Yadımdadı, istitutda oxuyan zaman semestr imtahanlarını verib Bakıdan rayona, evimizə qayıdan kimi anam məni yanına salıb qardaşıgilə, dayımla görüşməyə aparardı. Bunu bir adət, ənənə halına salmış, mənim üçün şərəf işinə çevirmişdi. İndi onun yolunu bacım davam etdirirdi. Qış imtahanlarını təzəcə başa vurub tətilə gələn oğlunu bizə, mənim görüşümə gətirmişdi.
Bacım oğlu universitetin üçüncü kursunda oxuyurdu. Həm də əla qiymətlərlə. Bacım yeri düşəndə deyirdi, yaxşı oğul dayısına çəkər. Oxumaqda mənə oxşadığına işarəydi.
Hal-əhvaldan sonra onu həmişəki kimi yenə sorğu-suala tutdum. Növbəylə imtahanları, universitetdəki işləri, hansı müəllimlərin dərs dedikləri ilə maraqlanmağa başladım. Müəllimlərindən Zərgərlinin adını eşidəndə xəbər aldım:
– Nədən dərs deyir?
– Müasir ədəbiyyatdan, – dedi.
– Necədi? Mühazirələri xoşuna gəlir?
Bacıoğlum hələ niyə məhz Zərgərlinin üzərində dayandığımı bilməsə də onu ağızdolusu təriflədi: savadlı, tələbkar müəllim olmaqla bərabər, gözəl insandı.
Məmnun qaldığımı görüb soruşdu:
– Tanışsınız, dayı?
– Eyni fakültədə, hətta bir qrupda oxumuşuq, – dedim. – Heyf ki, çoxdandı ondan xəbərim yoxdu.
Söhbətimizin bu yerində bacım kənardan müdaxilə etdi:
– Ə, gedəndə tanışlıq verər, deyərsən, filankəsin bacısı oğluyam.
– Bilmirəm yaxşı düşər, yoxsa yox, – bacım oğlu üzümə baxıb məndən cavab gözlədi.
– Neynək, qardaşım ona ətraflı bir məktub yazar, səni tapşırar, gedəndə aparıb verərsən, hər halda, lazım olar, – bacım fürsəti qaçırmadı. – Yazarsanmı, qardaş?
Xeyli duruxandan sonra dedim:
– Bacıoğlu gedənə qədər bir şey fikirləşərəm.
Dediyim kimi, bacım anamızın yolunu davam etdirirdi. Anamın qardaşı, dayım rayonda yaşasa da tanınmış alimdi. Hər dəfə anamla onun görüşünə gedəndə indi mən bacım oğlunun təhsili, imtahanları, müəllimləri ilə necə maraqlanıramsa, o da mənimlə, təxminən, elə bu cür maraqlanardı. Mən də bacım oğlu kimi, öz dərslərimdən, ürəyimə yatan savadlı müəllimlərimdən danışar, onları ağızdolusu tərifləyərdim.
İkinci kursda oxuyanda bizim bir psixologiya müəllimimiz vardı. Əbdül müəllim. Onun mühazirələrinin vurğunuydum. Birini də buraxmazdım. Bütün diqqətimi cəmləyər, əvvəldən axıracan heyranlıqla qulaq asardım. Bir qoşa saatın haçan sona çatdığından xəbər tutmazdım. Onda ayılardım ki, Əbdül müəllim artıq auditoriyanı tərk eləməkdə, tələbə yoldaşlarım bayıra axışmaqdadılar.
Dayım Əbdül müəllimi müəllimlərimin hamısından artıq təriflədiyimi görüb onu yaxından tanıdığını, dostu olduğunu, hətta haçansa namizədlik dissertasiyasına yaxşı bir rəy də yazdığını söylədi. Axırda da əlavə etdi:
– Bakıya gedəndə yadıma salarsan, Əbdül müəllimə bir məktub yazaram.
– Bəlkə lazım deyil, dayı? – mızıldandım. Tanışlıq, tapşırıqla oxuyanlardan zəhləm gedirdi.
– Niyə? – Dayım əvvəl təəccübləndi, sonra: – Hə, səni başa düşürəm, – dedi. – Əbdül müəllimə yazacağım məktub bir dostluq məktubu olacaq.
Tətil sona yetdi. Anamın qoyduğu qayda üzrə gələndə gedib görüşdüyüm kimi, Bakıya yollananda dayımla xudahafizləşməyi də unutmadım. Psixologiya müəllimimə məktub yazmağı yada salmağa isə ehtiyac duymadım. Amma qapıdan çıxanda dayım mənə ağzıbağlı bir zərf uzatdı.
– Bunu Əbdül müəllimə verərsən, – dedi.
Məktubu hələ ilk mühazirəsinə başlamamış, auiditoriyanın qapısı ağzındaca müəllimimə çatdırdım. Həm də çalışdım ki, kimsə bunu görməsin. Nə mən ona əlavə bir söz dedim, nə də o mənə.
Elə hey düşünürdüm: görəsən, dayım məktubunda Əbdül müəllimə mənim haqqımda nə yazıb? Bu haqda dayımdan heç nə soruşmamışdım.
Bir həftədən sonra yenə bütün diqqətimi toplayıb Əbdül müəllimin növbəti mühazirəsinə huş-guşla qulaq asmaqdaydım. Şirin danışdığı yerdə birdən nəsə xatırlamış kimi, nəfəsini dərib dayandı. Münasibətsiz-filansız dedi:
– Bilirsiniz, sizin aranızda hələ də ana uşağı kimi mənə tanışlıq məktubu yazdıranlar var.
Auiditoriyada bircə anda aləm qarışdı. Hamı bir-birinin üzünə baxmağa, pıçıldaşmağa başladı.
İlahi! Yer yarılsa, yerə girməyə hazırdım. Bu nə danışırdı? Bu nə töhmətdi! Axı, mənim o məktubu yazdırmağa heç bir ehtiyacım yoxdu! Buracan kimsənin minnətini çəkməmiş, töhmətini götürməmişdim. Orta məktəbi əla qiymətlərlə bitirmiş, instituta öz biliyimlə girmişdim. Valideynlərim Bakının, oxuduğum institutun səmtini belə tanımırdılar. Anam məni oğlanlarını instituta qəbula aparan dayıma qoşub Bakıya göndərmişdi. Onlar imtahandan kəsilmiş, mən qəbul olunmuşdum. Dekanlıq “əla” qiymətlərimə və nümunəvi əxlaqıma görə hər semestr evimizə, ata-anama təşəkkür məktubu göndərirdi. İşə bir bax, adımı çəkməsə də, sevimli müəllimim indi məni ona tanışlıq, tapşırıq məktubu yazdırmaqda qınayır, ganahlandırırdı.
Bir tərəfdən özümü o yerə qoymamağa, ittihamın mənə aid olduğunu tələbə yoldaşlarıma bildirməməyə, büruzə verməməyə çalışırdım. O biri tərəfdən ayağa qalxıb var səsimlə bağırmaq istəyirdim: səhv edirsiniz, müəllim! Özünüzü günaha batırmayın! O məktubun yazılmasında mənim heç bir suçum yoxdu! Onu yazmağı dayımdan mən xahiş etməmişəm. Nə yazdığından da xəbərsizəm. Sadəcə, sevimli müəllimlərimdən danışanda sizi dayıma daha artıq tərifləmişəm, vəssalam! Ona görə yox ki, dayım sizə məktub yazsın, məni sizə tapşırsın. İnanın, bu, ağlımın ucundan belə keçməyib! Onda dayımın sizi tanıdığını da hələ bilmirdim. Bütün bunlar hamısı bir təsadüfdü.
Yox, buna cəsarətim çatmadı. Dərsin axırınacan özümü dəhşətli dərəcədə pis hiss etdim. Ona sarı baxmamağa çalışırdım. Diqqətimi nə qədər cəmləsəm də nə danışdığını eşitmirdim. Qulaqlarım küyüldəyirdi.
Dərsin qurtardığını bildirən zəng çalınanda sanki cəhənnəm əzabından xilas oldum. Bütün günü özümü-sözümü unutdum. O lənətə gəlmiş məktubu yazdığına görə dayımı da, bunu tələbə yoldaşlarımın qarşısında açıb-ağartdığına görə (çox da adımı çəkməmişdi) Əbdül müəllimi də qınadım.
Həmin gündən o məktubun xəcaləti, ağırlığı məni hər yerdə, hər saat qarabaqara izləməyə başladı. Əbdül müəllimin o sözləri deyərkən üzündəki istehzalı ifadəni heç cür unuda, yadımdan çıxarda bilmirdim. Daha onun mühazirələrinə zərrə qədər marağım, həvəsim qalmamışdı. İndi mənim nəzərimdə o, ən anlaqsız bir müəllimdi. Mühazirələrinə sürgünə gedən kimi gedirdim. Onun baxışları ilə qarşılaşmamağa çalışırdım. Bu mümkün olmayanda, təsadüfən qarşılaşanda özümü çox narahat, dəhşətli dərəcədə pis hiss edirdim. Bu hiss qəlbimdə tədricən nifrətə çevrilirdi.
Mənimlə qarşılaşanda onun da oxşar hissləri keçirdiyini düşünürdüm. Yəqin o da məni görməyi arzulamırdı. Həmin məktub əsasında mənim şəxsimdə özü üçün axmağın, avaranın, dayısının hesabına baş girləyən əndirəbadi bir tələbə obrazı toqqaşdırmış, yaratmışdı. O məktubu da, dayımı da, məni da lənətləyirdi. Artıq son qərarını da vermişdi: əşi, baş qoşmağa dəyməz, imtahanda itaparan bir üç yazaram, cəhənnəm olar.
Əsl işgəncəyə dönən dərs ili, nəhayət, başa çatdı. Lakin qarşıda məni psixologiyadan Əbdül müəllimin çətin imtahanı gözləyirdi.
Bu imtahana başqa imtahanlardan daha çox vaxt sərf etmiş, daha ciddi hazırlaşmışdım.
İmtahan zamanı çəkdiyim biletdəki sualların hamısının cavabını bilirdim. Ona görə də hazırlaşmaq üçün əyləşdiyim stulda çox darıxırdım. Birdən yaxınlıqda əyləşmiş qrup yoldaşım Yaqutun pıçıltısını eşitdim. Biletindəki sualları göstərir, cavabını yazıb göndərməyi xahiş edirdi. Bu qız əksər hallarda müəllimlərdən tapşırıqla qiymət alırdı. Yəqin indi də tapşırılmışdı. Hər halda, xalaxətrin qalmasın, bir şey qaralamaq lazımdı. Köməyimi əsirgəmədim.
Sualın cavabını qarşımdakı vərəqə tələsik yazıb ötürəndə bir gözü mayıf İbad müəllim, assistent gördü. Ancaq üstünü vurmadı. Əvəzində məndən soruşdu:
– Hazırsan?
– Hazıram, – dedim.
– Gəl görüm.
Əbdül müəllimə tərəf boylandım. Başı qarışıqdı, başqa bir tələbə yoldaşımdan imtahan götürürdü.
İbad müəllim sakit, mülayim adama oxşasa da, xasiyyətinə yaxşı bələd deyildim. İmtahana gəlməyən seminar müəllimimizi əvəz etmişdi. Başqa qrupda seminar aparırdı.
Biletimdəki sualları bir-bir danışdım. İbad müəllim üzünü Əbdül müəllimə tutub dedi:
– Biletini danışdı. Sualınız olacaq?
– Keç bu tərəfə, – Əbdül müəllim əliynən qarşısındakı təzəcə boşalan stulu göstərdi.
Həm çox əsəbi, gərgin, həm də dəhşətli dərəcədə həyacanlıydım. Gec-tez, onsuz da, Əbdül müəllimlə qarşılaşacağımı gözümün altına almışdım. Biletimi danışsam da, İbad müəllimin mənə özbaşına qiymət yazmayacağı ürəyimə dammışdı.
Əyləşən kimi Əbdül müəllim dolaşıq bir sual verdi. Bəlkə də o an mənə belə göründü.
Nə danışdığımı özüm də bilmirdim. Hələ qurtarmamış Əbdül müəllim dedi:
– Qiymət kitabçanı ver bura. Bir “kafi” yazaram, bəsindi.
Elə bildim indicə ürəyim dayanacaq. Düz fikirləşmişdim. Əbdül müəllim mənim haqqımda əvvəldən qərarını vermişdi.
Özümü birtəhər cəmləyib:
– Mən “kafi” istəmirəm, – dedim.
Əbdül müəllim qarşımdakı qiymət kitabçasına əlini uzadanda ondan cəld tərpəndim. Kitabçanı qapıb bayıra atılmaqdan yaxşı çıxış yolu tapmadım. Niyə? Özüm də bilmədim.
İçəridə aləm bir-birinə qarışdı. Açıq qalan qapıdan ordakı səs-küyü eşidirdim. Aradan bir az keçmiş qrup nümayəndəmiz dalımca bayıra çıxdı. Qrup yoldaşlarım müdafiəmə qalxmış, müəllimi seçilən tələbələrdən olduğuma, nəsə bir anlaşılmazlıq baş verdiyinə inandırmış, mənə, heç olmasa, bir “yaxşı” yazmağa razı salmışdılar.
Etirazımı bildirdim. Minnətli qiymətin mənə lazım olmadığını, komissiya ilə təzədən imtahan verəcəyimi dedim.
Bu zaman bayırdakı başqa tələbə yoldaşlarım da mənə yaxınlaşdılar. Sakitləşməyi, tərslik eləməməyi, razılaşmağı məsləhət gördülər. Əbdül müəllim sayılan müəllimlərdəndi. Komissiya onun tərəfini saxlaya bilərdi.
Xeyli çək-çevirdən, fikirləşəndən sonra yumşaldım, tələbə yoldaşlarımı eşidəsi oldum. İki illik tələbəliyim dövründə qiymət kitabçama ilk “yaxşı”nı yazdırdım.
… Bacım oğlunun müəlliminə, keçmiş tələbə yoldaşıma məktub yazmadım. Fikirləşdim ki, necə deyərlər, dünyanın düz vaxtında tanınmış bir psixologiya müəllimi (başqa fənn müəllimi olsaydı, dərd yarıydı) alim dostunun məktubuna o cür münasibət göstərmişdisə, indi, rüşvətin institutlarımızda tüğyan elədiyi bir zamanda bacım oğlunun ədəbiyyat müəlliminə yazacağım məktubun mütləq düşər-düşməzi olar. Çox da, bu ədəbiyyat müəllimi keçmiş tələbə yoldaşımdı. Gör aradan nə qədər vaxt ötmüş, sellər-sular axmışdı. İllər çox şeyi dəyişmişdi.
Yaxşı ki, Bakıya qayıdarkən mənimlə xudahafizləşməyə tək gələn bacım oğlu məktub haqqında heç nə soruşmadı. Yadına düşüb-düşmədiyini bilmədim. Bəlkə də qəsdən üzə vurmadı.