,
Arzuya, murada yetirəndi o,
Daşda da gül-çiçək bitirəndi o,
Ondan pay almışıq məhəbbəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Hər yarpaq bir udum nəfəsdi bizə,
Hər budaq ilhamdı, həvəsdi bizə,
Ağacsız bu dünya qəfəsdi bizə, –
Car çəkək dünyaya həqiqəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Hərəyə bir ağac əkək, sevinək,
Sonra qayğısını çəkək, sevinək,
Gülsün üzümüzə çiçək, sevinək,
Qəlblərə köçürək hərarəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Bu gündən sabaha inam daşıyar,
Su çıxar, sevgiylə, inan daşı yar.
İnsan gözəlliklə gözəl yaşayar,
Dildə şüar edək bu hikməti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Yüksəliş yoludur yolu Öndərin,
Bizlərik qanadı, qolu Öndərin,
Bizə əmanəti Ulu Öndərin,
Vətəndir – hifz edək əmanəti biz,
İnsanlar, qoruyaq təbiəti biz.

Rafiq Oday,
respublikanın Əməkdar jurnalisti