
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru.
Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telefonda görsəm?!
Mikayıl Müşfiq
Nə Leylilər bitib bu dünyada, nə Məcnunlar. Nə Əslilər yox olub, nə Kərəmlər. Nə də Şirinlə Fərhadın hekayəsi zamanın yaddaşından silinib. Sadəcə dövr dəyişib.
Bir vaxtlar sevənlər uzun yollar aşır, aylarla, bəzən illərlə xəbər gözləyirdilər. Həsrətlər məktublara köçür, gecələr şeirlərə çevrilirdi. İndi isə məsafələr əvvəlki qədər uzaq deyil. İnsanlar istədikləri an bir-birinin səsini eşidə, üzünü görə bilirlər. Amma eşq dəyişməyib. O hələ də insanı gözlətməyi, darıxdırmağı, ümidlə yaşatmağı bacarır. Bəzən bir baxış üçün, bəzən bir söz üçün, bəzən də heç kimin anlamadığı bir telefon söhbəti üçün…
***
Axşam yenicə düşürdü. Göy üzünü örtən boz buludlar şəhərin üstünə ağır-ağır enir, xırda yağış damcıları tələsik addımlayan insanlar kimi bir-birini ötərək yerə düşürdü. Küçədən keçənlər addımlarını sürətləndirir, dükanların kölgəliyinə, avtobus dayanacaqlarına sığınmağa çalışırdılar. Nigardan başqa…
Nazik ev paltarı çoxdan islanmışdı. Çiyinlərinə tökülən saçları suyun ağırlığından daha da tündləşmiş, yanaqlarına yapışmışdı. Amma o, sanki bunların heç birini hiss etmirdi. Üzündə qəribə bir işıq vardı. İnsan yalnız çox sevdiyi birinə doğru gedəndə belə baxardı həyata.
Addımlarını gah sürətləndirir, gah da yavaşıdırdı. Elə bil görüşə tələsirdi. Ürəyi bədənindən qabaq qaçır, ayaqları ona çatmağa çalışırdı.
Küçə boyu düzülmüş işıqlar yağışın altında bulanıqlaşmış, hər tərəf xəyal kimi görünürdü. Nigar isə gözlərini qarşıdakı telefon köşkündən ayırmırdı. Onun üçün həmin an bu şəhərdə başqa heç nə yox idi. Bir azdan səsini eşidəcəkdi, bir azdan yenə onunla danışacaqdı, bir azdan ürəyində günlərlə yığılan sözləri bir-bir ona deyəcəkdi.
Dodaqlarına qeyri-ixtiyari təbəssüm qondu. Başını qaldırıb yağışa baxdı. Damcılar üzünə düşür, kirpiklərində inci kimi yığılırdı. Xoşbəxt idi. Uzun ayrılıqdan sonra sevdiyinə qovuşmağa gedən insanlar kimi…
Telefon köşkünün yaxınlığındakı dükanda iki gənc oğlandan biri oturmuşdu, digəri isə gələn müştərilərə xidmət göstərirdi. Elə həmin an dükandan çıxan son müştərini yola salan Elnurun gözü Nigara sataşdı. Onu görən kimi üzündəki ifadə dəyişdi, baxışlarına narahatlıq çökdü.
– Elnur, nə olub? – dostu təəccüblə soruşdu. – Kimdi o?
– Telefonumu ver.
– Nə baş verir?
– Tez ol, ver!
Oğlan masanın üstündəki telefonu Elnura uzatdı. Elnur tələsik kiminsə nömrəsini tapıb zəng vurdu:
– Alo… Cavid?
***
Nigar artıq telefon köşkünə çatmışdı. Dəstəyi götürüb qulağına apardı və üzü işıqlandı.
– Sevgilim… Nəhayət səsini duydum. Çox darıxmışdım sənin üçün.
Yağış dəstəyin üstünə döyür, külək yaş saçlarını üzünə vururdu.
– Bilirsən, evdən qaçmışam. Telefonumu yenə alıblar. Ona görə buradan zəng edirəm. Heç istəmirlər danışaq. Bilmirəm nə baş verir…
Uşaq kimi güldü.
– Amma mən yenə də sənə yol tapıram.
Bir neçə saniyə susdu.
– Bəs sən? Sən də darıxmısan?
Dodaqlarındakı təbəssüm bir az da böyüdü.
– Bilirəm…
Sonra uzaqlara baxaraq davam etdi:
– Bizim yerdə artıq başqa sevgililər gəzir. Hərdən onlara baxıb paxıllığım tutur. Bəyaz paxıllıq… Yadındadır? İlk dəfə əlimi tutanda bizi Cavid görmüşdü. İlahi, o nə gün idi…
Bərkdən gülərək əlini ağzına apardı.
– Yelləncəyə də minərik sən gələndə? Ən son səninlə minmişəm. O gündən sonra heç minməmişəm.
Səsi asta-asta titrədi.
– Darıxmışam, Murad. Çox darıxmışam. Ən çox sənin üçün. Səsin üçün, gözlərin üçün, adımı çağırmağın üçün…
Bir damcı yanağından aşağı süzüldü. Yağış damcısı idi, yoxsa göz yaşı – ayırd etmək mümkün deyildi.
– Sənin sevdiyin peçenyelərdən də bişirmirəm. Deyirəm sən gələndə bişirərəm, birlikdə yeyərik. Anama da qoymuram bişirməyə.
Sonra birdən nə isə xatırlamış kimi dedi:
– Sizinkilərə zəng vurmaq istədim. Dedilər köçüblər. Hara köçüblər? Səni gözləməyib köçüblər…
Bir anlıq susdu, sonra başını yüngülcə tərpətdi.
– Murad… Nə vaxt gələcəksən?
Arxadan bir səs eşidildi:
– Nigar…
Qız çevrildi.
– Cavid…
Qardaşı ona yaxınlaşdı. Baxışlarında yorğun və dərin bir kədər vardı.
– Danışdın?
– Danışdım…
– Gedək evimizə, quzum. Soyuqlayacaqsan.
Nigar bir neçə saniyə dəstəyi əlində saxladı. Baxdı, baxdı… Sonra asta-asta yerinə asdı. Qaşları düyünləndi, gözləri doldu, küsən uşaq kimi dodaqlarını büzdü.
– Cavid…
– Hə?
– Murad gələcək, elə deyil?
Cavid gözlərini yayındırdı. Cavab vermədi. Sadəcə gödəkcəsini çıxarıb bacısının çiyinlərinə örtdü. Yağış altında yanaşı addımlayaraq uzaqlaşdılar. Bir az aralıdan onları izləyən Elnur isə uzun müddət arxalarınca baxdı. Yanındakı dostu nəhayət marağını gizlədə bilməyib soruşdu:
– Kimdir bu qız? Niyə onu görcək zəng vurub xəbər verdin?
Elnur uzaqlaşan iki kölgəyə baxaraq dərindən ah çəkdi. Yağışın altında getdikcə kiçilən həmin kölgələr sanki bütün dünyanın kədərini daşıyırdı.
– Murad mənim sinif yoldaşım idi. İkinci Qarabağ müharibəsində şəhid oldu. Nigar isə onun sevdiyi qız idi. Nişanlanacaqdılar, evlənəcəkdilər… Telefonla isə Muradla danışır…
Yağışın altında uzaqlaşan Nigar dönüb son dəfə telefon köşkünə baxdı. Sanki orada yarımçıq qalmış bir görüş, deyilməmiş bir söz, yaşana bilməmiş bir ömür vardı. Bəlkə də o da bütün ömrünü heç vaxt tamamlanmayacaq bir telefon söhbətinin davamını gözləməklə keçirəcəkdi.
Bir cavab yazın