“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

***

sığındığım köşəyə
rəsmini Tanrı çəkmiş…
qorxma dərdim üşüyə,
dərdə qoxunu səpmiş…

Bəlkə unutdun sən də
mənim kimi o toyu?
bəxtmi unutdu səndə
o buxunu, o boyu?

saçındakı dənləri
bağla qızıl üzüyə…
göndər gələn-gedənlə
bəlkə ömrü bəzəyə…

* * *

bütün ayrılıqlar doğma…
bütün xoşbəxtliklər yad…
səninlə yaşanan hər nə varsa
adını qoymağa çalışma…
heç məndən də soruşma…
adı üstündə yazılı: HƏYAT…

bağırma, çağırma…
sükutunu qucaqla…
dərdini bas bağrına…
bir də görərsən ki,
qapın döyülür…
pəncərəndən pıçıltılar tökülür-
gecikmiş “Bağışla” adıyla…

yalan demirəm sənə…
İnanmasan da olur…
daha eynimə gəlmir
məni necə bilirsən…
daha əynimə gəlmir
“qadın nazı”… Bilirsən…

bütün səssizliklər haray…
bütün anlayışlar fəryad…
səninlə yaşanan hər nə varsa
adı üstündə yazılı: HƏYAT…