Danışa bilmədim heç vaxt səninlə
Dil kömək olmadı dərdi-sərimə.
Qəlbimdən keçəni söyləmək üçün
Şeirlər danışdı mənim yerimə
Hər dəfə bir ümid, bir həvəs ilə
Yazıb göndərirəm sənə şeirimi.
İndi də hər şeydən xəbərsiz kimi
Yəqin oxuyursan yenə şeirimi.
Yenə adi gəlir bütün cümlələr
Sadəcə başını belə qatırsan.
Hər dəfə sıradan bir şeir kimi
Mənim hisslərimi “cırıb atırsan”.
Soruşsam: “necədi”, laqqeyid halda
Çiyninlə: “nə bilim” deyirsən mənə.
Səni şeirimə yazdığım üçün
Yəqin ki bir ömür borcluyam sənə.
Şeirmi yaşadan səbəbkar sənsən
Cismimi yaşadan can, şeirimdir…
Oxusan mənimçün bir dua oxu
Bu sənə yazdığım son şeirimdir…