12091354_1653537131524991_3860076084131834097_o

DOST-TANIŞIM,SİRDAŞIM

Hey dolandım pərvanətək yaxınların başına,
Göz dikmədim bir kimsənin çörəyinə,aşına.
Rast gəldikcə zəmanənin çəpgözünə,çaşına,
Kipriyimdə gilələndi muncuq-muncuq göz yaşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

Ötən günlər düşür yada,qovruluram,yanıram,
Çərxi-fələk durmaz belə,yenə dönər,sanıram.
Mən arifəm hər kəlməni anlayıram,qanıram,
Gözüm görür,qulaq duyur,pozulmayıb yaddaşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

Gün var idi qonardılar milçək təkin şirəyə,
Nə bir ləkə,nə də bir xal düşməz idi ürəyə.
Tərif ilə ev yıxdılar,sığal çəkib kürəyə,
Yuxa ürək olmağımdan ağrıyıbdır hey başım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

Qarışqalar olubdular nəhəng filin qənimi,
Riyakarlar,simasızlar artırıbdır qəmimi.
Təlatümlər,fırtınalar parçalayıb gəmimi,
Mən yelkənsiz hər limana axı necə yanaşım?-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

Olmayıbdır qəbahətim,əyri sözüm,yalanım,
Üzü dönən zəmanəmi?-yoxdur yada salanım.
Hey fikirdir,hey xəyaldır dönməz, sadiq qalanım,
Ağır olub nankorların qafasına hər daşım-
Görən niyə vəfasızdır dost-tanışım,sirdaşım?!

06.12.2015.

XOŞ XATİRƏLƏR

Çoxsaylı dostların xahişi ilə

Yenə qanadlandı xatirələrim,
Xəyalım dördnalla o kəndə çapdı.
Aybəniz,şirindil,vəfalı pərim,
Nərbənd dibindəki O,gənci tapdı.

Sınayıb nərbəndin iradəsini,
Gövdədə qazmışdıq öz adımızı.
Cahilcə oyaraq nər sinəsini,
Ona tapşırmışdıq pak sevdamızı.

Sevdalı günlərdən titrək xatirə…
-Baxışdan,cilvədən oynardı ağıl.
Kaş xəyal hər zaman ora götürə,
Hər anı,məqamı sehirli nağıl.

Tutardıq əl-ələ,donardı zaman,
Baxışlar deyərdi ürək sözlərin.
Kipriklər ox idi,qaşlarsa kaman,
Keşiyin çəkərdi xumar gözlərin…

Xəyallar kövrəltdi,göynətdi məni,
Gözümdən incilər,dürrlər ələndi.
Üşütdü qəlbimi saçımın dəni,
Ruhum da,canım da qəmə bələndi.

Beləcə keçmişdi saysız görüşlər,
Qoca nərbənd şahid o əhd, ilqara.
Fələyin hökmüylə tərs döndü işlər,
Atıldıq zər kimi gör hardan-hara…

Yenə qanadlandı xatirələrim,
Xəyalım dördnalla o kəndə çapdı.
Aybəniz,şirindil,vəfalı pərim.
Nərbənd dibindəki O,gənci tapdı…

05.12.2015.