SƏNSİZLİK
Fikirlərim firar edib,
Həbslərdə dayanmayır.
Sən olmayan sabahlarda,
O da yatır, oyanmayır.
Hecalarım düzülübdü,
Cümlələrim süzülübdü.
Əlim haqdan üzülübdü,
Ocağım da qalanmayır.
Sən olmayan günüm dərddir,
Sənsizliyin üzü bərkdir.
Ürək dəmir deyil, ətdir,
Göz yaşlarım dayanmayır.
Sən olanda gülər üzüm,
Sevincdən parlayar gözüm.
Mənə sahib çıxar özüm,
Dərd qəlbimə sarmanmayır.
15.12.2015
ÜŞÜMƏ
Sənin eşq adlı tüstünə,
Mən isinmişəm istinə.
Xəyalımı çək üstünə,
Soyuq olmasın, üşümə.
Boğulmaram mən tüstünə,
Közə dönərəm istinə.
Saçlarını çək üstünə,
Soyuq olmasın, üşümə.
Kor olmasınlar tüstünə,
Qızınmasınlar istinə.
Saf sevgimi çək üstünə,
Soyuq olmasın, üşümə.
Mən yansam yetiş tüstümə,
Əllərini tut istimə.
Məhəbbəti çək üstünə,
Soyuq olmasın, üşümə.
Rəhim Mehnət 19.12.2015