sc

Səfər Çiçəkgilin getdiyini biləndə əsəbdən özünə yer tapa bilmirdi. Qonaq otağında əlindəki stəkanı çırpdı yerə. Stəkan çilik-çilik oldu:
– Axı niyə? O ana-bala sizə neyləmişdi? Yetim qız idi, ay ana. Nə vermişdiz ala bilmədiniz?
Cəmilə oğlunun üstünə qışqırmasa da səsinin tonunu qaldırdı:

– Həddini bil, qarşında yad qadın yoxdu. Ananla bacın var. Pozğuna görə coşmusan? Bəlkə bizi döyəsən?

Səfər üzünü bacısına tutur:
– Sən necə qızsan? Biz Fidanla bir yerdə böyümüşdük. Sənə nə pisliyi keçmişdi?

Aybəniz: – Pisliyi o idi ki, adımızı batırırdı. Qapının ağzınacan oğlan gəlmişdi.

Səfər stulu əliylə aşırdı: – Yalandı, ömrümdə inanmaram. Şər atırsız. Mən onları tapacam. Tapanda isə ana, sənə and içirəm, Fidan menim arvadım olacaq. Bugün harda olsa axtarıb tapacam.

Cəmilə: – Həddini bil Səfər. O qızın həyatını yerlə-yeksan edərəm, amma imkan vermərəm arvadın olsun. Özünə gəl.
Səfər cavab qaytarmağın mənasız olduğunu yaxşı bilirdi. Evdən çıxdı, maşınına oturdu, dəli kimi sürməyə başladı.

Ətrafa baxa-baxa maşını necə gəldi sürürdü. Gözünə heç nə görünmürdü. Ümid edirdi ki, Fidangili görər, geri qaytarar. Tapa bilmədi, maşını saxladı. Başını rola söykəyib səssizcə ağladı…

Aybənizlə anası divanda oturmuşdular, ikisi də susurdu. Sakitçiliyi Aybəniz pozdu:
– Səfəri heç vaxt belə görməmişdim. Fidanı doğrudan sevirmiş.

Cəmilə: – Kaş əvvəldən qovardım onları, ilk gündən. Heyf, çox heyf…
Aybəniz: Atama nə deyəcəyik?
Cəmilə – Qardaşına nə demişiksə onu. Ufff, lap yorulub əldən düşdüm. Elə bil bu boyda şəhərdə ondan başqa qız yoxuydu. Getdi kimi sevdi.
Aybəniz : Zamanla unudacaq. Bu boyda şəhərdə hardan tapacaq onları?
Cəmilə – Təki…İlk məhəbbət həmişə güclü olur. Təki dediyin kimi olsun qızım.
Aybəniz maraqlı baxışlarla anasına baxdı, ağzını əydi.

Səfər kor-peşman evə qayıtdı. Heç nə yemədi, yatağına özünü atdı. Bircə ümid yeri vardı, o da Fidan məktəbə gələndə görəcəkdi. Onda ürəyini açmaq qərarına gəldi, evlənmək təklifi edəcəkdi. Əmin idi, Fidansız həyat ona bədbəxtlikdən başqa heç nə verməyəcəkdi.

Kərim Bakıya qayıtmışdı. Yorğunluğu üzündən oxunurdu. Gənc sürücüləri olan Rafiqə bir-birinin ardınca suallar verirdi:
– Mən olmayanda evdə nə yenilik olub?

Cəmilə əvvəlcədən Rafiqə hər şeyi tapşırmışdı, Çiçəkgil barədə ciddi tənbeh etmişdi. Rafiq iyirmi ildən çoxdur Kərimgildə bağban işləmiş Hacı Hüseynin oğludur. Atasının xahişi ilə Rafiqi Kərim işə götürmüşdü. Əlbəttə Rafiqin ədəb-ərkanlı olmağının da böyük rolu vardı.
– Hər şey siz qoyduğunuz kimidir, yaxşıdır. – Lap yaxşı.
– Yaman yorulmuşam, özüdə bərk acmışam. Gedək görək xanımlar nə iş görüb.

Kərimi evdə Səfərdən başqa hamı qarşıladı. Cəmilə mebel sexini bəhanə etdi ki, işini qurandan evə gec-gec gəlir. Kərim ac olduğundan hamama keçməmişdən əvvəl süfrə arxasına keçmək istədi. Süfrəyə sarışın bir qadın plovu qoydu. Kərim qadın gedənəcən Cəmilədən heç nə soruşmadı. Qadın getdi.

Kərim – Bu kimdi?
Cəmilə – Təzə aşpazımızdı. Təcrübəsi böyükdür. Dünya mətbəxini də əzbər bilir.
– Lap yaxşı,Adilə xanım hanı?
– Adilə xanım səhətiylə bağlı icazə istədi.
– Bəs Çiçək?
– Çiçək hər halda Lidya qədər təcrübəli deyildi.

Kərim özünü ələ aldı, çalışırdı əsəbləşməsin. – Çiçəkgili qovmusan Cəmilə, hə? Cəmilə nə isə gizlətməyin mənasız olduğunu anlamışdı: – Məcbur qaldım. Çiçəyin özüylə problemim yoxdur. Qızı Fidan məni buna məcbur etdi.
Aybəniz anasının sözünə qüvvət verdi: – Vallah ata, o sənin gördüyün kimi qız deyil. Kərim – Səsini kəs, otağına get. Aybəniz ayağa qalxanda Kərim stola yumruq vurdu, Cəmilənin üstünə qışqırdı :
– Sənə kim dedi onları qov? Bu evdə özünü xanım kimi niyə aparmırsan?

Cəmilə – Səsini qaldırma Kərim. Hələ bir yiyəsizə görə ailəmizdə söz-söhbət yaratma. Unutma, sənin ailən bizik.
– Bir saat vaxtın var, bu rusu rədd elədin elədin, eləmədin gəlib qolundan tutub atacam bayıra. O ki qaldı sənə, aramızda uçurumlar yaradırsan. Daha doğrusu, çoxdan yaratmısan.
Kərim pencəyini götürür, evdən çıxır. Rafiqə yaxınlaşır: – Məni otelə apar Rafiq. Heç olmasa, başım dincələr. Cəmilə Kərimin arxasınca qapının ağzına çıxır, dediklərini eşidir. Artıq özü də anlayırdı ki, aralarında uçurum var. Kərimin əvvəlki kimi olmadığını yaxşı bilirdi. Cəmil bunu açıq-aşkar hiss edirdi.
Səfər 2 gün məktəbin qabağında dayanmışdı, Fidandan xəbər-ətər yox idi. Darıxırdı, özünə yer tapa bilmirdi. O ki, qaldı Fidanla anasına, taleh onların üzünə gah gülür, gah da üz çevirir.
Cəmilənin Çiçəkgili qovduğu gün kirayə ev tapmaq niyyəti ilə köşkdən qəzet aldılar. Evlərlə bağlı elanları oxudular. Kirayə verilən evlərin qiyməti qanı qiymətinə idi. Ana-bala parkda oturdular. Orta yaşlı bir qadın da onlardan bir az kənarda oturmuşdu.

Fidan: – Elə bil dədələrinin qiymətini yazıblar. İndi nə edək?
Çiçək – Bir az təmkinli ol. Allah böyükdü.
– Vallah ana, Allah da elə bil bizim kimilərdən üz döndərib.
– Hələ uşaqsan, nə görmüsən?

Onları kənarda dinləyən qadın dilləndi : – Anan düz deyir qızım. Allahın açdığı qapını heç kim aça bilmir. Deyəsən, qalmağa yer axtarırsınız? Söhbətinizi eşitməli oldum. Qonşumuz Rusiyaya köçür, yaxşı adam axtarırlar ki, evlərini versinlər.
Çiçəklə qızı sevincək bir-birilərinin üzlərinə baxdılar.
Çiçək: – Neçə otaqdı?
– 2 otaqdı. Otaqlar deyim böyükdür, yalan deyərəm. Çox baha da vermir. Pis insana oxşamırsız bacı, amma indidən deyim, hamam-tualet ümumidir.
Çiçək – Problem yoxdur. Adınız nədir?
– Cəmilədi.
Fidan qadının adını eşidən kimi xəfifcə güldü. Qadın təəccübləndi. Çiçək də gülümsədi.
– Bizi evindən qovan xanımın adı Cəmiləydi. Ona görə güldük. ( üzünü qızına tutur) görürsən? Cəmilənin də yaxşıları olur.
Cəmilə də onlara qoşuldu, başını yelləyib güldü: – Adaşım özünə görə olmayıb.

Cəmilə Çiçəkgili qonşularıyla tanış etdi. Qonşunun əri Cavad 3 ayın pulunu əvvəlcədən istədi, Çiçək verdi. Doğrudan evin otaqları böyük deyildi, lakin səliqəli təmir olunmuşdu. Əşyaları da vardı. Çiçək şükür edirdi, üzünü qızına tutdu:
– Allah bir qapını bağlayanda, bir qapını açır deyirəm, inanmırsan.
– İnandım, inandım. Şükür, bu gecə rahat yatacam. Bircə iş tapmaq qaldı.
Çiçək: – Məktəbi qurtarmamış işləməyi yadından çıxart. Nədi? Deyirsən, bu boyda şəhərdə mənə iş tapılmayacaq?
Fidan – Onsuzda məktəbi qurtarmağıma az qalıb. Onda iş tapacam, sən evdə oturarsan.
Çiçək – Danışığa bax, elə bil danışan evin kişisidir.
Ana-bala gülüşürlər.

Səfər bugündə məktəbin qabağında çox gözlədi, Fidanı görmədi. Maşını könülsüz işə saldı, sürdü. Fidan da ara məhlədən çıxdı, məktəbə girdi.
Bir-birilərini görmədilər.
Son zəng oldu. Səfər gözlədi, yenə də məyus oldu. Fidan son zənginə gəlməmişdi. Sonradan bacısı Aybəniz anasının tapşırığı ilə yalan danışmışdı. Guya Fidan məktəbdən çoxdan çıxıbdı. Səfərin utandığından məktəb direktorundan Fidanı soruşmayacağını yaxşı bilirdilər.
Səfər inanırdı bir gün Fidanı tapacaq, sadəcə, zamanı və məkanı məchul idi.
Kərim son vaxtlar evə ya heç gəlməzdi, ya da gec gələrdi. Cəmilə əvvəllər xəyanət etməsindən şübhələnirdi, indi isə qadın hisslərinə güvənib əmin idi.

Kərim oteldəydi. Bu oteldə Kərimə xüsusi hörmət vardı. Qapısı döyüldü, Kərim qapını açdı. Özündən bir az gənc qadın füsunkar geyimi ilə içəri daxil oldu.
Kərim ” xoş gəldin ” deyib qapını örtdü.

Beş deqiqeden sonra otağın telefonuna zəng gəldi. Kərim qadına dedi: – Sifariş vermişdim, cavab ver.
Qadın dəstəyi götürdü: – Allo, allo…
Dəstəyin o biri tərəfindən cavab verən olmadı, adboy verildi:
– Adboy verdilər.

Kərim dəstəyi qadının əlindən aldı, nömrəni yığdı:
– Bir dəqiqə bundan əvvəl otağıma zəng gəlmişdi. Kim idi?
Dəstəyin o bir tərəfindən oğlan cavab verdi. – Bağışlayın Kərim bəy, işçi təzədir, qaydaları yaxşı bilmir.
– Başa düşdüm, kim idi?
– Bir xanım idi.
Kərim diqqətlə yanındakı qadının üzünə baxdı. Qadın da deyəsən hər şeyi başa düşmüşdü.
Kərim maşını beş mərtəbəli binanın qarşısında saxladı. Qadın Kərimin əlindən tutdu:
– Səncə, arvadındı?
– Bilmirəm, şübhələnirəm.
– Əgər evində söz-söhbət olsa, aradan çəkilə bilərəm.
Kərim qadının əlindən öpdü: – Başını belə şeylərnən yorma. Gözəlliyini qoru.
Qadın Kərimin üzündən öpdü: – Gecən xeyrə.
– Xeyirə qarşı. Özüm zəng edəcəm, nigaran qalma.
Qadın maşından düşür. Kərim blokun qaranlq oluğunu görür.
Kərim – Gözlə mən də gəlirəm. Blok qaranlıqdır.

Qadın gülümsəyir. Kərim qadınla ikinci mərtəbəyəcən qalxır, qapısından içəri keçənəcən gözləyir, sonra geri qayıdır.
Evə gələndə Cəmilə qonaq otağında onu gözləyirdi. Kərimi görəndə gülümsədi. – Xoş gəlmisən.
Kərim artıq əmin idi, zəng edən Cəmiləydi: – Niyə yatmamısan?
Cəmilə diqqətlə Kərimi süzdü: – Rəhmətlik nənəm deyərdi ki, bizim qadınlar doğulduğu gündən bədbəxtdilər. Bugün rəhmətliyin dediklərini daha yaxşi başa düşürəm.
Kərim susdu, deməyə sözü yoxuydu, gözlərini Cəmilədən gizlədirdi.
Cəmilə: – Sən yatacaqsan, ya işin var?
– Yatacam.
– Lap yaxşı, gecən xeyrə qalsın. Qismət…
Cəmilə dərindən köks ötürdü, Kərimin yanından keçdi, ikinci mərtəbəni asta-asta qalxdı. Kərim gözlərini yerə dikmişdi, nə isə düşünürdü.

Hər kəs yayda dincələndə, kasıblar rayona qohum-əqrabasının yanına gedəndə, imkanlılar da xarici ölkələri gəzirdi. Kərimlə Cəmilə arasındakı soyuqluq hələ də qalmaqdaydı, Səfər isə, açdığı mebel sexinə gedib-gəlirdi. Tez-tez maşınla şəhəri gəzirdi ki, bəlkə Fidanla qarşılaşar.
Bu ərəfədə Aybəniz də yolda bir oğlanla tanış olmuşdu, görüşürdülər. Oğlandan kimin qızı olduğunu gizlətmişdi. Çox istəyirdi, qarşısındakı onu özünə görə sevsin.

Çiçəyin sağlamlığında son vaxtlar problemlər yaranmışdı. Ürəyi sıxılırdı, ağzı sulanırdı, deyirdi ki, elə bil ağzıma zəhər qoyublar. Arada qızıyla zarafatlar da edirdi: – Bax ha, birdən əcəl məni hərləyər, anasız qalarsan.
Fidan anasının zarafatlarını ciddi qəbul eləyərdi, anasını bərk-bərk qucaqlayıb uşaq kimi ağlayardı. Çiçək qızını gülə-gülə sakitləşdirərdi.
Çiçəyin qan analizlərini bir-neçə gündən sonra Fidan götürməliydi. Çox nigaran idi anasından. Hər gün dua edərdi, anasına gələn ağrı buna gəlsin. Anasını heç işə getməyə də qoymazdı.Ona görə təzə tapdığı işə özü gedirdi, anasnı əvəz edirdi.

Fidan ofisi silib-süpürər, günorta işçilərin yeməyini hazırlayar, gənc müdiri Əlövsətin bir fincan kofesini gələn kimi hazırlayar, qarşısına qoyardı.
Bugün də Fidan işdəydi. Ofisin mətbəxində Əlövsətə kofe hazırlayırdı. Fincan əlindən düşdü, kofe yerə dağıldı. Fidan içini çəkəndə bir nəfər mətbəxə girdi. Fidan qarşısındakı adamı görəndə təəccübləndi: – Səfər, sən burda neynirsən?
Səfər Fidanı tapdığı üçün sevincdən danışa bilmirdi, uşaq kimi ağlamaq istəyirdi. Bircə – tapdım – deyə bildi. Fidanla Səfər bir-birilərinin gözlərinə baxdılar. Fidan təccüblənsə də, qeyri-ixtiyari olaraq elə bil Səfəri gördüyünə həm də sevinirdi.

Ardı var…