Cəfər Cabbarlı (tam adı: Cəfər Qafar oğlu Cabbarlı) (20 mart 1899, Xızı, Rusiya İmperiyası – 31 dekabr 1934, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi (25 aprel 1933[1]).

Həyatı

Erkən illəri
Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub.[2] Kömürçü işləyən Qafar Cabbarlı görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, “dağlı məhəlləsi” adlanan yerdə yaşamağa başlayıb.[3] Cəfərin üç yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb.[3] O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub.[3] Cəfər arasıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.[4]

Təhsili

Cəfər Cabbarlı gənclik illərində
Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına quran oxumağa qoyur.[5] Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur.[5] Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi.[5] Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirərək bir müddət ailəyə kömək edir.[5] Sonralar Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir.[5]

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır.[6] Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır.[6] 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.[6]

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş”, “Solğun çiçəklər”, “Nəsrəddin şah”, “Trablis müharibəsi” və ya “Ulduz”, “Ədirnə fəthi”, “Bakı müharibəsi”, “Aydın” kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir.[7]

Ailəsi
1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu vəfat etdi. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi.[6] Cəfər ailənin ən kiçik uşağı idi. Onun atası Qafar kömürçülüklə məşğul olurdu. Anası Şahbikə xanım isə evdar qadın idi.[6]

Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu.[6] Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur.[6] O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi.[6]

Yaradıcılığı
İlk dövr
Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. “Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olmuşdur.[8]

1915-ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının “Qürub çağı bir yetim” şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.[9]

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirmişdir.[10]

“Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində cəmiyyətinin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.

Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan “Aslan və Fərhad”ın üzərində 15 iyul 1916-cı il tarixi var. “Mənsur və Sitarə” hekayəsinin əlyazma nüsxəsi və həmçinin “Sitarə” adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş]]” əsərinin üzərindəki qeydə görə əsər, 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. “Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş” əsərindən sonra yazıçı “Solğun çiçəklər” əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı “Solğun çiçəklər”də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyə Sarayında oynanılmışdır. Pyes ailə-məişət mövzusuna həsr olunmuşdur. Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

“Nəsrəddin şah” C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində “Nəsrəddin şah” pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi (Qacarlar) fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.

Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.

“Nəsrəddin şah” pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və Cəfər Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi “Nəsrəddin şah”la yeni mərhələ idi. “Nəsrəddin şah” ilk dəfə 1919-cu ildə Aşqabadda tamaşaya qoyulmuşdur.

Cabbarlı 1917-ci ildə Osmanlı tarixinə dair “Trablis müharibəsi” və ya “Ulduz” və “Ədirnə fəthi” pyeslərini yazmışdır. Hər iki əsərin mövzusu türklərin yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq “Ədirnə fəthi” pyesini “Trablis müharibəsi” pyesinin davamı hesab etmək olar.[11] Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar və sovet tənqidi tərəfindən “pantürkist”, “panislamist” təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır.

“Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərinin mövzusu Osmanlı əhalisinin, Türkiyə türklərinin mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülmüşdür. Cəfər Cabbarlı “Trablis müharibəsi” tarixi faciəsi ilə Nuru Paşanı bədii ədəbiyyata gətirən ilk azərbaycanlı dramaturqdur. Əsərin ilk tamaşası Novruz bayramı ərəfəsində 1918-ci il martın 10-da Bakıdakı “İsmailiyyə” binasında göstərilib.[11]

“Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. Cəfər Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Osmanlı tarixinin Balkan müharibələri (1911-1913) dövrünü mətbuat məlumatları əsasında izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq bu səhnə əsərlərini yaratmışdır.

“Trablis müharibəsi”ndə hadisələr 1911-1912-ci illər İtaliya-Osmanlı müharibəsi fonunda cərəyan edir.

“Ədirnə fəthi” faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər ilk dəfə elə həmin il, dekabrın 15-də Abbas Mirzə Şərifzadənin təqdimatında nümayiş etdirilmişdir. Cəfər Cabbarlı “Trablis müharibəsi” və “Ədirnə fəthi” əsərlərinin ilk tamaşasından sonra verilən ziyafətdə çıxış edərək türk xalqının qədimliyindən, zəngin mədəniyyət və döyüş ənənələrinə malik olmağından söhbət açıb. “Ədirnə fəthi”ni bu mövzuya həsr etdiyini, “Trablis müharibəsi”ndə Nuru Paşanın hərbi xadim və şəxsiyyət kimi bədii obrazını təsvir etməklə yanaşı, generalın Bakının xilası uğrundakı zəfər yürüşündən bəhs olunacaq yeni əsərini yazacağına söz verib. Cəfər Cabbarlının alovlu nitqi Nuru Paşanı heyran qoyub. General ziyafətdən sonra “arkadaş” adlandırdığı Cabbarlının dəvətini qəbul edərək onun qonağı olub. Ertəsi gün Nuru Paşanın göndərdiyi hədiyyələri Cabbarlının anası Hacı Şahbikə xanım alıb. Bunlar: bir ədəd nikelli dəmir çarpayı, paltar üçün divar asılqanı və divar saatından ibarət idi.[11] Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

Yazıçının “Bakı müharibəsi” əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da A.M.Şərifzadənin rəhbərliyi ilə “Türk ocağı”nda (Türk Dövlət Teatrı) tamaşaya qoyulmuşdur.[11] Lakin əsər sonradan tapılmamışdır.

Bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ, ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şeirlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

Yaradıcılığının ikinci dövrü

Cəfər Cabbarlıya həsr olunmuş Azərbaycan markası (1999).

Sumqayıtda Cəfər Cabbarlı küçəsi
Cəfər Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin nəticəsi “Aydın” (1919) və “Oqtay Eloğlu” (1921) pyesləri olub. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuş və teatrın repertuarında yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.

Cəfər Cabbarlı 1922-1923-cü illərdə iki dəfə həbs olunub və işgəncələrə məruz qalıb.[12] Cəfər Cabbarlının qızı Gülarə Cabbarlı bu barədə deyir:

Atamı həmişə pantürkizmdə günahlandıraraq onu həbs etmək üçün məqam axtarmışlar.
1923-cü ildə onu bir neçə dəfə təhlükəsizlik orqanlarına çağırmışlar. Orada 2-3 ay əzab-əziyyətlər vermişlər. Atamın “Ədirnə fəthi” və “Ulduz” (“Trablis müharibəsi”) əsərlərində Türkiyə gənclərinin azadlıq uğrunda mübarizəsi əsas yer tutur. Elə buna görə də ona amansız işgəncələr vermişlər. Bütün bu və digər məsələlərlə bağlı təqiblərdən, əzab-əziyyətlərdən qorxmayan, usanmayan atam heç bir dostunun adını çəkməmişdir. Tutarlı faktlar tapmasalar da, atamı daim incitmişlər. Bəlkə də onun az yaşamasına səbəb elə bu təqiblər olmuşdur.[13]

2013-cü ildə Cəfər Cabbarlının 17 iyul 1923 tarixində, Bakıda həbsxanada yazdığı şeirini tapılıb. “Açan-solan çiçəklər” adlı həmin şeirin sonunda ərəb qrafikası ilə “Bakı, F.K. 19. 17 iyul 1923” yazılıb. Çox ehtimal ki, “F.K. 19” Fövqəladə Komissiya (rus dilində “Çerezvıçaynaya Komissiya” – red.) adının baş hərflərinə, həmin idarənin 19 saylı kamerasına işarədir. “Açan-solan çiçəklər” sovet dövrünün həbsxana poeziyasınının ilk nümunələrindən biridir. İstintaq materiallarının arasından tapılan bu şeir Cəfər Cabbarlının artıq həyata, heç nəyə inamı qalmadığını əks etdirir. Şeiri C.Cabbarlı irsinin tədqiqatçısı, filologiya elmləri doktoru Asif Rüstəmli tapıb.[14]

“Od gəlini” tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. “Od gəlini” əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir.

1928-ci ildə dramaturq “Od gəlini” pyesi ilə tarixi mənşəyinə görə problematik, zamanına görə aktual bir mövzuya müraciət etmişdi. Əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir.

Sovet tənqidinin “ateist ruhlu”, dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

Məmməd Əmin Rəsulzadə “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində yazırdı:

“Od gəlini”ni Cəfər “Çeka” həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə “müsavatçılar” qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir. Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.
Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün “ərəb” və “islam” sözləri yerinə “rus” və “kommunizm” sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir”.[15]

“Od gəlini” əsəri 1928-ci ildə tamaşaya qoyuldu. Əsərin quruluşçu rejissoru A.A.Tuqanov idi.

Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi “Araz çayı” mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən “Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!” misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı kimi haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı “Qız qalası” adlı əfsanəvi poemasını “Maarif və Mədəniyyət” jurnalında dərc etdirmişdir. “Qız qalası” 1922-1923-cü illərdə yazılmışdır.

1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şeirlər yazmaqla bərabər tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı “Azərbaycan ədəbiyyatının son vəziyyəti”, “Bizdə teatro”, “Azərbaycan teatr məktəbi”, 1922-ci ildə “Ədəbi mübahisələr” məqaləsini “Zəhmət” qəzetində dərc etdirmişdir və s. məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələsi irəli sürülmüşdü.

Məmməd Əmin Rəsulzadənin qeydlərindən:

“Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məşhur musiqi professoru Qilyer onun “Şahsənəm” adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. “Qız qalası” mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şeirləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir”.

1925-ci ildə dövlət teatrı üçün Şekspirin “Hamlet” faciəsini tərcümə etmiş, 1927-ci ilin əvvəllərində “Dilbər” hekayəsini çap etdirmiş, eyni zamanda F.Qladkovun “Sement” əsərindən bir parça tərcümə etmişdi. 1928-ci ildə Lev Tolstoyun “Uşaqlıq” povestini və Maksim Qorkinin “Üzügülər” hekayəsini tərcümə və çap etdirmişdi.

Yaradıcılığının üçüncü dövrü
Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur.

C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir. Cəfər Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.

1928-ci ildən etibarən yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə “Sevil” əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-ci ildə “Sevil”in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.

Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi “köhnə bir dərd” idi. Yazıçının hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdir. Lakin yazıçı Azərbaycan qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edirlər. Cabbarlının qadın surətləri passiv etirazdan başlayaraq fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlirlər.

Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının “Sevil” pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi. Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir.

1930-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan “Sevil” pyesində dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərmişdir. Əsərdə müti bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Pyesdə ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir.

1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.

“Sevil”dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi.

C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı.

Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.

1931-ci ildə Cabbarlı “1905-ci ildə” pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar dostluğundan bəhs edir. Türk Dövlət Dram Teatrı 1931-ci il mövsümünü bu pyeslə açmışdır. Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işləmişdir.

1932-ci ildə C.Cabbarlı “Dönüş” əsərini yazmışdır. Həyat yoldaşı Sona xanıma yazdığı məktubda ədib əsər haqqında bunları deyir:

“Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam…”

Cəfər Cabbarlı
Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes – “Dönüş” pyesi idi. Yazıçı bu pyesi nə səbəbə “balaca” adlandırmışdı? Bu suala ədibin bir az əvvəl A.A.Tuqanova yazdığı məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki, Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya, “səhnəmizin güzgüsü” kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini əhatə edən ciddi bir pyesə çevrilmişdi. Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi.

Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kollektivini yeni repertuar, yeni üsul, möhkəm intizam uğrunda mübarizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöqsanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan qaldırmağa çalışır. O deyir: “Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş”. Gülsabahı hər şeydən artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə, köhnəliklə mübarizəyə girişir. Pyes “Oqtay Eloğlu” əsərinin davamı kimi götürülə bilər.

“Dönüş” ilə bir zamanda, 1932-ci ildə Cabbarlı “Yaşar” pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu. Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir. Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır. “Yaşar” Cabbarlının son tamamlanmış əsəri idi.

1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.

1934-cü ildə Azərbaycan Şura yazıçılarının birinci qurultayı keçirilib. Qurultayın 16 iyun tarixli iclasında Cəfər Cabbarlı çıxış edərək Hüseyn Cavidin yaradıcılığını tənqid edib.[16][17]

Kino fəaliyyəti
Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində oxuyuruq:

“Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət – elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor”.

Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi.

Hacı Qara (film, 1929) filmindən kadr. Ssenari müəllifi Cəfər Cabbarlıdır.
Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə “Hacı Qara” əsərinin motivləri əsasında “Sona” adlı kino-film çəkilir. “Hacı Qara” bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu “Sevil” filmi ilə həyata keçirdi.

“Sevil” filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilmişdir (1999-cu ildə filmin 70 yaşı tamam oldu). Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi. Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Bu axtarış zamanı aldığı təəssürat əsasında “Gülər” hekayəsini yazmışdı. Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.[18]

“Sevil” filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı “Almaz” və “1905-ci ildə” pyesləri üzrə kinossenarilər yazdı və “Sevil”dən sonra dərhal “Almaz” filminin çəkilişlərinə başladı.

Sona xanımın xatirələrindən:

“Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları “Almaz” filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər”.

Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş, həyatı qədər sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu.

Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, onlar oraya pyes verməyəcəklər.

Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək:

“…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim “1905-ci ildə”, “Almaz”, “Yaşar”, “Sevil” pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar”.

Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.

Kino Cabbarlını getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sənətin bu sahəsində lazımi kadrların olmaması vəziyyəti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı.

Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərmişdi. Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. “Hara gedir Azərkino” adlı məqaləsində oxuyuruq:

“Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, “gözəl qızlar”-“gözəl qozlar” kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur.

Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçisinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir”.

Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 29 avqust 1933-cü il tarixli məktubunda Cəfər Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir edirdi:

“…Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda “1905-ci il”in pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. “1905-ci ildə” filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, “Səfa”nın ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə “Şahsənəm”i qurtarasan, operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin “Qaçaqlar”ı, o yandan da “Əfqanıstan” …Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram… Sonra, Türk teatrında “1905-ci ildə”ni quruluşda verməliyəm. Rus teatrında da “1905-ci ildə” gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da “Səfa”nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da “Otello”nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, “Od gəlini”ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə…”.

Bir daha qeyd edək ki, Cəfər Cabbarlı Azərbaycanda milli kino sənətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.

O, 1928-ci ildə Mirzə Fətəli Axundovun “Hacı Qara” pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna “Sevil”, “Almaz” kimi filmlər bəxş etmişdir.

Vəfatı
Sona xanımın xatirələrindən: “Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi”.

İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də vəfat etdi.[19]

Cəfər Cabbarlının dəfn günü
Belə ki, 31 dekabr gecə saat 4-də C. Cabbarlının həyat yoldaşı Sona xanım qəflətən yuxudan ayılır, işığı yandıranda Cəfərin gülümsər çöhrəsini və yanaqlarında donub qalmış iki damla göz yaşını görür.[20]

Cabbarlı səhər saat 10-da Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə birlikdə Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov və Xalq Komissarları şurasının sədri Hüseyn Rəhimovla görüşməli idi. Mircəfər Bağırovun tapşırığı ilə “Pravda” qəzeti üçün yazdığı, sonralar “Firuzə” adı ilə məşhurlaşan “Bakı” novellasını respublika rəhbəri üçün oxumalı idi.[20]

C. Cabbarlının cəsədi “Semaşko” adına xəstəxanaya aparılır. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilir. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi deyilir. Lakin ədibin qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilmir. Hətta Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi “Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı” məqaləsində sənətkarın təzyiqlərə dözməyərək intihar etdiyini qeyd edir.[20]

Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham sənətkarı son mənzilə, Fəxri Xiyabana yola salır.[20]

C. Cabbarlının qızı Gülarə Cabbarlının iddiasına görə, həkimlər anası Sona xanıma deyiblər ki, Cəfər Cabbarlı öldükdən sonra onun beyni çıxarılıb. Moskvaya, oradan da Leninqrada aparıblar. Orada hansısa muzeydə Maksim Qorkinin, Leninin beyinlərilə birgə saxlanılıb. Çəkisi də 2,5 kq-a qədər imiş. Leninin də, Qorkinin də beynindən böyük imiş. Sona xanımın iddiasına görə bütün bu şeylər o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olduğuna görə heç kimə demirmiş.[21]

Məhəmməd Əmin Rəsulzadə öz əsərində qeyd edirdi:

“O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, “həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş” üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır”.[19]

Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.

Səməd Vurğunun yazdıqlarından:

“C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir”.

Əsərləri
Əsas məqalə: Cəfər Cabbarlının biblioqrafiyası
“Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” (1915)
“Solğun çiçəklər” (1915)
“Nəsrəddin şah” (1916)
“Trablis müharibəsi” (1917)
“Ədirnə fəthi” (1917)
“Bakı müharibəsi” (1918)
“Aydın” (1919)
“Oqtay Eloğlu” (1921)
“Od gəlini” (1928)
“Gülzar” (1924)
“Dilarə” (1924)
“Dilbər” (1927)
“Sevil” (1928)
“Almaz” (1931)
“Yaşar” (1932)
“Dönüş” (1932)
Nəşri
Cəfər Cabbarlı. Əsərləri: I cild – Şeirləri, “Qız qalası” poeması, hekayələri;
Cəfər Cabbarlı. Əsərləri: II cild – Pyesləri;
Cəfər Cabbarlı. Əsərləri: III cild – Pyesləri;
Cəfər Cabbarlı. Əsərləri: IV cild – Kiçik həcmli və natamam pyesləri, librettoları, məqalələri.
Xatirəsi
Cəfər Cabbarlı mükafatı
Əsas məqalə: Cəfər Cabbarlı mükafatı
Cəfər Cabbarlının xatirəsini əziz tutan ailəsi və tədqiqatçıları böyük yazıçı və sənət adamının 100 illik yubileyi ərəfəsində ədəbiyyat, elm, musiqi və incəsənət sahələrində fərqlənən şəxsləri təltif etmək üçün “Cəfər Cabbarlı mükafatı”nı təsis ediblər. Cəfər Cabbarlı mükafatı ilk dəfə 1999-cu ildə, ikinci dəfə isə 2010-cu ildə[22] təqdim edilmişdir.

Bakıda Cəfər Cabbarlının heykəli. Heykəltəraş Mirəli Mirqasımov
Bakı metropolitenində adı verilmiş stansiya
Bir çox şəhər və qəsəbələrdə adı verilmiş küçələr
Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası
Şəxsi həyatı
Aydın Cabbarlının atasıdır.
Gülarə Cabbarlının atasıdır.[23]
Filmoqrafiya
Abbas Mirzə Şərifzadə (film)
Ağasadıq Gəraybəyli (film, 1974)
Almaz (film, 1936)-ssenari müəllifi, əsər müəllifi
Azadlığa gedən yollar (film, 1990)
Bakı bağları. Buzovna (film, 2007)
Balıqçılar (film, 1927)
Cavid ömrü (film, 2007)
Cəfər Cabbarlı (film, 1944)
Cəfər Cabbarlı (film, 1969)
Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973)
Cəfər Cabbarlının dəfni (film, 1935)
Hacı Qara (film, 1929)
Qayıdış (film, 1992)
Qəmbər Hüseynli (film, 2007)
Onlar belə sevirdilər (veriliş, 2007)
Sevil (film, 1929)
Sevil (film, 1970)
Solmaz bir bahar kimi (film, 1979)
Yarasa (film, 1995)