Narın, həzin yağış yağır. Qəflətən güclənir, sonra yenə də yavaşıyır. Hərdən yağış damcıları ilə bərabər qar dənəcikləri də gözümə dəyir. Havada uçuşurlar. Necə də yüngüldülər. Həzin meh onları qonmaq istədikləri yerdən uzağa atır. Küçədə insanlar tez-tez ora- bura qaçırlar. Kimi evinə, kimi maşınına tələsir.Yağışdan hər hansı bir yolla özlərini qorumağa çalışırlar. Yağışdan yaman qorxurlar.
Yağış küçənin çirkabını tam yumamış sakitləşdi. Ondan belə qorxub qaçan insanlardan incidi o da. Az da olsa ağacları, küçələri, evlərin damını təmizlədi bu yağış. Nə qəribədir. Toyuqlar yağışdan qorxmurdular. Sevindiklərindən oynayır, qanad açıb uçmağa can atırdılar.
Yağış altında dayanıb təbiəti seyr etmək zövqvericidir. Insanlar niyə şəhərə qaçır axı? Bu sual məni həmişə maraqlandırıb. Mən anama söz vermişəm, ata ocağını tərk etmərəm. Məgər kənddə yaşayıb təhsil almaq olmazmı? Kənddə dəblə geyinmək olmazmı? Olar. Mən kənddə də hamıdan seçilirəm. Belə deyirlər. Yox, mən həyətimizə, evimizə, hətta toyuq-cücəmizə çox bağlıyam. Qonşudakı o balaca keçi balasının anasını əmməyinə baxmaq mənim üçün əsl zövqdür. Hələ peyinin iyi… Onu niyə bəyənmirlər hələ də anlamıram.
Anam mən uşaq olanda məni çox həkimlərdə gəzdirib. Hamısı da normal uşaq olduğumu deyiblər. Anam da hirsindən:
-Budur normal? Peyin, qaz, nöyüt iyin bəyənəndən normal uşaq olar? Yox, balamın nə dərdi varsa , tapa bilmirlər. Ay Allah hara aparım bunu görən? Kimə göstərim?- öz-özünə üsyan edirdi.
Mən də təəccüblə anama baxıb:- axı peyinin gözəl iyi var. Anam niyə məni xəstə hesab edir? – deyirdim. Elə indi də mənim üçün peyinin iyi ən gözəl iylərdən biridir. Nə isə. Yenə qonşu Tamara xala gəldi.
-Salam, bala. Anan evdə?- Tamara xala məni təpədən dırnağa elə süzdü ki, elə bil birinci dəfədir məni görür.
– Salam, Tamara xala. Yox, anam şəhərə gedib , bacımgilə. Iki-üç günə ancaq gələr.
-Boy, bəs sən tək qalmısan? Bu mal- qaraya kim baxacaq? – Tamara xalanın üz ifadəsini tam oxuya bilmədim. Sevindimi, təəccübləndimi? Deyəsən, sevindi. Amma o özünu təəccüblənən kimi göstərdi.
-Ay Tamara xala , elə də mal-qara deyirsən ki, guya nə qədər heyvanımız var. Cəmi altı hinduşkadı, bir də toyuq-cücə. Onlara da ki… Mən bəs burda nə üçünəm? Baxacam da. Qonşu əlini çiynimə vurub- Sən haa- deyib elə güldü ki, özümdən şübhələndim. ” Yəni mən bunu bacarmaram?” deyə düşündüm. Düşüncəmi Tamara xala kəsdi. Sanki bunu mən güclə saxlamışam kimi:
-Yaxşı, ala-ala bu qutabı. Məni söhbətə tutma. Dedim bişirirəm, ətri gedər sizə də, yaxşı deyil. Tez boşqabımı qaytar amma -deyib məni tələsdirdi. Tez mətbəxə keçib qutabları başqa boşqaba qoyub onun boşqabını qaytardım. Hec yumadım da. Tamara xala da boşqaba baxıb başını bulayıb getdi. Arxasınca deyinməyə başladim:
– Nədi? Boşqabı yuyub qaytarmazlar. Aman həmişə belə deyib -Sonra içimdəki bir səs mənə dedi: ” anam deyib ki, halva boşqabını yumamış qaytararlar. Yəqin, yaddaşımın səsi idi. Nə isə əşi. Yumadım yumadım da.
Əyləşib qutabları yağladım. Qırxbuğum qutabıydı. Amma çox ləzzətli idi. Lap yerinə düşdü. Yoxsa durub yemək bişirəcəkdim. Ancaq anamın evdə olmadığını eşidəndə Tamara xalanın üzünün aldığı ifadə heç beynimdən çıxmadı.
Əvvəllər atam sağ olanda həyətimizdə mal-qara çox olardı. Atam satmaq üçün saxlamırdı. Toyda, yasda kəsərdi. Evimiz həmişə qonaq- qaralı olardı. Hər qonaq gələndə bir qoyun kəsilərdi. Israfçıydı mənim atam. O heyvanları satsaydıq, indi evimiz- eşiyimiz kənddə hamınınkından gözəl olardı. Ancaq indi yağış yağanda dəhlizə vedrə, mətbəxə ləyən qoyuruq ki, yağış onun içinə yağsın. Eh nə bilim e.
Atam öləndən sonra o heyvanların yarısı kəsildi yasda bişirildi, yarısı satıldı baş daşi üçün. Qoyunların da əksəriyyətin qonum- qonşu gecələr bir- bir oğurladılar. Anamın da başı yasa elə qarışmışdı ki, heç gözünə qoyun- quzu görsənmirdi. Ondan sonra cəmi altı hinduşkamız qalıb.
Hinduşkalara anam elə baxmışdı ki, hinduşkadan çox quzuya oxşayırdı. Hərəsi bir quzu çəkidəydi. Dəfələrlə Tamara xala hinduşkaları ona satmağı istəmişdi. Anamsa, hər dəfəsində deyirdi:
– Rəhmətlik kişi o qədər mal- heyvanı satmadı, mən hinduşka satacam? Onlar mənim qızlarımındı. Hər qızıma iki hinduşkadı. Biri Cənanəmin, biri Cəmaləmin, biri Kəmaləmindir.
Ilk dəfə Tamara xala hinduşkanı görəndə ” Ay aman , sən bir bunun dümbəyindəki yağa bax” deyib təəccübündən qışqırmışdı. Gözlərini elə bərəltmişdi ki, elə bil hədəqəsindən çıxacaqdı.
” Dümbək” sözünü eşidəndə o qədər gülmüşdüm ki, hər dəfə Tamara xalanı görəndə yenidən yadıma düşürdü və gülürdüm.
Yağış yenə yağmağa başladı. Darvazanı bağlamaq üçün çölə çıxdım. Qayıdanda hinduşkalara da, toyuqlara da baxdım. Öz- özümə dedim: “Bu gecə yatmayacam. Səhər açılanda gedib əmimi çağıracam , bizdə qalsın”
Qutabı yeyəndən sonra içimə bir ağırlıq çökdü. Elə oturduğum yerdə yuxu məni apardı. Kiçik ölüm məni buraxmaq istəmirdi. Xoruzun səsinə yuxudan ayıldım.
Yağışdan sonra günəş bərq vururdu. Göyün üzü tər-təmiz idi. Günəşin şüaları toprağı artıq qızdırırıi. Yerdəki sular yavaş- yavaş buxarlanırdı. Qapını açıb çölə çıxdım. Həyətin dağınıq olması ilk olaraq diqqətimi cəlb etdi. Nərdivanın yeri dəyişilmişdi. Tez hinduşkaların yanına qaçdım.Yoxdular. Yerə tökülər lələklər, aşmış ləyən, ləyəndən aşıb yağışa qarışmış su məni qarşıladı. Dizlərim taqətini itirdi. Bu da bizim mal- qara.
Anam artıq yolda idi.