Çox zaman ana və vətən kəlmələrini birlikdə işlədərik .Hər nəticənin bir səbəbi var axı .Eləysə söylədiyimiz bütün sözlər kimi bu sözün də dərinliyinə varmaq ,fəlsəfəsini anlamalıyıq .Axı niyə ana vətən deyirik ?
Yəqin ki ,bütün suallar kimi bu sualın cavabına da hər kəsin subyektiv yanaşması var .Elə mən də bu məqaləmdə sözügedən suala öz düşüncələrimə sığınaraq cavab axtarmağa çalışdım.
Kimdir ana ?Saatlarca beşiyimizin ətrafında pərvanə olaraq yuxuya getməyimizi seyr edən, yuxudan oyanarkən isə açılan gözlərimizdən ilham alaraq arzulara qovuşan ,həyat səmasında xoşbəxtliyindən rəqs edən müqəddəs insan?!
Dünyanının ən möhtəşəm nəğməsi olan laylasıyla körpəsini cənnətə aparan ,övladının ömrünü nura qərq etmək üçün özünü yandıran və özünün yanıb- yanıb tutuşduğu alovun qığılcımlarından körpəsinə işıq, nur ərmağan edən qadın?!
Gözlərində ,baxışlarında hər zaman qorunmağa, xilas edilməyə möhtac uşaq kimi qaldığımız, bizi dəli ruzigardan ,dərd yağışlarından müdafiə etməyə cəsarəti çatacaq qədər güclü bəşər övladı?!
Kimdir ana?! Zil qara saçlarını ömrümüzə, bir gülüşümüzə fəda edəcək qədər əzəmətli ,vüqarlı zirvə ?!
Ananın böyüklüyünün, əzəmətinin qarşısında ən uca zirvələr belə baş əyər.
Ağaran saçlarını
Sığallayan ,oxşayan,
Əl ola biləydim kaş.
Üzündəki qırışı
Səndən alıb –aparan,
Yel ola biləydim kaş.
O solan bənizində
Günəşin olardım kaş.
Titrəyən dodağında
Sənin qədər vüqarlı,
Sənin qədər dəyərli,
Söz ola biləydim kaş.
Ürək dostun ,sirdaşın,
Tənha olsan qəlbində
Həmdəmin olaydım kaş.
Yollarına nur saçan,
Sənə qolların açan,
Sevincin olaydım kaş.
Yuyub -yuyub qəmini,
Kədərini aparan,
Yağışın olaydım kaş.
Ömrünün hekayəsin
Yazıb- yazıb uzadan,
Qələmin olaydım kaş.
Sən ola biləydim kaş.
Bəs Vətən? Axı nədir bizə vətənimizi də anamız qədər doğma edən ?Sözdəki mənsubiyyət şəkilçisi?! Bəli ,Vətən də bizimdir ,anamız kimi o da bizi qoynuna alır ,biz ona sığınmışıq ,hara gediriksə gedək dünyanın cənnəti bizim üçün vətən torpağının hər qarışındadır .
Vətənimiz də bizə anamız qədər əzizdir .Nə vətənsiz ,nə də anasız yaşamaq yaşamaq deyil ki ,var olmaqdır sadəcə .Anamızı itirsək ,baxışına ,gülüşünə, kəlmələrinə, ətrinə, nəvazişinə, həsrət qalarıq. Burnumuzun ucu göynəyər, darıxarıq. Qəlbimizin fəryadı bütün kainata ağı deyər sanki.
Vətənimizdən ayrılsaq da yaşayan sadəcə cismimiz olar .Bax bu gün də yaşayırıq ,fəqət diri ikən ölü kimi, fəqət ürəyi döyünməyən insan kimi . Çünki Qarabağımız -vətənimizin bir hissəsi ,torpaqlarımızın 20%-i düşmənin əsarətində fəryad qoparır.
Vətənimizin torpağında anamızla birlikdə addımlamaq ən böyük səadətdir .
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür kim dolanıb qanım olub .
O mənim sevgili cananım olub.
Vətəni sevməyən insan olmaz,
Ols da o şəxsdə vicdan olmaz.
(Abbas Səhhət)
Fəqət ,həsrətin sonundakı vüsala qovuşmaq ümidi ,inamı bizimlədir və biz Qarabağımıza qayıdacayıq .Bunu bizə Azərbaycan Respublikasının Prezidenti ,Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti deyir, bunu bizə Mübarizlərin ,Fəridlərin şəhidlik zirvəsindən ucalan səsləri deyir .
Biz doğma yurdumuzu qaytaracayıq və Azərbaycanın ərazi bütövlüyü bərba olunacaq .Bunu bizə içimizdəki vətən eşqi deyir. Bu eşqin daima zirvələrdə olması diləyiylə…