SƏNİ SORUŞDU
Eşq adlı dünyamı, tərk edən gündən,
Ruhum candan çıxıb, Haqqa qovuşdu.
Qarşıma hər çıxan dost, tanış –məndən,
Dərdimin çarasın, səni soruşdu.
Qoşa gəzdiyimiz dağlar, yamaclar,
Çiçəkli, qönçəli kollar, ağaclar,
Cüt səkən sevdalı kəklik, turaclar,
Qəlbimin yarasın, səni soruşdu.
Mehman olduğumuz mərhəm oylaqlar,
Bizə qucaq açan, xalı otlaqlar.
Gözüyaşlı, ağlar, ayna bulaqlar,
Gözümün qarasın, səni soruşdu.
Yardan uzaq düşən tənha, tək qalar,
Göydə quşlar belə , cüt qanad çalar.
Qol- boyun leyləklər,sürbə durnalar,
Bağrımın parasın, səni soruşdu.
Dövranam, yox sizə yalnış, yalanım,
Istəksiz, məhvərsiz, necə dolanım?
Bütün dərdəyanan, qeydəqalanım,
Canımın yarısın, səni soruşdu…
Soruşdu…
Soruşdu…
18.12.2015.
YAR SANMAZMI
Söyləyin O, bivəfaya,
Etdiyindən utanmazmı?
Dalmamışkən xoş xülyaya,
O saf eşqi, heç anmazmı?
Daşdanmıdır onun canı,
Üzdü qəlbdən əhd- peymanı.
Məhv oldu bir, eşq ümmanı,
Zülm etməkdən usanmazmı?
Düşmürəmmi heç yadına?
Tanrı yetsin imdadına…
Sevdamızın eşq oduna,
Mən yanırkən, O yanmazmı?
Çəkəcəm hər cəfasını,
Sınayacam vəfasını.
Əfv edərsəm xətasını,-
O, Dövranı yar sanmazmı???…
19.2015.