Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru
SONU YOXDUR
Zaman gələr darıxarsan,
Yarpaqları tökülmüş,
Payıza təslim olmuş ağacın quru
Budağı kimi.
Peşman olub, soluxarsan,
Körpəmizin köhnəlmiş
Qundağı kimi…
Bir gün anlayarsan ki,
Çəkdiyin əzabların,
Sonu yoxdur…
Ətrafında dövrə vuran,
Dostlarının, insanlıqdan
Donu yoxdur!!
Həyatından gəlib-keçən,
Gözəllərin hər beşindən
Onu yoxdur!
… Zaman gələr darıxarsan,
Yarpaqları tökülmüş,
Payıza təslim olmuş ağacın quru
Budağı kimi.
Peşman olub, soluxarsan,
Körpəmizin köhnəlmiş
Qundağı kimi…
ATILMIŞ KÖRPƏ
…O körpənin təbəssümü,
Daha görməz bu gecəni.
Çünki… daha onun uyuduğu
Boş beşiyi, anası elə
Körpəsini atdığı kimi, atdı zibilliyə…
O evdə daha
Körpə görməz bu gecəni…
Zülmət qaranlıq isə
Üşüdər gəlib-keçəni…
Körpəni zibilyığan baba ilə, polislər
Çoxdan apardılar,
Buz bağlamış pilləkandan qopardılar…
İndi, o körpənin beşiyi də,
Zibillikdə üşüyəcək,
Anası körpəsini atdığı yerdən,
Qaçıb-qaçıb,
Həyəcandan tövşüyəcək…
Və bir gün, o körpə böyüyəcək,
Həyatını öyrənəndə,
Bu dünyaya inamı da dəyişəcək!!
O körpənin təbəssümü daha
Görməz bu gecəni,
Zülmət qaranlıq isə,
Üşüdər gəlib-keçəni…
Mayisə Əsədulla Əliyeva