12299271_1673770859556050_384289575261593339_n

Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını, gənc yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

23 yaş

Uşaqlığı aldın əldən,
Qaralar yox olur teldən,
Pay tutub çiçəkdən, güldən,
Xoş gəldin iyirmi üç yaş.

İnsan üçün namus, şərəf,
Olmalıdır daim hədəf,
Yol aldım otuza tərəf,
Xoş gəldin iyirmi üç yaş.

Hər günümlə duyum qürur
Alnım açıq, sözüm məğrur,
Başlasın sənlə hər uğur,
Xoş gəldin iyirmi üç yaş.

BİR İL DƏ ÖMÜRDƏN KEÇDİ BELƏCƏ.

Hər il qocalıram, keçirib illər,
Ömür misalımın cavabı neçə?
Bir il də ömürdən keçdi beləcə,
Günahı neçədir, savabı neçə.

Bir il də ömürdən keçdi beləcə,
Bir il də ömürün üstə gəldi il.
Görəsən hamarmı bu ömür yolum?
Mənasız yaşamaq yaşayış deyil.

Bir il də ömürdən keçdi beləcə,
Hər il bir yaş daha qocalır insan.
Həyatı anlayır bir az da yaxşı,
Qocala-qocala ucalır insan.

Bir il də ömürdən keçdi beləcə,
Bu gün kədərimi sevincim silir.
Günahımmı çoxdur, savabımmı çox,
Bunu başım üstə tək Allah bilir…

Bir il də ömürdən keçdi beləcə,
Yaşayım bu ömrü gərək firavan.
Elə yaşayım ki, asan olsun iş,
Sonuncu mənzilə köçdüyüm zaman….

SONUNCU BAHAR

Mən səni isti bir günəş sanırdım,
Sən verdin ömrümə çovğunu, qışı.
Yox, bunun günahı səndə deyil ki,
Əzəldən belədir bəxt, yaranışım.

Elə ki ayrılıb tərk etdin məni,
Sızladı könlümün ən sarı simi.
Mən səni başqa bir eşqlə sevmişdim,
Ürək sevə bilmir daha heç kimi.

Bəlkə sevməyimlə günah etmişəm?!
Düşünmə haçansa əhv olaram mən.
Eşitsəm ki bir gün yadın olmusan,
Gülüm, həmin günü məhv olaram mən.

Mən sənə söz verdim xoş bir gələcək,
Yox idi başqa bir niyyətim mənim.
Deyiblər ki vardır hər işdə xeyir
Bəlkə ayrılıqmış qismətim mənim?!!

Sevindim səninlə, güldüm səninlə,
Ağladım hər zaman acı, ağrına.
Bircə təsəllidir o şəkillərim,
Öpüb doya-doya get bas bağrına.

Ayrıldıq, söylədin dost qalaq gərək,
Özümü bu odda yaxa bilmərəm.
Mən ki ürəyimlə sevmişdim səni,
Sənə dost gözüylə baxa bilmərəm.

Mən sənə sevgimlə gül-çiçək əkdim,
Soldurdun əlinlə həmin o bağı.
Dostluq nə zamansa sevgiyə dönər,
Sevgi necə dönsün dostluğa axı?!

Sızlatdın qəlbimin yaralarını,
Qaysağı da qopdu, qanı da sızdı.
Daha qarşılaya bilmərik yazı,
Bu bizim sonuncu baharımızdı.