XƏYALLAR
Sənsizliyim bu gün saçın yolubdu,
Göz yaşlarım axıb qəlbə dolubdu.
Ümüd yerim saralıbdı, solubdu,
Yoluna gözünü dikir xəyallar.
Dolanıb gözündə yuxun mən ollam,
Səpilib üstünə qoxun mən ollam.
Sənə yaxından da yaxın mən ollam,
Ağlayıb göz yaşı tökür xəyallar.
Sevgi dənizinə atdım özümü,
Məhəbbət odunda çatdım özümü.
Sən olan həyata qatdım özümü,
Bağrımda lalələr əkir xəyallar.
Ömrümü bələdim, sənin ruhunla,
Çəkdim ciyərimə ətir qoxunla.
Tanrının verdiyi azın, çoxunla,
Ölümsüz bir qala tikir xəyallar.
05.12.2015
KÜSDÜRMƏ NOLAR
Dərdini de, ürəyimə toxunma,
Qəlbini qəlbimdən küsdürmə nolar.
Həsrətini, hicranını ver mənə,
Gözümü könlündən küsdürmə nolar.
Qopar içimdəki bu intizarı,
Yaşat könlümdəki bu ahu-zarı.
Allah xatirinə, sən etmə barı,
Gözümü könlündən küsdürmə nolar.
Küsdür misraları, küsdür sözündən,
Yağışı selindən, odu közündən.
Aşığı sazından, məni özündən,
Gözümü könlündən küsdürmə nolar.
Çıxart xəyalların içindən məni,
Oxşa saçlarıma əkdiyin dəni.
Küsdür dağlarından dumanı, çəni,
Gözümü könlündən küsdürmə nolar.
28.11.2015