VƏTƏNSİZ DÖZMƏYƏ NƏ VAR Kİ….
Şeir nə sıradı, nə də ki, düzüm.
Sözləri düzməyə nə var ki, qardaş.
Bir-iki kədərli misra düzəldib,
Dərdlini üzməyə nə var ki, qardaş.
Söz var ki, deməsən dözməyir ürək,
Söz də var kimsəyə deyildir gərək.
Sözünlə uzağı görəsən gərək,
Yaxını sezməyə nə var ki, qardaş.
Mamır vətən deyir bəzən bir daşa,
Biri alıb atır daşı bir başa.
Vətəndə ölməmiş vətəndə yaşa,
Qürbətdə gəzməyə nə var ki, qardaş.
Hüzün doğma olar gülməyən üçün,
Həyat mənasızdı ölməyən üçün.
Vətəni Anası bilməyən üçün,
Vətənsiz dözməyə nə var ki, qardaş.
ADAM GƏZİRƏM
Mənim dərdlərimin yiyəsi ölüb.
Dərdimi çəkməyə adam gəzirəm.
Çəkib— yarısını mənimlə bölüb,
Göz yaşı tökməyə adam gəzirəm.
Qaşığım boş çıxır dolu qazandan,
Məsləhət alırıq yolu azandan.
Səksənir Allahın qulu Azandan,
Səcdəyə çökməyə adam gəzirəm.
“Şeytanlar” salıbdır bizləri şərə,
Bir məhzəb qayırır özündən hərə.
Öndərlik eyləyib daş ürəklərə,
İmanı əkməyə adam gəzirəm.
SON MƏNZİL
Şeir gözlüm, göz naxışın can alır,
Qorxuram gözünə göz dəyər birdən.
Elə bil, ləl axır dodaqlarından,
Sözünə kənardan söz dəyər birdən.
Çiçəklər qoxuna heyran olarlar,
Ən gözəl çiçəkdən gözəlsən, gülüm.
Sən Allah, küçəyə-bacaya çıxma.
Qısqanclıq zülümdü, ölümdən zülüm.
Cənnətin həvəsi yoxdur içimdə.
Cənnətsən qiyamət qopana kimi.
Ölüb-dirilmişəm, bəlkə, min dəfə,
Mən səni dünyada tapana kimi.
Şeir gözlüm, gözlərində ölərəm.
Qorxuram gözünə göz dəyər birdən.
Qoy agah olsun ki, son mənzilimsən,
Hardasa bir mənzil gözləyər birdən.