Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Dözdük bu həsrətə, bu iztiraba
Batdı qəlb naləyə, bu ahu-zara
Geyindi sevgimiz əyninə qara
Sevib-sevilərək ayrıldıq, gülüm…
Nə bilə bilərdik bir gün gələcək
O gülən gözlər də qəlb inlədəcək
Bilməzdik ömrümüz hədər gedəcək,
Sevib-sevilərək ayrıldıq, gülüm…
Dözdük soyuq qışa, isti bahara,
Heç önəm vermədik danışanlara,
Kaş dönə biləydik yaşananlara…
Sevib-sevilərək ayrıldıq, gülüm…
Hicran ayrı salsa da, bax səni məndən,
Qopara bilmədi, səni sevgimdən.
Ayırmasa da, inan, səni qəlbimdən,
Sevib-sevilərək ayrıldıq, gülüm…
Sənə arzum çoxdu, dedim, bitmədi,
Arzum puça döndü, kama yetmədi,
Adımız dillərdən heç silinmədi,
Sevib-sevilərək ayrıldıq, gülüm…