Bəlkə də dünyanın yüz yaşı vardı, –
İnsanın tamahı ilk daşı yardı.
Dımdıyin dörd səmtə dən daşıyardı,
Səni dənliyindən etdilər, Vətən!
Sanki bir-birinə oxşardı hamı,
Oğuzdu, Qorquddu, Avşardı hamı,
Qoynunda şad-xürrəm yaşardı hamı,
Səni şənliyindən etdilər, Vətən!
Xoş arzu-niyyətə təməldin onda,
İnsanlar halal süd əməndi onda,
Məchul bir riyazi əməldin onda,
Səni tənliyindən etdilər, Vətən!
Sənə dost deyənə qardaş sən idin,
Arxadaş sən idin, sirdaş sən idin,
Ən uca sən idin, ən baş sən idin,
Səni “ən”liyindən etdilər, Vətən!
Allaha ən yaxın bəndə sən idin,
Cismdə sən idin, təndə sən idin,
Özündə özündün, səndə sən idin,
Səni sənliyindən etdilər, Vətən!
“Yan”a can söyləyən it nə dəlidi,
Nə gicdi – minillik fitnə-felidi.
Şuşa sənin üçün Çənlibel idi,
Səni çənliyindən etdilər, Vətən!