Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.

Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.

Muğam Mərkəzində davam edən tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq ölkəmizdə memarlığın keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarix-memarlıq abidələri bərpa edilir.

Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına təbrik  məktubunu oxuyub. 

Mədəniyyət naziri Anar Kərimov çıxışında nazirliyin Memarlar İttifaqı ilə uzun illərdir davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan hələ min illər əvvəldən tarixi abidələrə malik olmuş, bu da xalqımızın nə qədər inkişafda olduğunun göstəricisidir. Bu ənənələr davam edərək müasir dövrə qədər gəlib çatıb. 

Nazir, həmçinin diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi olaraq biz daima Memarlar İttifaqı ilə birgə işləyir və dəstək oluruq: “Son bir il ərzində ittifaqla bir neçə layihəmiz reallaşdırılb. Tarix-memarlıq abidələrinin reyestrinin elektonlaşdırılması məqsədilə ittifaqla işçi qrup çərçivəsində sıx əməkdaşlıq etmişik. Bu gün bu proseslər və islahatlar müzakirə edilir. Onlar da bu işə öz töhfələrini verirlər. Bu ilin iyun ayında Memarlar İttifaqı ilə Ağstafada konfrans keçirildi. Regiondakı abidələrə baxış oldu. Bu ənənənin bundan sonra da davam etdirilməsi planlaşdırılır. Belə ki, Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağımızda  quruculuq işləri başlanılıb. Bu quruculuq işlərində memarlarımızın da üzərinə məsuliyyət düşür. Həmin ərazilərdə mədəni abidələrimiz və müəssisələrimizin əksəriyyəti dağıdılıb. Burada üzərimizə düşən vəzifə bu abidələri bərpa edərək yeni nəslə ötürməkdir”.

Daha sonra nazir Memarlar İttifaqının sədri Elbəy Qasımzadəyə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilən kitabları hədiyyə edib. 

Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin fəxri fərmanları təqdim edilib. 

Qurultay öz işini hesabatların dinlənilməsi ilə davam etdirib.

Mənbə: https://culture.gov.az/