Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 9-da Əməkdar incəsənət xadimi, Fəxri Mədəniyyət işçisi, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovla görüşüb.
Sərdar Fərəcovu 65 illik yubileyi münasibətilə təbrik edən nazir onun musiqi sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb.
Bildirib ki, yubilyar sənətkar Azərbaycan mədəniyyətini, musiqi sənətini respublikada və xaricdə təbliğ edərək bir neçə sərgilərin və konsertlərin təşkilatçısı və iştirakçısı olmuş və özünü fəal, təşəbbüskar və işgüzar rəhbər kimi göstərmişdir. Sərdar Fərəcov müxtəlif illərdə 50-dən çox tamaşaya musiqi bəstələyərək musiqi sənətinin inkişafına töhfələrini vermişdir.
Sonda nazir yubileyi münasibətilə Sərdar Fərəcova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.
Sərdar Fərəcov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.
Mənbə: https://culture.gov.az/