QÜRUB SAATI
Dağın arxasında məst olub Günəş,
Süzür gözlərini qürub saatı.
Çarmıxa çəkilən yol ayrıcında,-
Ürəyim qurulmuş qərib saatı.
Bir eşq ünvanı tək saata baxdım,
Könlümdə çağladım,gözümdə çaxdım.
Əqrəblər nazıyla oynayır vaxtın,
Kim belə divanə görüb saatı?
Belə dağ görməyib hələ bu sinə,
Gərək qəlb yansın ki,ruh da isinə.
Sən allah,qulaq ver zənguləsinə,
Gör,zalım nə gözəl qurub saatı.
BİZDƏ DAĞLAR DUMANDI…
Şair dostum,bizdə dağlar dumandı,
Dağ dumansız,duman dağsız yamandı.
Bir ah çəkdim,qəlb alışdı,dil yandı,
Bu ocaqdan qalan külüm mübarək!
Gözlərini sinəmdəki dağ çəkdi,
Bu dumanda göz çəkməkdə dağ təkdi.
Bir qız gördüm,dodaqları çiçəkdi,
Dərən də yox,deyəm ,gülün mübarək!
Hər göz yaşı bir ayrılıq duası,
Qan da yumaz bağrımdakı bu pası.
Eşq dilində son şərqidir Qu yası,
Belə sevda,belə ölüm mübarək!