Axşamtərəfi qayınatam onu Salyan şossesinə aparmağımı xahiş etdi. Yol maşınlarından birinə minib Səngəçala gedəcəkdi. Orda yaşayırdı.
Salyan şossesinə yaxınlaşanda yolun əks tərəfindəki dayanacaqda durmuş gəlinlə balaca bir qız uşağını mənə göstərib:
– Sən allah, geri qayıdanda onları da götür, – dedi. – Yəqin Lökbatana gedirlər. Yazıqdılar, qaranlığa qalar, yağışa düşərlər.
Onunla qohum olandan həmişə belə görmüşdüm. Nə qədər vacib işi olur-olsun, yolda qalanın birinin də yanından özünü görməməzliyə vurub ötməzdi. Maşınını saxlayar (maşını indi ustada təmirdəydi), hara getdiyi ilə maraqlanar, aparıb düz evlərində düşürdərdi. Heç kimdən də pul-para ummaz, almazdı. Buna ehtiyacı da yoxdu.
Fikrimdə maşını birbaş Səngəçala sürmək, onu evlərində qoyub qayıtmaqdı. Düz yolda 30-40 kilometr məsafə nəmənəydi! Ancaq imkan vermədi. Başqa vaxt bəlkə də razılaşardı. İndi yarı canı o dayanacaqdakı uşaqlı qadının yanındaydı. Onlara görə narahatdı.
Uzaqdan Salyan şossesində qaraladığım xırdatutumlu avtobusun tərpənməyə hazırlaşdığını gördüm. Maşınımın işıqlarını yandırıb-söndürməklə sürücüsünə işarə etdim ki, bizi gözləsin. O da bir az ləngidi. Aralıdan soruşdum:
– Hara gedirsən?
– Salyana, – dedi.
– Boş yerin var?
– Var.
– Səngəçala qədər bir nəfər götürərsən?
– Gəlsin.
Xudahafizləşəndə qayınatam bir də xatırlatdı:
– Gəlini yaddan çıxarma.
– Yaxşı, – deyib maşını ağzıgeri döndərdim.
Göyün üzünü qara buludlar almışdı. Hava məlumat bürosu selləmə yağış yağacağını bildirsə də, arabir maşının qabaq şüşəsinə düşən təkəmseyrək iri gilələrdən başqa hələ heç nə yoxdu.
Dayanacaqdakı uşaqlı gəlinin bərabərinə çatanda maşını saxladım. Ötüb getmək insafdan deyildi. Dayanacağın adı dayanacaqdı. Böyür-başı cəhənnəm, üstü də açıqdı. Yağış yağmağa başlasa, tamam islanacaqdılar. Marşrut avtobusları da axşama doğru bu tərəflərdə hər saat adamı yarıtmırdı.
Sağ tərəfdəki qapının şüşəsini yendirib:
– Bacım, – səsləndim, – Lökbatana gedirsinizsə, gəlin əyləşin, aparım.
Mənə elə gəldi ki, üzünü yana çevirən qadın özünü qəsdən eşitməməzliyə vurdu. Qızcığaz onun ətəyini dartdı, əliynən məni göstərib nəsə dedi. Yenə əhəmiyyət verməyəndə məni yanlış anladığını düşünüb bir də dilləndim:
– Bacım, mən xalturşik deyiləm. Özüm də Lökbatanda oluram.
Qadın birdən sərt bir şəkildə dönüb:
– Bura bax, – dedi, – yekə kişisən, yolunla düz gedə bilmirsən?
Tanımasam da, məsum saydığım bir qadından bu cür kobudluq gözləmirdim. Mərifətlə deyə bilərdi ki, getmirəm, vəssalam. Məcburiyyətmi vardı? Axı mən ona nə sataşmış, nə də elə bir ədəbsiz təklif etmişdim. Belə bir şey ağlımın ucundan da keçmirdi. Evli, ailəliydim, bu mənə yaraşmazdı. Sadəcə, ürəyim yanmış, yazığım gəlmişdi. Xüsusən, yanındakı uşağa, qızcığaza.
Düşmək, niyyətimin təmiz olduğunu bir daha başa salmaq istəsəm də, vaz keçdim. Əvəzində qayınatamın qarasınca söyləndim. Tapşırmasaydı, qayıdanbaş onlar nəzərimi bəlkə də heç cəlb etməyəcək, eləcə ötüb gedəcəkdim. Nə mən qadına yaxşılıq eləmək fikrinə düşəcəkdim, nə də o mənim xeyirxahlığımı pis yerə yozacaq, kobud, ağır cavab verəcək, qanımı qaraldacaqdı.
Yamanca peşmandım. Çatan kimi evdə də arvadım dilxor elədi:
– Atamı yolda düşürdüb qayıtdın, yoxsa maşına mindirib yola saldın?
– Yolda düşürdüb qayıtdım, – acıqcan dedim.
– Sən allah, doğru sözündü?..
– Əşi, bəsdi də, – əsəbləşdim. – Belə axmaq sual hardan ağlına gəldi?
– Boyy, axşam-axşam noolub sənə?.. – Arvadım dayanıb təəccüblə üzümə baxdı.
İzah eləməyə belə ehtiyac görmədim.
***
Bir azdan başım işlərimə necə qarışdısa, hər şeyi unutdum. Bir də çöl qapının zəngi çalınanda ayıldım. Arvadım özünü yetirib qapını açdı. Kimdisə, dediyinə görə, üzbəüzdəki qonşumuz Tahirə xalanın qohumuydu, qonaq gəlmişdi. Ancaq, deyəsən, evdə heç kim yoxdu. Qapının zəngini nə qədər bassa da, cavab vermirdilər.
– Bayaq balkonda paltarları şəriddən yığanda Tahirə xalanın əlində zənbil harasa getdiyini gördüm, – arvadım dedi.
– Nə pis oldu, – qadın vaysındı. – Görəsən gec gələr?
– Bayırda durmayın, keçin içəri, – arvadım dedi. – Harda olsa, indilərdə gələr.
İçəri keçərkən ayaq səslərindən onların iki nəfər olduğunu duydum.
Bu zaman o biri otaqdan uşaqlarım da hay-harayla dəhlizə çıxdılar.
– Oyy, dad!.. – Oğlum bərkdən içini çəkdi.
– Yağış sizi harda isladıb belə? – Dalınca arvadım bunu soruşmasaydı, oğlumun niyə təəccübləndiyini bilməyəcəkdim.
– Dayanacaqda. Birdən yağmağa başladı. Daldalanmağa yer tapmadıq.
Maraq məni üstələdi. Qarışıqlıqdan istifadə edib qapının arasından xəlvətcə o tərəfə boylandım. Heyrətdən yerimdə dondum. Dəhlizdəkilər qayınatamı yola salıb qayıdanda dayanacaqda maşınıma mindirmək istədiyim gəlinlə qızcığazdı.
Yağış onları, doğrudan, yaman günə qoymuşdu. Azca qala özümü unudub arvadıma səslənəcəkdim ki, artıq paltarınız varsa, gətir ver, əyinlərini dəyişsinlər. İslanmış cücəyə dönən qızcığaz elə mənim qızım boydaydı.
– Keçin hamama, məhraba ilə qurulanın, üst-başınızı qaydaya salın, – arvadım ürəyimdən keçənləri oxuyubmuş kimi birdən əl-ayağa düşdü. – Əyninizi dəyişməyə indicə nəsə bir şey tapıb gətirərəm.
– Lazım deyil, bacı, narahat olmayın, – qadın könülsüz mızıldandı.
– Sıxılmayın, canım, özünüzü evinizdəki kimi hiss edin. Belə olmaz, xəstələnərsiniz.
Arvadım uşaqlarımızı qabağına qatıb təzədən içəri evə saldı.
– Sən elədin, ana, – tək qalanda qızcığaz ötkəmliklə qadını günahlandırdı. – Gərək o əminin “Jiquli”sinə minəydik.
Qadın tez qızcığazın ağzını yumdu.
– Suss!..
Qapıdan çəkildim. Məni görməsələr yaxşıydı.