Aysel XANLARQIZI.”Qavroş tənhalığında”


Qavroş tənhalığında
səfilliyi yaşayıram,
Fil heykəlində
isinməyə çalışan ümidləri
Fantinanin doğum ağrılarına
daşıyıram…
Özümdən böyük
ömür yükü ilə
qorxulu gecələrin
vahiməli tənhalığından keçirəm.
Yuxularım katorqalı bir məhkumun
arzuları qədər az və ağrılı,
insanlıq “Yepiskopdan”
bagışlanmaq istəmək
qədər qayğılı…
Oyanıb
qoynuma buraxılan
gəlincik sevinci yaşamaq həsrətiylə
yeni üfüqlərə can atmaq istəkliyəm,
Talesiz misralarda
küskün bir ruham,
həsrəti
cildlənmiş sabaham…
Ömür,
göz qapaqlarım arasında
intihara
yol gedir….
Arzular zədə alanda
yalnızlıq da qoşun çəkir,
savaşır düşüncələr də
hətta,
Görən səfilliyin nə olduğunu
mənim kimi bilirmi
Kozetta???

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir