Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru
niyə şair oldum, Allahım niyə,
vətənə şair yox ,əsgər gərəkdir.
bu yurda, torpağa qeyrətli yiyə,
yurdu qorumağa bir nər gərəkdir.
yurd əldən getməzdi qorunsa əgər,
bizim qəlbimizdə təpər olmadı.
şeirimi, sözümü oxuyan əsgər,
gedib bir qarış da torpaq almadı.
igid bir döyüşçü doğulaydım kaş,
soyuq səngərlərdə duraydım gərək.
əldən getməyəydi o torpaq, o daş,
gedəydim düşmənin üstünə şir tək.
söz çatmır dünyanın kar qulağına
ürəyim partlayır qüssədən, dərddən,
gör kim sahib çıxıb cənnət bağına,
sözlə düşmən çıxmaz tutduğu yerdən.
tanrı sözünü də eşitmir nadan,
qansız eşidərmi şair sözünü,
indi qanad açıb yeriyir yalan,
tülkü bir şir bilir vallah özünü.
boş vədlə sağalmaz bir qanlı yara,
silaha silahla cavab verilər,
torpağı veməyək qəsbikarlara
dərdin ağlamasaq torpaqmı gülər
düşmən insaf bilməz, mürivət bilməz,
daha hayımıza gəlib çatan yox
döyüş meydanında söz kara gəlməz,
hamı şeir yazır,silah tutan yox.
niyə şair oldum Allahım niyə,
vətənə şair yox, əsgər gərəkdir,
bu yurda, torpağa qeyrətli yiyə,
yurdu qorumağa bir nər gərəkdir